“Türk ocağı Azərbaycanda”

Müəllif: Redaktor

Editor

aaAkif Aşırlının yeni kitabı çap olunub

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “Türk ocağı Azərbaycanda (1918-1920)” adlı kitabı “Elm və Təhsil” nəşriyyatında çap olunub. Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Bakını işğaldan azad etdikdən sonra Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadənin təsis etdiyi “Türk ocağı” cəmiyyəti Bakıda fəaliyyətə başlayıb. Cəmiyyətin nizamnaməsi “Azərbaycan” qəzetinin 14 noyabr 1918-ci il tarixli sayında dərc olunub. Məqsədi Osmanlı türkləri ilə Azərbaycan türklərini bir-birinə tanıtmaq olan cəmiyyət Azərbaycanda milli şüurun oyanmasına öz töhfəsini verib. Cəmiyyət Bakıda və ətraf bölgələrdə konfranslar, seminarlar, musiqili axşamlar, xeyriyyə tədbirləri keçirmək, məktəblər təsis etmək hüququna malik idi.

Xatırladaq ki, eyni adlı təşkilat 1911-ci ildə ilk dəfə İstanbulda yaradılıb, Türkiyədə milli həmrəyliyin yaradılmasında, Osmanlı dövlətinin parçalanmasının qarşısının alınmasında və yeni Türkiyənin qurulması prosesində fəallıq göstərib. Türkiyə ziyalıları ilə yanaşı Azərbaycan türklərindən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə də bu qurumun yaradılması və inkişafında iştirak edib. Sonrakı mərhələlərdə M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli də “Türk ocağı”nda fəaliyyət göstərib.

Qısa fasilələrlə 1920-ci ilin aprelinədək Bakıda ideoloji iş aparan bu qurumun tarixi indiyədək tədqiq olunmayıb. A.Aşırlı Mərkəzi Dövlət Tarix Arxivinin, “Azərbaycan”, “Açıq söz” qəzetlərinin, Türkiyə mənbələrinin materialları əsasında “Türk ocağı”nın fəaliyyətini geniş araşdırmağa nail olub. Kitabın elmi redaktoru Azərbaycanda Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, rəyçi siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Qənirə Paşayevadır. Kitabın “Türk ocağı” İstanbul şöbəsi tərəfindən Türkiyədə çapı nəzərdə tutulur.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir