Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp uzun müddətdir ki, haqqında danışılan ABŞ-İran məxfi əməkdaşlığının mövcudluğunu təsdiqləyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dövlət başçısı statusunda ABC telekanalına ilk müsahibəsində sələfi Barak Obamanın İraqla bağlı siyasətini kəskin tənqid edib. Tramp ABŞ-ın İraqdan çıxmaq qərarının səhv olduğunu deyərək, Obamanın bu addımı ilə İraqı İrana təslim etdiyini bildirib:
“İran və İraq hərbi imkanları bir-birilərinə bərabər olan iki ölkə idi. Neçə il müharibə apardılar, bu gün də aralarında qarşıdurma var. Ancaq ABŞ səhv addım ataraq, İraqa girdi və daha sonra o ölkəni İrana təslim etdi. Ölkəyə daxil olduqdan sonra oranı tərk etmək yanlış idi. Bununla İraqda yaranan boşluğu İran və İraq-Şam İslam Dövləti (İŞİD) doldurdu”.

Qeyd edək ki, Tramp hələ prezident seçkilərindən xeyli əvvəl də Obama hakimiyyətinin Yaxın Şərq siyasətini sərt şəkildə tənqid edirdi. Respublikaçıların prezidentliyə namizədi olan Tramp İŞİD-in yaradılmasını və güclənərək, Yaxın Şərqdə ciddi faktora çevrilməsini Obama-Klinton duetinin “əl işi” adlandırırdı. Bu fikirlərində israrlı olan Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ın xarici siyasətində əsaslı dəyişikliklər edəcəyini bildirirdi. Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Tramp prezident statusunda atdığı ilk addımlarla seçkiqabağı vədlərini yerinə yetirmək əzmində olduğunu göstərib. Onun yuxarıda bəhs olunan telemüsahibəsində ABŞ-İran gizli əlaqələrindən bəhs etməsi 45-ci prezidentin “Obama sistemi”ni dağıtmaq üçün hərəkətə keçdiyini təsdiqləyir.

Bununla belə, Trampın xüsusilə, ABŞ-ın xarici siyasətində elan etdiyi dəyişiklikləri reallaşdırmaq planlarının asanlıqla həyata keçməyəcəyi indidən müşahidə olunmaqdadır. Yeniçağ.Az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, ötən gün ABŞ Dövlət Departamentinin rəhbər personalına daxil olan bütün şəxslər istefaya getdiklərini bəyan ediblər. Onlar Trampın dövlət katibi postuna namizədi Tillersonun Dövlət Departamentinin binasına gəldiyini öyrəndikdən sonra istefa qərarını birlikdə açıqlayıblar. Bildirilir ki, ABŞ xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayan təcrübəli diplomatlar Trampla işləmək istəmədikləri üçün bu addımı atıblar. İstefa verənlər arasında 9 ildir Dövlət Departamentinin baş müşaviri olan Patrik Kennedi, dövlət katibinin müavinləri Coys Enn Barr, Mişel Bon, xüsusi məsələlər üzrə səfir Gentri Smit və digər diplomatlar var. Bir sıra təhlilçilər keçmiş administrasiyanın kadrları sayılan həmin diplomatların kütləvi istefasını Trampa qarşı ilk ciddi təzyiq aksiyası kimi qiymətləndiriblər. Onların fikrincə, Tramp qarşıdakı günlərdə dahi bir neçə oxşar “sürpriz”lə qarşılaşa bilər. Lakin Trampın bu təzyiqlər qarşısında geri çəkilməsinin inandırıcı olmadığı da xüsusi vurğulanır.

Obama dövründə dərinləşən ABŞ-İran məxfi əməkdaşlığının mövcudluğunu təsdiqləyən Donald Trampın bu barədə açıq mətnlə danışmasını Yeniçağ.Az-a şərh edən araşdırmaçı-yazar Aqil Ələsgər bildirib ki, yeni prezident bu mövqeyinə görə “Dərin Amerika”nın ciddi təzyiqləri ilə üzləşib:

“Əslində, Donald Trampın bu çıxışı məlum həqiqətləri əks etdirir. Uzun müddətdir ki, mətbuatda bu barədə kifayət qədər açıqlamalar verilib və yazılıb. Hətta İranın keçmiş prezidenti Rəfsəncani də hələ o vaxt bildirmişdi ki, ölkəsi 2001-ci ildən sonra Əfqanıstanda “Taliban”a qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edib. Keçmiş prezidentin sözlərinə görə, İran “Taliban” liderlərinin hərəkət trayektoriyasına dair kəşfiyyat məlumatlarını da Amerikaya ötürüb. Bu məqam göstərir ki, ABŞ-la İran özlərini zahirdə barışmaz düşmən kimi göstərsələr də, bu ölkələr pərdə arxasında sıx əməkdaşlıq edirlər. ABŞ-la İranın gizli əməkdaşlığı İraq, Suriya, Yəmən proseslərində də özünü qabarıq göstərdi. Konkret olaraq, Yəməndə vətəndaş müharibəsinin gedişində Obama iqtidarı husilərə münasibətdə ənənəvi müttəfiqi Səudiyyə Ərəbistanından fərqli siyasət yürütməklə, faktiki olaraq İranın üstünlük əldə etməsinə şərait yaratdı. Yəni ABŞ Yəməndə elə bir ssenari qurdu ki, İran əsas düşmənlərindən biri hesab etdiyi Səudiyyə Ərəbistanının sərhədlərinə yaxınlaşmaq imkanı qazandı. Digər tərəfdən hesab edirəm ki, Trampın bu açıqlamaları ABŞ-ın xarici siyasətində artıq anonsu verilmiş dəyişikliklərin həyata keçiriləcəyinə əminlik yaradır. ABŞ Dövlət Departamentindən kütləvi istefalarla bağlı onu deyə bilərik ki, Trampın ölkənin xarici siyasətində həyata keçirtməyə çalışdığı yeniliklərə qarşı ciddi müqavimət var. Belə görünür ki, “Dərin Amerika” Trampın Obama dövründən qalan xarici siyasət kursunu davam etdirməsi üçün bütün vasitələrdən yararlanmaqdadır. Onu da qeyd etmək lazımdır ki, Trampın Meksika və qitənin digər ölkələri ilə bağlı müəyyən çətinliklərlə üzləşəcəyi gözlənilir. O baxımdan, Trampın hakimiyyətdəki ilk ilini bu kimi problemlərin həllinə sərf edəcəyini düşünürəm. Bundan başqa, xatırlayırsınızsa, Tramp hələ prezident seçilməzdən əvvəl İŞİD-in yaradıcısının məhz Obama olduğunu bir neçə dəfə dilə gətirmişdi. Yəni o, İŞİD-in yaradılmasında birbaşa CIA-yı ittiham etmişdi. Trampın səlahiyyətlərinin icrasına başladıqdan sonra da Obamanın bütün sahələrə dair yürütdüyü siyasətin tənqidini davam etdirməsinə əsaslanaraq deyə bilərik ki, yaxın bir ildə ABŞ-ın özündə də çox ciddi dəyişikliklər baş verəcək.

Yenə əsas məsələyə qayıdaraq bildirmək istərdim ki, Obama dönəmində ABŞ-İsrail münasibətlərində zaman-zaman qabaran gərginliklərin əsas səbəblərindən biri də məhz ABŞ-la İran arasında qurulan gizli əməkdaşlıq idi. Trampın bu əməkdaşlığın mövcudluğunu açıq mətnlə bəyan etməsi də bir daha sübut etdi ki, Obama və CIA İranın ən yaxın müttəfiqləri olublar”.

Mövzunu Yeniçağ.Az-a dəyərləndirən politoloq Araz Aslanlı da bu fikirdədir ki, Obama dönəmində ABŞ-ın İraqı nəzərdə tutulan müddətdən daha tez tərk etməsi nəticə etibarilə, İranın işinə yaradı: “Əslində, 2001-ci ilin sonlarında ABŞ-ın İraqa növbəti müdaxilə məsələsi aktuallaşanda Birləşmiş Ştatların hakim elitasının buna yanaşması birmənalı deyildi. Xatırlayırsınızsa, o zaman İraqa müdaxiləni əsaslandırmaq üçün Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olamsı və digər səbəblər önə çəkilirdir. Eyni zamanda, İraqa yeridiləcək ABŞ hərbi kontingentinin orada nə qədər qalacağı də ciddi mübahisələrə səbəb olmuşdu. Digər tərəfdən, ABŞ-ın Səddam Hüseyn rejimini devirdikdən sonra İraqı hansı formada yenidən quracağı ilə bağlı da müəyyənlik yox idi. Yəni bilinmirdi, Səddamdan sonra İraq unitar dövlət kimi qalacaq, yoxsa parçalanacaq. Hərdən belə fikirlər də səsləndirilir ki, İraqda indiki vəziyyət məhz ABŞ-ın planının məntiqi nəticəsidir. Ancaq ABŞ-ın İraqı tərk etməsinin İŞİD və digər terror şəbəkələrinin önə çıxması məqsədi daşıdığını birmənalı şəkildə iddia etmək olmur. Bununla belə, fakt bundan ibarətdir ki, ABŞ-ın İraqı tərk etməsindən sonra İŞİD təşkilatlanıb meydana çıxdı və İranın İraqa təsiri gücləndi. İndi daha açıq görünür ki, ABŞ-ın bu addımı daha çox İranın işinə yarayıb. O baxımdan, Trampın öz çıxışlarında bu məqamı xüsusi qabartması əsassız deyil”.

A.Zeynalov

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."