yenicag.az
yenicag.az

Türkiyə Azərbaycandan cəmi 1 saat geri qalacaq

Türkiyə Azərbaycandan cəmi 1 saat geri qalacaq

Müəllif: Redaktor

Editor

img1661176Adil Qeybulla: “Saat dəyişikliyinin iqtisadi səmərəsi olmadığından bundan imtina etmək məqsədəuyğundur…”

Türkiyədə noyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkiləri səbəbi ilə qış vaxtına keçid təxirə salınıb. Belə ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi seçkilərlə bağlı təhlükəsizliyin təmin olunması məqsədilə qış vaxtına keçid tarixinin oktyabrın 25-dən noyabrın 8-nə dəyişdirilməsi barədə qərar qəbul edib.

Bu isə o deməkdir ki, iki həftəyə yaxın Azərbaycanla Türkiyə arasındakı saat fərqi 2 saat yox, 1 saat olacaq. Qeyd edək ki, Azərbaycanda qış vaxtına keçid həmişə olduğu kimi, oktyabrın son bazar günündə həyata keçiriləcək – yəni oktyabrın 25-də.

Qış-yay vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilir. İqtisadçılar bu keçidin iqtisadiyyat üçün əhəmiyyətli olduğunu bildirirlər. Belə ki, qış vaxtına keçidin tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.

Həkimlər isə ildə iki dəfə saat dəyişiminin insan səhhəti üçün zərərli olduğunu düşünür. Xatırladaq ki, son bir neçə ildə əksər ölkələr vaxt dəyişimindən imtina edib.

Keçid dövrü – yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə artır; intiharların sayı 0,66 faiz artır; təcili yardıma müraciətlərin sayı artır. Bundan əlavə, insanların əmək qabiliyyətində də azalma müşahidə edilir.

Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri də saat əqrəblərinin irəli-geri çəkilməsinin insanların səhhəti ilə bağlı müəyyən problemlər yaratdığını sübut edir. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var. Saatların çəkilməsi insanların davranışında da özünü göstərir. İnsanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, anaların davranışlarına təsir edir.

Adaptasiya prosesi insanların sinir sisteminə də mənfi təsir edir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirdir. Bu qrup şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur.

Mütəxəssislərə görə, saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması 2 həftəyə yaxın vaxt alır. Bu müddətdə həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salın. Orqanizmə daha çox yatmağa imkan verin. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışın. Yuxu vaxtını ən azı 1 saat artırın. Nəhayət, ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusilə C vitamini qəbul etməyə çalışın.

Tibb elmləri doktoru, professor Adil Qeybulla saat dəyişikliyinə 1-2 ay əvvəldən hazırlaşmaq lazım olduğunu bildirdi: “Saatların irəli-geri çəkilməsini iqtisadi faktorlarla əlaqələndirirdilər. Amma bunun elə bir önəmi yoxdur. Çünki əksər ölkələr artıq qış və yay vaxtına keçməkdən imtina edib. Ona görə də bu, uzun müddət iş rejiminə uyğunlaşmış insanların ritmini pozur və yeni bir situasiya yaranır. İnsan bir saat öncə yuxudan durmalı, işə getməlidir. Yəni insanın bütün sistemi pozulmuş olur. Ona görə də saatların irəli-geri çəkilmə məsələsi ölçüb-biçilməlidir. Qış və yay saatına keçmək üçün insanlar hazırlaşmalıdır.

1-2 ay əvvəldən başlayaraq onlar yatma və oyanma vaxtlarını, iş rejimlərini hər gün 10-15 dəqiqə dəyişməlidirlər. Məsələn, əgər saatlar irəli çəkilirsə, 15 dəqiqə tez işini bitirməklə buna öyrəşmək olar. Saat çəkimi daha çox uşaqlarda və yaşlı adamlarda problemlər yaradır. Hesab edirəm ki, saat dəyişikliyinin iqtisadi səmərəsi olmadığından bundan imtina etmək məqsədəuyğundur”.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti