Tural İSMAYILOV: Sevgisizliyin məğzi elə budur

Tural İSMAYILOV: Sevgisizliyin məğzi elə budur

Müəllif: Redaktor

Editor

1901227_709450495741735_647434997_nÇağdaş dünyanın ədəbiyyatdan və fəlsəfədən uzaqlaşma meyarları bizə Albert Kamyunun daha reqressiv gələcəyin varlığını iddia edərkən nə qədər haqqlı olduğunu göstərir. Tarixin irəli gedişi mass-kultun zəfəri, piar dünyasının çirkabı və bayağı şou immunitetlərinin dağılması ilə nəticələnir. Vaxtilə istedadlı rejissor Stenli Kubrik “şouya xidmət etməyənlər, ədəbiyyata xidmət edir, heç birini bacarmayanlar isə istisnasız birincini, yəni şounu seçir” deyəndə elə bil ki, indinin gözü qapalı cəmiyyətlərini nəzərdə tuturmuş. Məsələ də budur ki, sənətin və estetikanın ictimai şüurun komponenti olmadığı istənilən toplum ya ciddi şeylərin yerini tutan mənasız və zövqsüz şeylərə yönələcək, ya da bunların yerini daha aşağı səviyyəli şeylər dolduracaq. Orteqa Qasset artıq ətrafda ədəbiyyat və sənətdən danışacaq bir nəfər qalarsa, bunun dəhşətli süqutun astanasına siqnal olacağını yazır. Bəs ətrafda heç biri olmazsa? Ədəbiyyat ancaq müəyyən qrupların və yazı-pozu adamlarının müzakirə arealındadırsa, sənətə heç kim maraq duymur, ya da göstəriş xatirinə muzey və sərgilərə gedilirsə, kitablar tələsik oxuma və sosial şəbəkədə selfi üçün vasitəyə çevrilirsə, ciddi formada mənəvi təlatümün yaxınlaşdığı deməkdir.

Tələbəlik illərimin unudulmaz müəllimi, mərhum fəlsəfə professoru Cəmil Əhmədli biz birinci kursda oxuyanda auditoriyada kədərli formada, gözlərimizin içinə baxaraq deyirdi: “Fəlsəfə ixtisası tələbələrinin qəlbi daha sevgiylə, idrakı isə açıq olmalıdır. Bütün bunlar olmadığı üçün fəlsəfənin doğma balası ədəbiyyat kütləyə çıxmır və insanlar ona görə sevə bilmir.”
18 yaşlı bir gənc kimi bu sözlərə anlam verə bilməmişdim. Hətta yadımdadır, birinci kursun soyuq başlı, rayondan balı hüquqşünaslığa çatmadığı üçün məcbur qalıb fəlsəfə oxumağa gələn qrup yoldaşlarımdan bəziləri arxada gülürdü. Sonralar Jan Pol Sartrın “Ürəkbulanma” adlı qeydlərində buna bənzər sitatlara rast gəldim. Postmodern etik kodekslərin “mənəvi babası” sayılan Liotar nifrət və qəzəbi ədəbiyyatdan uzaqlaşmaqda görürdü. Hesab edirdi ki, əsərlərin mütaliəsinin ləng olduğu heç bir toplum sevməyi bacarmır. Məsələnin məğzi də budur ki, mənəvi tələbatların ruhsallıqdan ayrılıb zəka ilə vəhdətdə qovuşmağı ilə sevgi anlayış olaraq öz bilinən klassik çalarından uzaqlaşdı. Duyğular insana sosial varlıq kimi yanaşmanın ağır olduğu orta əsr qərb dünyasında hegemoniyada sayılırdı. Həmin çağların qaranlığı yalnız beyinlərin iqnoruna deyil, həm də rasional dünyagörüşün tamamilə sıradan çıxarılmağına gətirirdi. Ədəbiyyat üzərində orta əsrlərin sxolastik basqısı o qədər ağır idi ki, elm və fəlsəfənin məruz qaldığı Varfolomey qətliamından ədəbiyyatçılar sağ çıxmağı bacardı. Duyğular yaradıcılığın olmadığı sferalarda asanlıqla ələ alınandır. Sənət və ədəbiyyatın işlək olmamağı mənəvi faciələrin və fundamental ideologiyaların qarışqa kimi “daraşma” qaynağıdır. Ziqmund Freyd yaşanan psixoanalitik faciələrin 3 səbəbi arasında yaradıcılıq ruhunun olmamağını xüsusi qeyd edirdi. O, istənilən yaradıcılıq növünün olmamağının həm ədəbiyyat, həm də fəlsəfə sarıdan boşluğa, bu boşluğun isə ağır nəticələrə gətirib çıxaracağına əmin idi.
Yenə Liotarda rast gəldiyim fikir indi neçənci dərəcəli problem kimi görünən sevgisizlik və inamsızlıq sindromunun çox ciddi təhlükələrə gətirib çıxardığını göstərir. Nasist kamplarında keçmiş sol təfəkkürlü neçə yazı adamı sonralar sağ qalmaq və daha yaxşı yaşamaq üçün ideoloqlara öz yaradıcılığını peşkəş çəkmişdi. Sevgisizliyin məğzi də elə budur. Daha yaxşı yaşamağa çalışmaq uğrunda sevməməyə yönəlmək mütaliəsizliyin olduğu, ədəbiyyatın kütləyə yayılmadığı yerlərdə sonralar neqativ nəticələrə səbəb olur. Təbii, burada mütləq bir əks fikir də formalaşır, hansı ki, axı doktor Gebbels də incəsənətə, estetikaya dair qeydlər edərək, ədəbiyyatı yüksək qiymətləndirən qeydlər yazmışdı. Onda, biz məsələyə adi təfəkkürlə yox, fəlsəfi zehniyyətlə yanaşmağı bacarmalıyıq. İstənilən halda hər yaxşı bir şeyin mahiyyətində pislik var. Romantik ab-havadan kənarlaşıb daha realist olsaq, analayacağıq ki, hətta ən pis təsvir olunan mənzərələrdə də bir yaxşı şey görəcəyik. Tarantinonun öz obrazları haqqında dediyi kimi, hər cani yaxşı nəsə istədiyi üçün cinayətə bulaşır. Fəlsəfi fikir tarixinin ən qalmaqallı isimi Markiz De Sad da öz qeyri-ənənəvi və orijinallığa sığmayan yaradıcılığını öz inandığı yaxşı meyarının sonu sayımırdımı? Deməli, daha çox istedadlı insanın, maarifçilərin ortaya çıxması üçün yeni imzalara şans tanınmalı, cəmiyyətin ədəbi prosesin bir hissəsi olmağına nail olmaq lazımdır. Psixologiyadan məlumatlı olan bir çox qərb yazarları sosioloji tezislərini əsərlərinin içərisində ortaya atmış, bunu bacarmadıqda isə kütlələri ədəbi prosesin iştirakçısına çevirmişdi. İctimai nəqliyyatda insanların üzündən qəzəb töküldüyünü deyən və bunu yazılarına tökən yazı adamlarının özləri də gülümsəməyi bacarmır. Və tənqidçi publisistika, analiz yazılarının də qeyri-səmim olmağının səbəbi yazanların bir çoxunun prosesdən kənar xalqa qarşı olan kinini yazıların aqressiyası ilə diriltməyidir.
Bir dənə də elə bir kitab bazası olan, düşünən, intellektual insan tanımıram ki, onlar sevginin həm anlayış, həm də mahiyyət baxımdan ucuzlaşdığı indiki məişət təfəkküründə yanaşsın sevgiyə. Baxın, insanlar rahatlıqla sevgi üzərində öz şəhvani tələbatlarını ödəmənin yarışına çıxıb elə bil, ömüründə kitab üzü açmayan, son oxuduğu kitab 11-ci sinif orta məktəb dərsliyindəki bir-iki cümlə olan bir çox insan necə asanlıqla sevgi üzərinə statuslar yazır, sevginin mənalandırılmasına cəhd edir, əslində çox ehtiyyatla danışılması gərəkən mövzuda hamı bir şey deyir və ortadakı mənzərə də aydındır. Ədəbiyyatın, fəlsəfənin, incəsənətin geniş təbəqələrdə özünə yer etməməsi nəticəsində indinin monoton, ümidsiz, adamı hər addım üzən, eqoist simaları ortaya çıxır.
Sevginin olduğu yer eoqizmin bitdiyi andır. Erix Fromm sevgini həm sənətin olmağı üçün vasitə, həm də sənətdən törəyən mənəvi yüksəklik sayırdı. “Sevməkdən asan bir şey yoxdur” düşüncəsi dağıdıcı həqiqət olduğuna baxmayaraq, daha geniş yayılmış məhəbbət konsepsiyasını ifadə edir. Söhbət hansısa başqa bir fəaliyyət növündən getsəydi, insanlar, nəyin bahasına olursa olsun, uğursuzluqlarının səbəbini araşdırmağa, onlardan qurtulmağa can atardı və yaxud sadəcə bu işdən əl çəkərdi. Məhəbbət məsələsində dediyimiz son variant mümkün olmadığı üçün, burada yalnız bir münasib çıxış yolu qalır- onun səbəblərini araşdırmaq və məhəbbətin mənasının tədqiqinə başlamaq. Haydegger Frommdan çox öncələr bizim rahatlıqla danışdığımız şeylərin alt qatının öyrənilməyinə ciddi ehtiyac olduğunu söyləyirdi. Dil fəlsəfəsinin usta nümayəndəsi Vitgenşteyn insanlara “danışanda ehtiyyatlı olun, sizdən çıxan hər sözün məsuliyyətinə yiyələnin” deyirdi.
Sevgi düşüncələrin külliyatından törəyəndə acı nəticələr törətmir. Erix Fromm illərlə bunun üzərinə çalışmalar etdi, sevgini və sevməyə can atmanı bir sənət kimi insanlara aşılamağa çalışdı. Sənətə yiyələnməni hamı kimi Fromm da iki hissəyə ayırırdı: nəzəriyyəyə yiyələnmə və onun praktiki möhkəmləndirilməsi. Əgər bir nəfər həkimlik sənətinə yiyələnmək arzusundaydısa, onda insan bədənini və müxtəlif xəstəlikləri yaxşıca öyrənməlidir. İstənilən sənətin həqiqi mahiyyətinin dərk olunması da məhz bu vəhdətdən ibarətdir. Bu təlimatlar eynilə musiqiyə, təbabətə, dülgərlik sənətinə və məhəbbətə də aiddir. Bəlkə də bu amillər bizim mədəni mühitə aid olan insanların, açıq-aşkar uğursuzluğa uğradığı halda, bu sənəti nəyə görə dərindən dərk etmək istəmədiyinin cavabıdır. Sevgini nə qədər dərindən arzulasaq da, ondan başqa az qala hər şeyi- müvəffəqiyyət, nüfuz, pul kimi işləri ön plana çəkib, demək olar ki, bütün enerjimizi bu məqsədlərə çatmağa sərf edirik və nəticədə sevgi sənətinə yiyələnmək kimi zəruri bir işə nə zamanımız qalır, nə də ehtiyyacımız. Erix Fromm özünə qədər ədəbiyyat və fəlsəfədə olan düşüncələri beləcə komplektləşdirərək sevmək üçün yaradıcılığı, yaradıcılıq üçün, tərəqqi üçün isə sevgini əsas sayırdı. Sevmək lazımdır, həm də dərk edərək, anlayaraq, ucuzlaşdırmayaraq, şoulaşdırmayaraq. Yaşamaq üçün sevmək lazımdır!

Yazarlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti