!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tural Abbaslı macəra axtarır və ya VAP niyə müsavatyönlü olacaq? – Müsahibə

!Reklam – Yazi

tural-abbasliTural Abbaslı: “Yaxın zamanlarda ölkədə siyasi qurumlar arasında ilk beşlikdə olan partiyalardan biri olacağıq”

Müsavat Partiyasından istefa verən partiya başqanlığına sabiq namizəd Tural Abbaslı və onun komandası bir ara “Ağ Blok” çərçivəsində yeni siyasi təşkilat yaradacaqlarını bəyan etdilər. Amma indi bəlli olur ki, onlar Vahid Azərbaycan Partiyasına (VAP) birləşməyə üstünlük veriblər. Görəsən belə bir addımı atmağa onları nə vadar edib?

Bu və digər suallarla bağlı Yenicag.az olaraq Tural Abbaslının özünə müraciət etdik.

-Ümumiyyətlə, siyasi arenada “Ağ Blok” olaraq partiya kimi təmsil olunmaq niyyətimizi bildirmişdik. Bu istiqamətdə müəyyən işlər də aparıldı. Amma eyni zamanda əvvəldən onu da bildirmişdik ki, bu istiqamətdə paralel işlər gedir. Yəni paralel işlərdən biri o idi ki, “Ağ Blok” özü partiyaya çevrilir, qurultayını keçirir və qeydiyyat üçün müraciət edir. İkinci variant isə artıq siyasi arenada fəaliyyət göstərən partiyaların birinə fərdi qaydada üzv qəbul olunmaq və sonradan həmin partiya daxilində islahatlar keçirmək, nizamnamə, proqram və ad dəyişikliyinə getməklə həmin təşkilatın bazası üzərindən siyasi arenada fəaliyyəti davam etdirməkdən ibarət idi. İndiki məqamda hesabladıq ki, ən uyğun variant Vahid Azərbaycan Partiyasının (VAP) sıralarına qoşulub, onun daxilində islahatlar aparmaqla təşkilatı Ağ Partiyaya çevirmək daha məqbuldur, nəinki yeni bir siyasi təşkilat yaratmaq. Çünki son zamanlar ölkədə yeni siyasi qurumların yaradılmasına hüquqi baxımdan əngəllər yaradıldığı heç kimə sirr deyil. Yəqin ki, yaxın günlərdə VAP-ın qurultayı ilə bağlı qərar veriləcək. Yəni güman edirəm ki, “Ağ Blok” olaraq VAP-ın bazasında qarşıya qoyduğumuz addımları ata biləcəyik.

– VAP-ın hazırda üzvləri olan şəxslər sizin ona qoşulmaq bir yana, islahatlara getmək, təşkilatın adını dəyimək istəyinizə məgər dəstək verirlər?

– Həmin istiqamətdə VAP üzvlərilə əvvəlcədən danışıqlar aparılıb və bəlli ümumi razılıqlar əldə olunub ki, bu addımı da atırıq. Razılıq olmasaydı, macəra axtarmaq niyyətində deyildik ki, həmin təşkilata qoşulaq. Odur ki, dediyim islahat təşəbbüslərini VAP-ın köhnə üzvləri də dəstəkləyəcək. Məqsəd siyasi arenada yeni güclü bir partiyanın təmsil olunmasına nail olmaqdır. Əminəm ki, o baxımdan da problem olmayacaq. Yaxın günlərdə məsələ ilə bağlı konkret qərarlarımız olacaq.

– Partiyanın adının dəyişdirilərək bu dəfə hansı ad altında siyasi səhnəyə çıxmaq niyyətindəsiniz?

– Bu məsələ də hələlik müzakirə mövzusudur. Ad dəyişikliyi olacaqsa, çalışacağıq ki, Ağ Partiya adlansın. Digər adlarda təklif oluna bilər. Demokratik qaydada digər adlar da dəyərləndiriləcək.

– Qurultay nə zaman baş tutacaq?

– “Ağ Blok”un qurultayını mayın 29-a nəzərdə tutmuşduq. Yenə çalışacağıq ki, həmin günə qədər VAP-ın qurultayının keçirilməsinə nail olaq. Yəni ən yaxşı halda həmin tədbir mayın 29-da baş tutacaq. Bəzi texniki səbəb və problemlər yaransa isə iyunun ilk ongünlüyündə qurultayımızı keçirəcəyik.

– VAP-ın ideoloji kursunu hansı istiqamətdə qurmaq niyyətindəsiniz?

– Azərbaycanda yeganə dəstəklədiyimiz Müsavatçılıq ideologiyası var. Biz də məhz bu ideologiya bazasında fəaliyyət göstərəcəyik. Yəni ideologiyamızın əsasında sağ-mərkəzçilik durur.

– Axı, müsavatçılıq ideologiyası Müsavat Partiyasında mövcuddur?

– Olsun. Müsavat Partiyası bu ideologiyanı monopoliyaya almayıb ki. Düşünsəydik ki, bu ideologiyaya həmin partiya daha yaxşı qulluq edir, VAP-da islahat aparmağa da ehtiyac duymazdıq. Həm də Müsavat ideologiyası daha mühafizəkar sağ-mərkəz üzrə fəaliyyət göstərməlidir. Amma bu gün Müsavat Partiyasında sağ-mərkəz adına bir nəsə yoxdur. Odur ki, sağ mərkəzçi olaraq Müsavat ideologiyası əsasında işimizi quracağıq.

– Əvvəlcə cəmiyyətdə belə bir fikir formalaşdırdınız ki, Ağ Partiya yaradacaqsınız. Həmin dövrdə VAP-a üzv olmaq o qədər də gündəmdə deyildi. Amma indi bəlli olur ki, mövqeyinizi dəyişirsiniz. Bu isə cəmiyyətdə sizin ciddi təşkilat olmadığınıza dair fikirlərin formalaşmasına yol açır.

– Belə bir deyim var. Bir dəlilər, bir də ölülər fikirlərini dəyişmir. XXI əsrin siyasi xarakterinə baxsanız görəcəksiniz ki, bu dövr siyasi çeviklik tələb edir. İnformasiyanın 5 dəqiqə ərzində köhnəldiyi bir zamanda ləng hərəkət etmək, yaxud hər an dediyin prinsiplə getmək, əksinə siyasi lənglik, siyasi passivlik əlamətidir. Bizim atdığımız addım isə siyasi çevikliyin, ardıcıllığın göstəricisidir. Bizim bu addımımızda əvvəlki addımlarımızı inkar edəcək heç bir addım atılmayıb. “Ağ Blok” üzvləri yeni adda siyasi arenada fəaliyyətlərini davam etdirəcək. Burada hansısa bir mahiyyət dəyişikliyi yoxdur. Amma texniki və hüquqi baxımdan siyasi çevik komanda olaraq bu addımları atırıq. Bu da bizim müsbətimizdir.

– Hər bir siyasi təşkilatın təbliğində mətbuat vasitəlırinin rolu danılmaz faktdır. Bu mənada VAP-ın təbliğatı üçün hansısa bier mətbu orqan, internet televiziya vəs. informasiya vasitələri açmaq niyyətimiz varmı?

– Xəbər saytımız var. İki aydan artıqdır ki, fəaliyyət göstərir. İllərdir fəaliyyət göstərən bir çox saytlarla müqayisədə kifayət qədər giriş sayı və populyarlığı da var. Siyasi təbliğat vasitəsi kimi məhz bu saytın bazasından istifadə edəcəyik. Eyni zamanda, ölkənin ən populyar media qurumları ilə sıx ənəkdaşlığımız mövcuddur. Onlar da bizim informasiyaları verməkdə maraqlıdır. Son 15 ildə Vahid Azərbaycan Partiyası sözü son iki gündəki qədər heç hallandırılmışdımı? Analiz aparsaq görərik ki, yox. Bu da bizim varlığımızın sübutudur. Apardığımız siyasət nəticəsində ümid edirəm ki, yaxın zamanlarda ölkədə siyasi qurumlar arasında ilk beşlikdə olan partiyalardan biri olacağıq.

– 2 ildən sonra ölkədə prezident seçkiləri olacaq. Namizəd olaraq bu prosesə qoşulmaq barədə düşünmüsənmi?

– 2018-ci ilə hələ zaman var. Ona görə də hadisələri tələsdirmək düzgün olmazdı. Yenicə formalaşırıq. Yəqin ki, qarşıdakı mərhələlərdə bu barədə düşünəcəyik. Amma siyasi partiya kimi bizə də maraqlı olacaq ki, prezident seçkilərində ayrı bir qurum olaraq iştirak edək. Hər şey zamanında veriləcək qərarlardan asılıdır.

ELÇİN

www.yenicag.az

911
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv