!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə AKP-dən əvvəl və sonra: rəqəmlər nə deyir?

!Reklam – Yazi

Türkiyədə cərəyan edən məlum proseslər fonunda qardaş ölkənin hakimiyyətini hər fürsətdə tənqid edənlər AKP iqtidarının rəqəmlərlə konkret ifadə olunan fəaliyyətini görmək istəmirlər.

Yeniçağ.Az xəbər verir ki, Türkiyədə 2002-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində qalib gələrək, iqtidara yüksələn Ədalət və İnkişaf Partiyası (AKP) 14 il ərzində ölkəni “zirzəmidən zirvəyə” qaldırmağa nail olub.
Türkiyənin daxili və xarici siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə, hətta şou-biznesinə qədər istənilən ciddi xəbər Azərbaycanın gündəmində də özünə yer edib. Bu isə əlbəttə ki, səbəbsiz deyil. Müasir dünyada Türk-İslam aləminin lokomotivi sayılan Türkiyəyə aid məsələlərin Azərbaycanda həssaslıqla qarşılanması bu iki qardaş ölkə arasındakı bağların möhkəmliyini göstərir. O baxmdan, Türkiyənin gündəmindəki istənilən məsələyə Azərbaycanda da bu və ya başqa formada reaksiyalar verilməsi təbiidir. Digər tərəfdən, qlobal güclərin Türkiyəyə qarşı əsasən, son dağıdıcı planlarını işə salmaları Azərbaycandakı bu həssaslığı xeyli artırıb. Azərbaycanda mütləq əksəriyyət Türkiyə xalqı ilə iqtidarın beynəlxalq təzyiqləri dəf etmək üçün göstərdiyi cəhdləri, etdiyi manevrləri diqqətlə izləyir və qardaş ölkənin bütün “düyün”ləri tezliklə çözməsini arzulayır.

Lakin davam edən bu ağır mübarizədə Türkiyəni 14 ildir ayaqda saxlayan, tarixinin ən yüksək inkişaf pilləsinə qaldıran, dövlətin tarixi gücünü və əzəmətini bərpa etmək üçün ardıcıl fəaliyyət göstərən AKP iqtidarını hədəfə alanlar da var. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin AKP hökumətinin “yarıtmazlığını” sübut etmək istəyənlər öz tənqidlərində daha çox Qərbdəki mərkəzlərin tezislərinə istinad etməkdədirlər. Bu kateqoriyaya aid “tənqidçilər”in iddialarından belə məlum olur ki, Türkiyəyə qarşı beynəlxalq təzyiqlərin dayandırılması və terror hücumlarına son qoyulması üçün Ərdoğan Qərbin bütün şərtlərini yerinə yetirməli, Türkiyə isə yenidən müti dövlət halına gəlməlidir; ən yaxşısı isə, AKP hökumətinə son qoyulmalıdır. Bu iddiada olanların AKP dönəmində Türkiyənin müşahidə edilən iqtisadi sıçrayışını, həyata keçirilən çoxmilyardlıq nəhəng layihələri, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində atılan addımları “görməmələri” tipik qərəz nümunəsidir.

Bütün bunları nəzərə alaraq, Türkiyənin AKP-yə qədər olan vəziyyəti və onun hakimiyyəti dövründə yaşadığı dəyişikliklərə nəzər salmaq lazım gəlir. Türkiyənin 2002-ci ilə qədər olan durumunu göz önünə gətirək: xarici investisiyadan asılılıq, ifrat borclanma, hərəkətli inflyasiya, beynəlxalq siyasi-iqtisadi amillərin “girovluğü”, üstəgəl ardıcıl siyasi böhranlar, generalitetin dövlət idarəetməsinə müdaxiləsi və səngiməyən PKK terroru…

Sadalanan problemlərin məngənəsində sıxılan Türkiyə ölkədəki vəziyyətin ağırlaşmaması üçün istənilən şərt altında təklif olunan xarici “yardım”ı qəbul edir və bununla da öz asılılığını daha da dərinləşdirirdi. Xatırladaq ki, AKP-nin ilk dəfə iqtidara gəldiyi 2002-ci il növbədənkənar seçkiləri də məhz sözügedən siyasi böhran nəticəsində keçirilmişdi. AKP hökumətinin 14 illik fəaliyyətinə ən doğru qiyməti Türkiyə iqtisadiyyatının böyüməsini, inkişafını və şaxələnməsini təsdiqləyən rəqəmlər əsasında vermək daha doğru olardı.

2002-ci ildə ümumdünya iqtisadi reytinq siyahılarında ən aşağı pillədə itib-batan Türkiyə məhz AKP iqtidarının məqsədyönlü siyasəti sayəsində bu gün 17-ci göstərici ilə ən böyük iqtisadiyyata mailk ölkələrin 20-liyinə daxil olub. Eyni zamanda, Türkiyə keçdiyi iqtisadi inkişafı yolu ilə Avropada 7-ci sıraya yüksəlib. 2002-ci ilə qədər adambaşına düşən Ümumi Daxili Məhsulu (ÜDM) 3 500 dollara çatmayan Türkiyədə bu rəqəm artıq 10-11 min dollarla ifadə olunur. Ölkənin xarici ticarət dövriyyəsinin bir neçə dəfə genişlənməsi də AKP hökumətinin fəaliyyətinin nəticəsidir. Konkret desək, 2002-ci ilə qədər cəmi 88 milyard dollar təşkil edən bu dövriyyə 390 milyard dollar səviyyəsinə çatdırılıb. Ölkənin ixrac potensialı da AKP dönəmində 3 dəfə artaraq, 175 milyard dollara yüksəlib. Türkiyə iqtisadiyyatına cəlb edilən xarici investisiyanın həcmi isə 180 milyard dollar civarındadır. Bundan başqa, 2002-ci ildə ölkənin xarici valyuta ehtiyatı cəmi 27 milyard dollar olduğu halda, hazırda 110 milyard dollardır. Ən əsası, 2002-ci ilə qədər 23,5 milyardlıq xarici borc altında qalan Türkiyə bu asılılıqdan məhz AKP iqtidarı sayəsində xilas olub. Hökumət Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını bağlayaraq, bu beynəlxalq maliyyə qurumunun Türkiyəni təzyiq altında saxlamasına son qoyub. AKP iqtidarının aktivinə yazılan göstəricilərdən biri də Türkiyənin borcalan dövlətdən donor dövlətə çevrilməsidir. Ölkənin əsas gəlir mənbələrindən biri olan turizm sektorunun inkişafı da AKP iqtidarının adı ilə bağlıdır. Bu gün Türkiyənin beynəlxalq turizm reytinqində ilk 10-luqda qərarlaşması deyilənlərin təsdiqidir.

AKP dönəmində Türkiyənin müdafiə potensialının və hərbi qüdrətinin yüksəlməsinə hesablanmış uğurlu fəaliyyət xüsusi qeyd olunmalıdır. 2002-ci ilə qədər hərbi-sənaye kompleksi yaradılmayan Türkiyə hazırda ən müasir texnologiyaya əsaslanan müdafiə sənayesinə malikdir və dünyanın əsas silah ixracatçılarından biridir. Hökumət ən qısa müddətdə ölkənin hərbi təyyarə brendinin yaradılması istiqamətində davamlı işlər görür. Bu, AKP iqtidarı dövründə tikilmiş dövlət xəstəxanaları, məktəblər və digər sosial obyektlərin statistikası isə Türkiyənin 2002-ci ilə qədərki Cumhuriyyət tarixinin analoji göstəricilərinin birgə cəmindən dəfələrlə çoxdur.

Türkiyənin terrorçu PKK ilə mübarizəsini, Yaxın Şərq böhranı nəticəsində ölkədə sığınacaq verilən 5 milyon qaçqını və kasıb ölkələrə maliyyə yardımına sərf olunan böyük vəsaitləri də nəzərə alsaq, AKP hökumətinin bu ağır şərtlər altında hansı uğurlara imza atdığı təsəvvür edilər.

Doğrudur, son aylarda qlobal siyasi-iqtisadi proseslər nəticəsində Türkiyə də müəyyən çətinliklərlə üzləşib. Ancaq etiraf olunmalıdır ki, qardaş ölkə üzləşdiyi genişmiqyaslı təzyiqlərə qarşı mübarizə aparmaqla bərabər, iqtisadiyyatın dayanıqlığını təmin etmək üçün də lazım olan addımları atır. Ona görə də olduqca ekstremal şəraitdə fəaliyyət göstərən AKP iqtidarının fəaliyyətini qiymətləndirərkən, bu amillər mütləq nəzərə alınmalıdır.

Tənqid xatirinə tənqid heç vaxt yerinə düşmür.

 

Yeniçağ.Az

www.yenicag.az

1365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv