Ads by Google

hightechnic
Ads by Google

Günay Arda

İşğal və hücum tarix üçün adi hadisədir. Hadisə dirənişdir. Xalqın torpağı üçün dirənişidir. İğdır dirəniş rəmzidir.

Nəhəng Osmanlı İmperiyasına qatılan sonuncu Səfəvi torpağıdır. İğdır erməni və rus hücumlarına dirəniş göstərib. Azərbaycanlılığını, azərbaycanlı adətlərini saxlamaq üçün dirəniş göstərib. Dədə-baba torpaqları İrəvandan zorla qovulan azərbaycanlılara İğdır qanad gərib, İrəvan dərdini unutdurmağa çalışıb.

Bu torpaqları ermənilər dəfələrlə qan gölünə çevirib. İğdırda toplu məzarlıq görmək adi hadisədir. Ermənilər İğdırdakı azərbaycanlı ailələri diri-diri evlərə doldurub, od vurub, qundaqdakı körpələri quyulayıblar. Sağ insanların gözləri oyulub, övladları gözlərinin önündə qurbanlıq quzu kimi kəsilib. İğdır sınmayıb, bölünməyib, dağılmayıb, parçalanmayıb.

İğdır mənim üçün həm də Nazim Qaradağlıdır (Qasımov). Nazim əminin əcazaxanası iğdırlıların son ümid yeridir. Gözdən uzaq, könüldən iraq bu Azərbaycan torpağı doğru-düzgün dərmanla təmin edilmir. “Metsamor” AES-in Araz çayına buraxdığı tullantılar sayəsində İğdırda əlil, xərçəng xəstələrin sayı hər gün artır. Nazim əmi bütün İğdırın dərman üçün üz tutduğu ocaqdır.

Nazim Qaradağlı ASİMDER kimi erməni yalanları ilə mübarizə aparan qurumun yaradıcısıdır. Təhlükə və hədə-qorxulara baxmayaraq, təşkilat bu günə qədər dirəniş göstərir.

Nazim əmi bütün itirilmiş Azərbaycan torpaqlarıdır. Yaşının ahıl vaxtında tarix, millət üçün hər şeyə qadirdir. Siz onun gözünün içindəki ümid parıltını üzü İrəvana dayananda görəsiniz…

Nazim əmi ermənilərlə dostluqdan danışanda təmkinini pozmur. Deyir ki, aradakı məsafə çox azdır. Dostluğa can atan ermənilərlə ünsiyyətə girmək onun üçün çətindir. Ermənilərin divan tutduğu, diri-diri doğradığı ailələrdən biri də Qasımovlar ailəsidir: “Bir erməni vardı. Həkim idi. Elə hey deyirdi, dostluq edək. Günlərin birində dedi ki, məni Ağrıya apar. Yolu tanımıram. Ağrıdan bir daş götürüb, atamın qəbrinə aparacağam. İrəvana… Həmin erməni ilə son söhbətim oldu. Ağrıdan bir daş belə verə bilmərəm. Dədəmin torpağına həsrət qalmışam. İrəvanı atamın dedikləri qədər bilirəm. Dədəmin torpağında yaşamaq mənim haqqım idi…”

Nazim əmi sərhədlər açılandan sonra ilk dəfə Naxçıvana getməyindən danışır. Ailə başçısı ona deyir ki, sənə qəribə gəlməsin… Bizim bir arzumuz var, bu gün çin çıxıb. Türkiyədən gələn türk görürük. İllərin həsrətlisiyik. Ailədə hamı gəlib sənə toxunmaq istəyir, əlini vurmaq istəyir. Naxçıvanlı ailədə hamı bir nəfər kimi əlini Nazim əminin yaş axan üz-gözünə toxundurur. Bu səhnəni düşünəndə insanın ağlından Azərbaycan torpaqları arasında çəkilmiş amansız sərhədləri çeynəmək keçir.

Nazim əmi Azərbaycan Milli Ordusuna 3 tır dərman yardımı göstərən ilk insandır. Sərhədi keçən kimi “Açarları yalnız Heydər Əliyevin göndərdiyi adama təhvil verə bilərəm” deyib: “Çox pis dövr idi. Biz tərəfə keçən hərbçi həkim ağlayıb dedi ki, əsgərləri keyidici olmadan əməliyyat edirəm. Gənc əsgərlərin ağrının şokundan əlimdə keçinməsi məni infarkt etdi. İndi yarımcanam, işləyə bilmirəm. Üç “tır” dərmanla Naxçıvana üz tutdum. Başıma nə gələcəyini bilmirdim. Amma Azərbaycanda vəziyyətin ağır olduğunu bilirdim. Odur ki, dərmanları yalnız Heydər Əliyevin göndərdiyi adama etibar edib İğdıra döndüm”.

İğdırın mərkəzində Heydər Əliyevin barelyefi olan park var. Park baxımsız vəziyyətdədir. Ötən seçkilərdə qalib olmuş HDP-li bələdiyyə sədri isə parkın sökülməsi ilə bağlı proektin hazır olduğunu deyir. Parkda yenidənqurmadan sonra Heydər Əliyevin barelyefinin olacağı və Ümummilli Liderin adını yenə daşıyacağı sual altındadır. Bələdiyyə sədri bu xərcləri qarşılamaqdan imtina edir.

Ağrının daşını erməniyə vermək istəməyən iğdırlılar aciz qalıb. Bu məbləği ödəmək iqtidarında deyillər. Əhalisinin doxsan faizinin azərbaycanlılardan ibarət olduğu bu şəhərdə Heydər Əliyev parkının olması birmənalı şəkildə şərtdir.

Başı müğənni və aparıcıların qalmaqallarına qarışan oxucu, itirdiklərimizin sayı-hesabı yoxdur. İndi payız fəslidir. Qarakilsədə yarpaqlar narıncıdır, Dilicanda qan qırmızısı, İrəvanda sapsarı… Göyçədə soyuqdur, yəqin ki, solub, tökülüb. Sən isə bütün bunlara həsrətsən. Cənnəti qeyri-məlum dünyada axtarırsan. Biz isə cənnətimizi bu dünyada itirmişik.

Yenə payız gələcək, yenə dünya rənglənəcək. Biz o torpaqların payızını yenidən görəcəyikmi?

İğdırlı Ağrının bir daşına belə xəyanət etməyib. Heydər Əliyev o torpaqların yetişdirdiyi ən böyük dəyərdir. İğdırlı haqq etdiyi həyatı yaşamır. O, hər səhər oyanıb, İrəvandan gələn əmisi oğlunu qarşılamalı idi. Darıxanda İrəvana qonaq getməli idi. İğdırlı bütün bunlardan məhkumdur. Bütün bunlara həsrət qalan iğdırlı hər səhər o həsrəti Heydər Əliyev parkına getməklə toxdadır. Heydər Əliyev parkı İğdırda yalnız park deyil, nəfəslikdir.
İğdırda Heydər Əliyev abidəsi yenidən ucaldılmalıdır. Ən azından ona görə ki, İğdırla İrəvanın arası çox qısadır. İğdırlının hər gün toxunduğu azərbaycanlı mütləq olmalıdır…

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1128
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."