Tofiq Bayramın böyük bacısı vəfat etdi – Şeir

Müəllif: Redaktor

Editor

publika.az1418716939tofiq-bayramDünən Azərbaycanın tanınmış şairi, əməkdar incəsənət xadimi Tofiq Bayramın böyük bacısı, məşhur pedoqoq Elmira Bayramova vəfat edib. Sabah “Təzə Pir” məscidində tələbələrinin sevimli müəllimi, şair qızı adını şərəflə davam etdirən Elmira xanımın 3 mərasimi keçiriləcək.

Elmira Bayramovanın vəfatı ilə əlaqədar bacısı, ölkənin tanınmış siyasi xadimlərindən Svetlana Bayramova başda olmaqla, Bayramovlar ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Dəyərli şairimiz Tofiq Bayramın Elmira xanıma ithaf etdiyi məşhur “Vağzalı çalınır” şeirini təqdim edirik:
Tofiq Bayram – “Vağzalı çalınır, anam ağlayır”

(Bacım Elmiraya ithaf edirəm)

Duvağa bürünüb yola düşürsən,

Qonşular telinə çiçək bağlayır.

Ay bacım, sən haldan-hala düşürsən,

Vağzalı çalınır, anam ağlayır.

O, nələr etmədi toyunda, nələr

Bu həsrətin yeri nə tez bilindi?

“Vağzalı” çalınır, son dəqiqələr…

Özgə bir yuvaya köçürsən indi.

Köçürsən üzüağ, məğrur, həyalı,

Gedirsən könlünü verdiyin yerə.

Buydu anamın da fikri, xəyalı,

Bəs niyə kövrəlir o birdən-birə?

Ortada quş kimi süzür gəlinlər,

Qızlar oğrun-oğrun yar soraqlayır.

Gülür, fərəhlənir toya gələnlər,

Vağzalı çalınır, anam ağlayır.

Xeyir-dua verir kiçik bacılar,

Dərindən ah çəkir böyük qardaşım.

Atanı dövrəyə alır qocalar,

Qapıya söykənir bəzəkli maşın.

Göz yaşı inci tək qonur sinənə,

Getmək istəyirsən, o qucaqlayır.

– “Ay qızım, xoşbəxt ol!” – söyləyir sənə,

Vağzalı çalınır, anam ağlayır.

Bir evdən bir evə səadət gedir,

Biri yola salır, biri səsləyir.

Bir ana qızını burda ləngidir,

Bir ana həsrətlə gəlin gözləyir.

Otaqda boş qalır gümüş çarpayın,

Küncdə bir kitabı yel varaqlayır.

Naxışlı fincanda soyuyur çayın,

Vağzalı çalınır, anam ağlayır.

Ona təskinlik də gərək deyildir,

O göz yaşlarında sevinc var, bacım.

Səadət həmişə gülmək deyildir,

Ana qız toyunda ağlayır, bacım.

Gedirsən ən şirin arzu-kam kimi,

“Vağzalı” çalınsın, get yavaş-yavaş.

Dünyada hər ana öz anam kimi

Bircə toy günündə ağlayaydı kaş!


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır