!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp - Dərin Amerika savaşı: Prezidentin CIA ilə mübarizəsinin pərdəarxası

!Reklam – Yazi

Dünən and içərək səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp “Dərin dövlət”in təzyiqlərinə davam gətirə biləcəkmi?

Yeniçağ.Az xəbər verir ki, Birləşmiş Ştatlarda ötən ilin noyabrında keçirilmiş prezident seçkilərində qalib gələrək bütün proqnozları alt-üst edən respublikaçı Donald Tramp “start xətti”nə ciddi təzyiqlər altında çıxıb. Trampın gözlənilməz qələbəsinin ABŞ “Dərin dövləti”nin iradəsindən kənar baş verdiyi ehtimalını irəli sürən təhlilçilər yeni prezidentin işinin çox çətin olacağını bildirirdilər. Seçkilərdən cəmi bir neçə gün sonra ölkənin bütün ərazisində Tramp əleyhinə təşkil olunan aksiyalar Rokfeller ailəsinin nəzarətində olan “Dərin dövlət”in artıq hərəkətə keçdiyini söyləməyə əsas verirdi.

Respublikaçı namizədin qələbəsini qəbul etməyən kütlənin CIA tərəfindən təşkilatlandırılması və idarə olunması haqda deyilənlər Tramp üçün yaxşı heç nə vəd etmirdi. O baxımdan, Trampın and içməzdən əvvəl öz qələbəsindən imtina etmək məcburiyyətində qalacağını düşünənlərin bu qənaəti məhz CIA-nın dünyanın hər hansı ölkəsində istənilən ssenarini reallaşdırmaq potensialına əsaslanırdı.

Ancaq Trampı qazandığı qələbədən məhrum etmək planının həyata keçirilməsində CIA tək deyildi. Prezident seçkilərində demokratların namizədi Hillari Klintonu dəstəklədiyini gizlətməyən yəhudi əsilli milyarder, “narıncı inqilab”ların ideologu, təbii ki CIA ilə ciddi bağlılığı olan Corc Soros da antiTramp aksiyaların keçirilməsinə böyük pullar ayırmışdı. “Washington Times” qəzetinin yazdığına görə, “Demand Protest” şirkəti ABŞ-ın onlarla şəhərində təşkil olunan Tramp əleyhinə etiraz nümayişlərinin hər bir iştirakçısına 2 min 500 dollar ayırıb. Eyni zamanda, aksiyada iştirakın hər saatı üçün də 50 dollar ödənilib. İştirakçılarındavamlı “maaş” ala bilmək üçün ildə ən azı 6 etiraz aksiyasına qatılmalı olduqları da vurğulanıb. Sorosla bir sırada CIA və Pentaqonun dəstək verdiyi “Corporate America” şirkəti də Trampın qələbəsini qəbul etmədi və onun prezident kürsüsünə əyləşmədən “neytrallaşdırılması” planının icrasında ciddi fəallıq göstərdi. CIA-nın ciddi təsir imkanları altında olan “Hollivud” da Tramp əleyhinə kampaniyaya cəlb edildi. İş o həddə çatdı ki, hətta MKİ-nin keçmiş və indiki direktorları – Leo Panetta ilə Con Brennan da mətbuatda Tramp əleyhinə açıq çıxışları ilə respublikaçı namizədin reytinqini sarsıtmağa çalışdılar. CIA-nın antiTramp kampaniyasının əsas xəttini isə onun Rusiya prezidenti Vladimir Putinlə “cinayət ortaqlığı” ittihamı təşkil edirdi. İctimai rəyə belə təlqin olunurdu ki, Trampın seçkilərdə qələbəsi Putinin birbaşa dəstəyi sayəsində baş tutub. MKİ-nin rəsmi açıqlamasında yer alan bu ittihamdan sonra Barak Obamanın göstərişi ilə Rusiyanın 35 diplomatının ABŞ-dan çıxarılması da məsələnin “ciddi”liyini göstərmək məqsədi daşıyırdı.

Lakin Trampa qarşı dövriyyəyə buraxılan söz yığınından ibarət bəyanatlarda və sənədlərdə bir dənə də konkret fakta istinad olunmurdu. Bu səbəbdən də, ABŞ-ın bir sıra nüfuzlu nəşrləri və analitikləri CIA-nın bu canfəşanlığının “sabun köpüyü”ndən başqa bir şey olmadığını qəti şəkildə bəyan etdilər. Ancaq hazırladığı ssenarini reallaşdıra bilməyən, saxta raportları ilə öz nüfuzuna ciddi zərbə vuran CIA, belə görünür ki, dayanmaq fikrində deyil. Hər halda, qururumun direktoru C.Brennanın bir neçə gün əvvəl “FOX News” telekanalında Trampı “Ağıllı olmağa” çağırması CIA şefinin artıq kriminal ünsürlərə xas “racon kəsmək” tərzinə keçməsi kimi qiymətləndirilib. Öz növbəsində Tramp da borclu qalmayaraq, CIA-nı qeyri-peşəkarlıqda və saxtakarlıqda günahlandırıb.

Donald Tramp yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Bu isə o deməkdir ki, ABŞ-ın yeni prezidenti ilə ölkənin fövqəldövlət potensialını genişləndirməyə çalışan “Dərin dövlət” arasında qarşıdurma açıq müstəviyə çıxır. Hər halda, ABŞ-ın qlobal proseslərə həlledici təsir imkanlarını artırmasında israrlı olan “Dərin dövlət” Trampı bu niyyətin qarşısında əsas maneə kimi görür. Bu çərçivədə “Dərin dövlət”in əsas “silah”ı olan CIA də öz nüfuzu və təbii ki, büdcəsinin qeydinə qalaraq, Trampın zərərsizləşdirilməsi üçün bütün resurslarını işə salacaq. CIA-nın “Dərin dövlət”in dünya hegemonluğu planında birbaşa iştirakı qurumun öz əhəmiyyətini qorumaq və külli miqdarda büdcə vəsaitinə sərəncam vermək düşüncəsinin rolu şübhəsizdir. Çünki dünyanın bu və ya başqa regionunu, yaxud da konkret ölkələri əhatə edən planların icrası, o cümlədən, həmin işlər üçün nəzərdə tutulan pullar istisnasız olaraq CIA-yə həvalə edilir. O üzdən, CIA “Dərin dövlət”in əlinə oynamaqla, öz maraqlarını da təmin etmiş olur.

Doğrudur, dünən and içən Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra ciddi “təmizlik” aparacağı mühüm dövlət qurumlarından biri və birincisi məhz CIA-dir. Lakin bu strukturun ağlagəlməz dərəcədə geniş şəbəkəyə malik olduğunu nəzərə alsaq, Trampın aparacağı “təmizlik” işlərinin nə dərəcədə effektli olacağını söyləmək çətindir. Bu yerdə Türkiyənin bütün dövlət qurumlarına sızan və artıq kökü qazılan Fətullah Gülənin FETÖ terror şəbəkəsini xatırlamaq lazım gəlir. FETÖ-yə bağlılığı olan on minlərlə şəxsin – müxtəlif vəzifəli şəxslər də daxil olmaqla – ifşasına baxmayaraq, az qala hər gün bu terror şəbəkəsinə məxsus yeni adlar üzə çıxarılır. Ona görə də, Trampın CIA şefini, qurumun mühüm vəzifə sahiblərini dəyişməsi ilə üzləşdiyi təhlükəni dəf etdiyini düşünmək sadəlövhlük olardı.
Hələlik aydın olan budur ki, ABŞ “Dərin dövlət”i qələbəsini əlindən ala bilmədiyi Trampı vaxtından əvvəl “yola salmaq” üçün bacardığını edəcək. Eyni zamanda, Trampın da düşünüldüyü qədər “yumşaq qoz” olmaması “Dərin Amerika”in bu planının mümkün nəticəsini indidən qeyri-müəyyənliyə salır. Dünya isə öz diqqətini artıq pərdə arxasından açığa çıxan bu qarşıdurmaya yönəldib.

Tramp – “Dərin Amerika” duelinin qalibi kim olacaq?

Gözləməyə dəyər…

 

A.Zeynalov

Yeniçağ.Az

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv