!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın 100 günlük “daxıl”ı: Obamanın 5 illik səhvləri 1 aya düzələcəkmi?

!Reklam – Yazi

Barak Obama dönəmində ABŞ-ın Avropa Birliyi, Rusiya və Türkiyə kimi ölkələrlə korlanan münasibətlərini Donald Trampın necə bərpa edəcəyi maraqla gözlənilir.

Yeniçağ.Az xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın ötən həftə səlahiyyətlərinin icrasına başlamasından sonra Ağ Evin yeni sahibinin ölkənin xarici siyasətinə edəcəyi mümkün korrektələr geniş müzakirə olunmaqdadır. Tramp dövlətin “sükan”ı arxasına keçdiyi bir neçə gün ərzində müəyyən qərarlar qəbul etsə də, əsas diqqət onun xarici siyasətlə bağlı atacağı addımlara yönəlib. Keçmiş prezident Barak Obamanın 8 illik iqtidar dönəmində qlobal proseslərə təsir imkanları əhəmiyyətli dərəcədə azalan ABŞ-ın Avropa İttifaqı (Aİ), Türkiyə və Rusiya ilə münasibətlərində də ciddi problemlər yarandı. Seçkiqabağı kampaniyasının gedişində bu problemlərə görə Obama administrasiyasını sərt tənqid edən Tramp prezident seçiləcəyi təqdirdə, ölkənin xarici siyasətində ciddi dəyişikliklər olacağını bildirmişdi. Yeni prezident hələlik, bu istiqamətdə konkret addımlar atmasa da, öz çıxışlarında seçkiqabağı vədlərini yerinə yetirəcəyini bir daha təkrarlayıb.

Doğrudan da Obama dövrü ABŞ tarixinə zəif hakimiyyətlərdən biri kimi düşdü və bu uğursuzluğun əsas səbəbi xarici siyasətdə yol verilən bağışlanmaz səhvlər oldu. Obama hakimiyyətinin əsas səhvləri sırasında “Ərəb baharı”na vüsət verərək, Şimali Afrika və Yaxın Şərqdə yeni gərginlik ocaqlarının yaradılması, Suriyada vətəndaş müharibəsi, Ukraynanın şərq vilayətləri ilə Krımın Rusiya tərəfindən işğalı, İraq-Şam İslam Dövlətinin (İŞİD) baş qaldıraraq, ciddi təhlükəyə çevrilməsi xüsusi qeyd oluna bilər. ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyəyə qarşı yolverilməz davranışları üzündən ikitərəfli münasibətlərin xeyli zədələnməsi də məhz Obama iqtidarının passivinə yazıla bilər. Bundan başqa, Obama hakimiyyətinin dolların möhkəmləndirilməsinə yönələn siyasəti ABŞ-ın Avropadakı əsas müttəfiqləri ilə münasibətlərinə də təsirsiz ötüşmədi. Hər halda, Böyük Britaniyanın Aİ-dən çıxmaq qərarı, ittifaqa daxil olan bəzi ölkələrin də analoji addım atmağa hazırlaşmaları ABŞ-ın siyasi-iqtisadi ekspansiya siyasətinə müqavimət xarakteri daşıyır. Ona görə də Trampın öz sələfindən götürdüyü “qara miras”ı necə təmizləyəcəyini bütün dünya maraqla gözləyir.

Bu barədə Yeniçağ.Az-a danışan politoloq Orxan Qafarlı bildirib ki, Trampın ABŞ-ın daxili və xarici siyasətində hansı dəyişikliklərə əl atacağını hələlik qəti şəkildə söyləmək mümkün deyil. Politoloqun fikrincə, yeni prezidentin seçəcəyi siyasi kursu obyektiv dəyərləndirmək üçün 100 günlük müddəti gözləməyə ehtiyac var:

“Əslində, ABŞ-ın Avropa ilə münasibətlərinin korlandığını düşünmək və bunu Obama administrasiyasının siyasəti ilə əlaqələndirmək doğru olmazdı. Əksinə, ABŞ-Avropa Birliyi münasibətlərinin korlanmaq ehtimalının Tramp dönəmində güclənəcəyi daha real görünür. Ancaq Trampın prezident statusunda hansı addımları atacağı hələ qeyri-müəyyəndir. Bir haşiyə çıxım ki, ABŞ-ın yeni prezidentinin dünən Suriyada təhlükəsizlik bölgəsinin yaradılması üçün Pentaqona göstəriş verməsi müsbət addım kimi qiymətləndirilməlidir. Tramp bu göstərişi Suriya qaçqınlarının Türkiyəyə, oradan da Avropaya axınının qarşısını almaq məqsədi ilə verib. Bu, Türkiyənin çoxdan gözlədiyi bir addımdır. Ankara da Suriyada təhlükəsizlik bölgəsinin yaradılması və qaçqınların o zonaya yerləşdirilməsinin vacibliyini daha əvvəldən bəyan etmişdi. Burada başqa bir vacib məqam nəzərdə tutulan təhlükəsizlik bölgəsinin Suriyanın hansı ərazisində yaradılmasıdır. Bu barədə indidən nəsə demək çətindir.

Trampın ABŞ-Avropa Birliyi, ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-Çin münasibətləri çərçivəsində hansı addımları atacağı hələ qeyri-müəyyəndir. Fikrimcə, Trampın xarici siyasət kursu barəsində detallı dəyərləndirmə aparmaq üçün onun səlahiyyətlərinin icrasına başlamasının 100 günlüyünü gözləməyə ehtiyac var. Bildiyiniz kimi, ABŞ-dakı ənənəyə görə, yeni prezidentin fəaliyyətinə qiymət vermək üçün 100 gün gözləyirlər. Ona görə də Amerikanın sadaladığım ölkələrlə, o cümlədən Kanada və Latın Amerikası dövlətləri ilə münasibətlərinin hansı yöndə inkişaf edəcəyi, ABŞ-la Avropa Birliyi arasında ticarət-gömrük anlaşmasının necə tənzimlənəcəyini bilmək üçün zamana ehtiyac var. Çünki Trampın özünün və ya komandasındakı hansısa şəxsin açıqlaması hələ rəsmi siyasət, yaxud da qərar statusunda deyil. O baxımdan, artıq qeyd etdiyim kimi, bu məsələləri dəyərləndirmək üçün bir müddət gözləmək lazım gələcək”.

Donald Trampın prezident vəzifəsində ilk addımlarını Yeniçağ.Az-a şərh edən türkiyəli professor Salih Yılmaz bu çərçivədə diqqəti Suriyada təhlükəsizlik zonasının yaradılması təşəbbüsünə yönəldib:

“Belə görünür ki, ABŞ prezidenti Tramp Obamanın 5 ildə edə bilmədiyini 1 həftədə edəcək. Trampın qərarına əsasən, 90 gün ərzində Suriyanın Türkiyə və İordaniya sərhədində təhlükəsizlik zonaları yaradılmalıdır. Xatırladım ki, Türkiyə bir müddət əvvəl Suriya sərhədində 100 min nəfərlik 2 düşərgənin salınmasını təklif etmişdi. Ancaq Obama terrorçu PYD-nin etirazını nəzərə alaraq, buna razılıq verməmişdi.

Trampın təhlükəsizlik zonası planının icrasına başlanarsa, o halda Astana danışıqlarından sonra fevralın 8-də Cenevrədə baş tutacaq Suriya müzakirələrində vəziyyət dəyişə bilər. ABŞ prezidenti təhlükəsizlik zonasının yaradılmasında Türkiyənin dəstəyinə ehtiyac duyacağından, Ankaranın PYD və FETÖ lideri ilə bağlı həssaslığını nəzərə almaq məcburiyyətində qalacaq. Eyni zamanda, Trampın bu addımı Rusiyanın Suriyadakı təsir imkanlarını da məhdudlaşdıracaq. Obrazlı desək, ABŞ-Rusiya “oyun”unda kartlar yenidən “paylanacaq”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv