Türkiyənin ildırımsürətli İraq planı: Ərdoğanın Qərbi əsəbiləşdirəcək daha bir həmləsi baş tutdu

Müəllif: Redaktor

Editor

Ankara ilə Bağdad arasında əldə olunmuş razılaşmanın nə qədər uzunmüddətli olacağı maraq doğuran məsələlərdəndir.

Yeniçağ.Az Türkiyə mediasının baş nazir Binali Yıldırımın Bağdada səfəri çərçivəsində iki ölkə arasındakı münasibətlərin dünəni, bu günü və sabahına dair dəyərləndirməsini əlavə şərhlə təqdim edir.

Bir müddət əvvəl İraq Türkiyənin Başika bölgəsindəki hərbi varlığını qəbul etməyərək, Türkiyə haqqında sərt ittihamlar irəli sürürdü. Bəs necə oldu ki, Başika böhranından sonra münasibətlər yenidən yumşalmağa başladı? Ümumiyyətlə, Ankara-Bağdad əməkdaşlığının hansı prespektivləri mövcuddur?

Türkiyənin baş naziri Binali Yıldırım 2017-ci ilin ilk rəsmi səfərini İraqa etdi. Baş nazirin bugünkü ziyarətinin Türkiyə-İraq münasibətlərində yeni bir səhifə açacağı gözlənilir. Bunun ilk siqnalları rəsmi səfərdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İraq baş naziri ilə telefon danışığından sonra verilən açıqlamalar idi. Həmçinin İraqın baş naziri Heydər Əl-Abadinin keçən həftə keçirdiyi mətbuat konfransı da münasibətlərin yaxşılaşacağına işarədir. Belə ki, baş nazir PKK-nın İraq torpaqlarından istifadə edərək, Türkiyənin təhlükəsizliyinə təhdid yaratdığını və bu təşkilatın İraqı tərk etməsinin vacibliyini vurğuladı.

Dəyişikliklərin mahiyyətini anlamaq üçün birinci növbədə ikitərəfli münasibətlərin keçmişinə, Türkiyənin xarici siyasətinə, həmçinin Orta Şərqdə baş verən sonuncu proseslərə nəzər salmaq lazımdır. İŞİD-dən sonrakı dövrdə İranın şiə milis qruplar üzərində təsir dairəsini genişləndirdiyi, həmçinin 2016-cı ilin yay aylarında Rusiya, İran, Suriya və İraqın Bağdadda terrorla mübarizə məqsədilə ortaq əməliyyat mərkəzi yaratdığı da məlumdur. Nəzərə almaq lazımdır ki, Rusiya və İran İraqda baş verən proseslərdə əhəmiyyətli aktordur. Beləliklə, Türkiyənin Rusiya və İranla razılığa gəlməsi Türkiyə-İraq münasibətlərinə müsbət təsir göstərən başlıca amildir.

2003-cü ildən etibarən münasibətlərin dörd fərqli mərhələsi:

– ABŞ-ın Türkiyə torpaqlarından İraqa daxil olması ilə 2005-ci ilə qədər münasibətlər aşağı səviyyədə davam etdirildi.

– Sonrakı mərhələdə sünnilərin siyasi proseslərə daxil edilməsi üçün Türkiyənin dəstəyinə ehtiyac duyulması və regionda baş verən digər hadisələr münasibətlərin yüksəlişinə şərait yaratdı. 2008-ci ildə yüksək səviyyəli strateji əməkdaşlıq komissiyasının yaradılması, eyni zamanda təhlükəsizlik, enerji, təhsil və digər sahələrdə ümumilikdə, 48 razılaşmanın imzalanması münasibətləri pik həddinə çatdırdı.

– 2010-cu ildən etibarən isə İraqda seçki prosesləri ilə əlaqədar yenidən Türkiyə-İraq əlaqələri gərginləşməyə başladı və nəhayət 2011-ci ildə Suriyada baş verən hadisələrdən sonra tərəflərin fərqli istiqamət seçməsi ilə ziddiyyətlər daha da dərinləşdi.

– 2014-cü ildən nisbətən yaxşılaşmağa doğru gedən əlaqələr, Başika, ardınca da Mosul əməliyyatları ilə qırılma nöqtəsinə gəldi.

Lakin Türkiyənin Orta Şərqdə əhəmiyyətli rol oynaması, proseslərin normallaşdırılmasına yönələn cəhdi vəziyyəti dəyişdirdi. Ərdoğan və Yıldırım bu addımları “xarici siyasətdə normallaşma” və “dostları artıran, düşmənləri azaldan bir xarici siyasət” olaraq ifadə etdi. Türkiyənin Rusiya ilə əlaqələri möhkəmləndirməsi və Suriya məsələsində əməkdaşlıq Türkiyənin Orta Şərqdəki rolunu daha da gücləndirdi. Moskvada Rusiya, Türkiyə və İranın atəşkəslə bağlı razılığa gəlməsi Türkiyə üçün yeni siyasi həmlələrə imkan yaratdı. Əvvəldə qeyd edildiyi kimi İranın İraqdakı təsir dairəsi danılmaz faktdır. Bununla belə, terrorizmlə mübarizə üçün regionda Türkiyəyə böyük ehtiyac var. Qeyd etmək lazımdır ki, Türkiyə bütün proseslərdə balansı qorumağa çalışır. Ankara Ərbil və Bağdadı bir-birinin alternativi kimi yox, tamamlayıcısı kimi qəbul edir. Türkiyə baş nazirinin Bağdadla yanaşı, Ərbilə də səfər etməsi bunun göstəricisidir.

Binali Yıldırım və Heydər əl-İbadinin birgə mətbuat konfransında verdikləri mesajlar Ankara ilə Bağdadın münasibətləri real müstəvidə normallaşdırmaq niyyətlərinin ciddiliyini təsdiqləyir. Bu çərçivədə əl-İbadinin terrorçu PKK-nın İraq ərazisindən Türkiyəyə qarşı istifadəsinə imkan verilməyəcəyini vəd etməsi əhəmiyyətli məsələdir. Əl-İbadi Sincarda PKK-nın mövcudluğuna son qoymaq üçün İraq ordusu ilə peşmərgənin birgə fəallığını artıracağını deyib. Eyni zamanda, Yıldırımın İraqın ərazi bütövlüyünü dəstəklədiklərinə dair bəyanatı da Ankaranın region ölkələri sərhədlərinin dəyişməzliyi prinsipindən geri çəkilmədiyinin təsdiqidir. Bundan başqa, Yıldırım əl-İbadini inandırıb ki, Başika hərbi bazası fəaliyyətini davam etdirərsə, bu, İraqın xeyrinədir. Ümumiyyətlə, Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yıldırım və əl-İbadinin rəhbərliyi altında keçirilmiş 3-cü iclasında əldə edilmiş anlaşmalar iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı hesab olunur.

İki ölkə arasında qarşılıqlı münasibətlərin normallaşdırılmasına istiqamətlənmiş addımların nə qədər davamlı və təsirli olacağını indidən söyləmək çətindir. Ən azı ona görə ki, regionda gedən proseslərin digər böyük oyunçuları hadisələrin məhz onların maraqlarına uyğun inkişaf etməsinə çalışırlar. Türkiyə ilə İraqın belə bir mürəkkəb şəraitdə aralarındakı razılaşmaya sadiq qalmaları çətin olsa da, mümkündür.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır