!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın antitürk nazirləri: ABŞ-Türkiyə münasibətləri dəyişəcəkmi?

!Reklam – Yazi

trumpdABŞ-ın yeni prezidenti Donald Trampın enerji naziri təyin edəcəyi gözlənilən şəxsin Türkiyə əleyhinə çıxışı aşkarlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Donald Trampın hakimiyyət komandasında Energetika naziri postuna əsas namizəd olan Texas ştatının keçmiş qubernatoru Rik Perrinin 4 il əvvəl Türkiyə əleyhinə səsləndirdiyi fikirlər üzə çıxıb. Məlumata görə, R.Perri 2012-ci ilin yayında “Fox News” telekanalına müsahibəsində Türkiyə iqtidarı haqqında “İslamçı terrorçular” ifadəsini işlədərək, onun NATO-ya uyğun olmadığını deyib.

Keçmiş qubernatorun həmin açıqlaması ilk baxışda tendensioz mövqe olaraq ciddi qarşılanmaya da bilərdi. Lakin D.Trampın prezident seçilməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi təması və Ağ Evin xarici siyasətində mühüm dəyişikliklər edəcəyinin anonsunu verməsi fərqli vəziyyət yaradır. Bununla belə, D.Trampın R.Perri kimi Türkiyə əleyhinə mövqe sərgiləmiş şəxsə öz komandasında strateji vəzifə vermək istəyi ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin aradan qaldırılması ehtimalına yenidən baxmaq zərurətini doğurur.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən politoloq Zaur İbrahimli bildirib ki, ABŞ-Türkiyə münasibətlərinin gələcək istiqamətlərinin necə müəyyənləşəcəyi bir sıra amillərdən asılıdır:

“Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Vaşinqtonun xarici siyasətinə ciddi korrektələrin ediləcəyi gözlənilir. Ancaq Tramp hələ səlahiyyətlərinin icrasına başlamadığı üçün onun özü və komandasına daxil olan şəxslər bu barədə ümumi mesajlar verməklə kifayətlənirlər. Bununla belə, Tramp Rusiya ilə münaisbətlərə yenidən baxacağı, eyni zamanda, bu kontekstdə ABŞ-ın Yaxın Şərq siyasətinin də əhəmiyyətli dərəcədə dəyişəcəyi ehtimalı yüksəkdir. Bunları nəyə görə qeyd edirəm? Çünki Türkiyə-ABŞ münasibətlərinin xarakteri sadaladığım o amillərdən çox asılıdır. Suriya məsələsində ABŞ-Rusiya konsensusu əldə olunsa, şübhəsiz ki, Türkiyənin maraqları ilə bağlı məqamlar da meydana çıxacaq. Türkiyə-ABŞ münasibətlərinin xarakterini məhz Ankaranın əsas həyati maraqlarının nə dərəcədə nəzərə alınması müəyyən edəcək. Yəni Türkiyə-ABŞ münasibətlərinin prespektivinə məhz bu cür qlobal kontekstdə baxmaq lazım gəlir”.

Z. İbrahimlinin fikrincə, ABŞ-Türkiyə münasibətləri heç bir halda fərdlərin mövqeyi əsasında deyil, bu dövlətlərin qarşılıqlı maraqlarını necə uzlaşdırmaları əsasında formalaşır:

“Konkret şəxslər, onların keçmişdəki açıqlamaları bu məsələlərdə önəmli rol oynamır. Söhbət ondan gedir ki, ABŞ-ın Yaxın Şərq siyasəti ümumilikdə necə müəyyənləşəcək? Əgər bu gün müşahidə olunan tendensiyalar davam edəcəksə, o zaman Ankara-Vaşinqton münasibətlərində əvvəlki səviyyəyə qayıtmaq çətin olacaq. Türkiyə yenə alternativlər axtarmaqla tarazlaşdırma siyasətinə üstünlük verəcək. Ankara öz maraqlarını qorumaq üçün Rusiya, İran, ABŞ-la münasibətlərində manevr imkanlarından maksimum istifadə etməyə çalışacaq. Eyni zamanda, Ankarının mövqeyi də bu ölkələr üçün çox vacibdir və Türkiyənin addımları həmin dövlətlərin Suriya strategiyasına əhəmiyyətli təsir göstərir. Əgər ABŞ bundan sonra Türkiyənin mənafelərinin nəzərə alınmasına daha həssas yanaşacaqsa, Ankara-Vaşinqton münasibətlərində normallaşma mərhələsi başalana bilər”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv