Türkiyə-Rusiya ittifaqı güclənir – İran küncə sıxılır

Müəllif: Redaktor

Editor

Ankara ilə Moskva arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə çatdırıldığı bildirilir.

Yeniçağ.Az Rusiya mediasına istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada yanvarın 23-nə təyin olunmuş Suriya üzrə danışıqların təşkili ilə bağlı hazırlıqlar yekunlaşmaqdadır.

Məsələyə dair təhlillərdə Türkiyə, Rusiya və İranın Suriya böhranının nizamlanması prosesində təşəbbüsü ələ aldıqları qeyd olunur. Eyni zamanda o da xüsusi vurğulanır ki, bu üç ölkənin iştirakı ilə Suriyada atəşkəsin elan olunması Ankara və Moskva arasında yeni bir ittifaqa işarədir. Və Türkiyə ilə Rusiyanın İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinə qarşı ilk dəfə birgə əməliyyat keçirməsi bu ittifaqın mühüm əlaməti kimi göstərilir. Rusiya üçün bu münasibət son dərəcədə əhəmiyyətlidir. Çünki bu ittifaqın yaranması Rusiyaya həm də Qərbin Suriyada təşəbbüsü ələ almasına imkan verməmək və İranın bu prosesdə iştirakını məhdudlaşdırmaq baxımından, çox lazımdır.

Türkiyə-Rusiya yaxınlaşması tarixləri ərzində 12 dəfə müharibə etmiş bu ölkələrin münasibətlərinin mühüm mərhələyə keçdiyini göstərir. Bu sırada İŞİD-in nəzarətində olan əl-Bab şəhərinin azad edilməsinə yönələn Türkiyənin başladığı əməliyyata Rusiyanın dekabrın sonundan etibarən hava qüvvələri ilə dəstək verməsi xüsusi qeyd olunmalıdır.

Məntiqlə Türkiyənin NATO üzvü olaraq, Suriyanın şimalında başladığı hərbi əməliyyata ABŞ dəstək verməli olsa da, bu məsələdə problemlər yarandı. Ona görə də Türkiyə əl-Bab əməliyyatı zamanı hava dəstəyi vermədiyinə görə ABŞ-ı sərt tənqid edib.

Pentaqon isə ABŞ-ın bu əməliyyata hazır olduğunu, ancaq Türkiyədən belə bir təklif irəli sürülmədiyini bəyan edib. Bu arada “Washington Post” qəzetinin ABŞ rəhbərliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, NATO ölkələri İŞİD-lə mübarizədə Türkiyəyə kömək etmək qərarına gəliblər. Qeyd olunur ki, ABŞ bu qərar əsasında Türkiyəni kəşfiyyat məlumatları ilə təmin etmək üçün Suriyanın şimalında hava reydlərinə başlayıb. Eyni zamanda, ABŞ-ın xüsusi hərbi müşavirlərini də əl-Baba göndərməyə hazırlaşdığı açıqlanıb. Lakin ABŞ Türkiyəyə real dəstək verməyə hazırlaşdığı ərəfədə əl-Babda başlayan Türkiyə-Rusiya hərbi əməkdaşlığı getdikcə dərinləşməkdədir.

Rusiya və Türkiyənin əl-Babda həyata keçirdikləri birgə əməliyyatın qəti qələbəyə qədər davam etdiriləcəyini bildirmələrindən sonra Moskva-Ankara-Tehran üçbucağında “qopma” meylinin güclənəcəyi ehtimal olunur. Çünki Dəməşqin dəvəti olmadan Suriyaya daxil olan Türkiyə ordusunun bu ölkədəki mövcudluğunun “qanunsuz” olduğunu iddia edən İran öz mövqeyini dəyişmək niyyətində deyil. Rusiya isə bu vəziyyətə fərqli prizmadan baxmaqdadır. Moskvanın nəzərində İŞİD-lə mübarizə prioritet olsa da, əsəs məqsəd bununla məhdudlaşmır. Rusiya üçün Türkiyə ilə ittifaqın qurulması ciddi əhəmiyyət daşıyır və bu əməkdaşlıq Moskvanın öz məqsədlərini gerçəkləşdirmək imkanlarını genişləndirir. Burada söhbət Qərbin Suriyada təşəbbüsü ələ ala bilməməsindən və Astanada Bəşər Əsəd hakimiyyətini müdafiə edən İranın neytrallaşdırılmasından gedir.

 

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir