“TQDK ləğv edilsin” – Təhsil eksperti

Müəllif: Baş Redaktor

Baş Redaktor

1452330336Məhərrəm Zülfüqarlı: “Düşünürəm ki, TN ilə TQDK-nın birləşdirilməsindənsə, ikincinin birbaşa ləğv edilib, qəbul prosesini universitetlərin ixtiyarına verməyin artıq zamanı yetişib”

Son zamanlar ölkədə yaşanan böhranla bağlı olaraq bir sıra nazirlik və idarələrin birləşdirilməsi məsələsi gündəmə gəlib. Bu fonda bir çoxları təklif edir ki, Təhsil Nazirliyi (TN) ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) da birləşdirilsin və bu birləşmədən yaranan qurum Elm və Təhsil Nazirliyi adlandırılsın. Qeyd edək ki, bu məsələyə də birmənalı fikir yoxdur. Bir çoxları TQDK-nın TN birləşdirilməsinin əleyhinədir.

Amma daha fərqli düşünənlər də var.

Belə ki, Yenicag.az-a açıqlamasında təhsil eksperti Məhərrəm Zülfüqarlı sözügedən birləşmənin əleyhinə olduğunu bildirdi. Əvəzində, o, TQDK-nın ümumiyyətlə ləğv edilməsinin zamanı yetişdiyi qənaətindidir: “İndiki dövrdə müəyyən lazım olmayan və yaxud bir-birini təkrarlayan qurumların ixtisarına həqiqətən də ehtiyac vardır. Zənnimcə, TQDK keçid dövrü üçün müsbət işlər görsə də, hazırda müəyyən mənada öz funksiyasını itirmiş təəssüratı yaradır.  Keçid dövründə ali məktəblərə qəbul prosesində mövcud olan neqativ hallar aradan qaldırılmalı idi ki, normal ölkələrdə olduğu kimi tələbə qəbulu prosesi universitetlərin özlərinə verilsin. Hazırda görürük ki, TQDK-nın qəbul şərtlərini daha da sərtləşdirməsi, azərbaycanlı gənclərin atestatla qonşu ölkələrin universitetlərinə axın etməsinə gətirib çıxarır. Bu da gələcəkdə Azərbaycan ali məktəblərinin tələbəsiz qalmasına səbəb ola bilər. Ona görə də fikrimcə, TN ilə TQDK-nın bir qurumda birləşdirilməsi yox, ikincinin öz funksiyasını tədricən başa vurması istiqamətində düşünmək lazımdır. TQDK bir qurum olaraq artıq aradan qaldırılmalıdır. Qəbul prosesi də ali məktəblərin özlərinə həvalə edilməlidir, bir şərtlə ki, təhsilin keyfiyyəti artırılsın.  Qəbul prosesi universitetlərə verilsə, onlar kənd-kənd, rayon-rayon gəzib, abuturiyentləri öz təhsil ocaqlarına cəlb etməklə təhsil planlarını da doldura bilərlər. Bütün bunlara görə, düşünürəm ki, TN ilə TQDK-nın birləşdirilməsindənsə, ikincinin birbaşa ləğv edilib, qəbul prosesini universitetlərin ixtiyarına verməyin artıq zamanı yetişib”.

ELÇİN



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır