www.sinerjipro.net

SinerjiProWide
Reklam

Tanınmış politoloq Türkiyənin güclü “beynəlxalq oyunçu”ya çevrilməsi üçün daxili problemləri aradan qaldırmalı olduğunu düşünür.

Yeniçağ.Ru – Rusiya Beynəlxalq Məsələlər Şurasının və “Valday” diskussiya klubunun eksperti, ABŞ-ın Yaxın Şərq proseslərini işıqlandıran “Al-Monitor” portalının redaktoru, Corctaun və Nyu-York universitetlərinin tədqiqatçısı Maksim Suçkov Yeniçağ.Ru-ya müsahibəsində ABŞ-Rusiya münasibətləri, ABŞ-la İran arasında qarşıdurma və Türkiyənin regional proseslərdə rolunu dəyərləndirib.

ABŞ-Rusiya münasibətlərinə toxunan politoloq bildirib ki, bu dövlətlər arasında qarşıdurma sistemli xarakter alıb:

“Özümü orijinal göstərmədən deyim ki, bu ölkələr arasında münasibət uzun müddət davam edə biləcək sistemli qarşıdurma vəziyyətindədir. ABŞ-la Rusiya artıq elə bir hala gəliblər ki, onların normal müzakirə edə biləcəkləri məsələlərin dairəsi xeyli kiçilib. Eyni zamanda, tərəflər situasiyanı daha da gərginləşdirməməyin vacibliyi barədə bəyanatlar verirlər. Bu məqsədə çatmaq isə mümkün və asan görünür. Tərəflərin münasibətlərin normallaşdırılması, yaxud da heç olmasa, qarşıdurmanın idarə olunması üçün ortaq nöqtə axtarmaq istəkləri var. Yəqin ki, bu, hazırda mümkün olan ən müsbət yanaşmadır. Əlbəttə ki, hazırki situasiya iki dövlət arasında münasibətlərin mümkün olan səviyyəsi olmasa da yaxşı imkandır. Ondan möhkəm tutmağa dəyər”.

ABŞ-la İran arasında mümkün toqquşmanı, o cümlədən, Rusiyanın bu qarşıdurmaya mümkün münasibətindən danışan Suçkov bunları deyib:

“ABŞ-la İran arasında gərginlik çoxdan mövcuddur. Əgər bu ölkələr arasında birbaşa hərbi toqquşmadan danışırıqsa, belə bir təhlükə var. Ancaq hələlik, bunun üçün ciddi əsaslar olduğunu söyləmək tezdir. ABŞ-ın nəzərindəki “məqbul İran” Vaşinqtonun regiondakı müttəfiqlərini narahat edən ekstremizm (şiəlik üzərində) meyllərini qızışdırmamalı və nüvə silahından imtina etməlidir. Bu “olmaz”ların birincisi ilə Körfəz ölkələri, ikincisi ilə bağlı isə İsrail tərəfində Vaşinqtonda lobbi fəaliyyəti həyata keçirilir.

ABŞ-ın İrana qarşı sərt mövqedən çıxış etməsi Rusiya üçün yaxşı xəbər deyil. İranın nüvə anlaşmasını pozmadığı halda ABŞ-ın təzyiqlərinə məruz qalması Moskvanı həmin müqavilənin şərtlərini qorumaq məcburiyyətinə gətirəcək. Bununla da İran problemi ABŞ-Rusiya arasında yenidən “bölücü alma”ya çevriləcək. Bu, özlüyündə süni münaqişədir.

Məncə, ABŞ və İran 2014-cü ildən sonra Rusiya xarici siyasətindəki psixoloji dəyişikliyin əhəmiyyətini düzgün qiymətləndirmir. Ümumiyyətlə isə Moskvada ABŞ-la sövdələşmə üçün İran və ya Suriyanın alver predmetinə çevriləcəyinə çox az adam inanar”.

Politoloq Türkiyədə keçirilən referendumdan sonra Ankaranın regional siyasətindəki mümkün dəyişikliklər haqqında bunları deyib:

“Türkiyə, hazırda həqiqətən də öz tarixinin ən dramatik epizodlarından birini yaşayır. Aydındır ki, sosial-siyasi transformasiyalar adətən, uzun çəkir və ağrılı olur. Eyni zamanda, bu, xarici siyasətdə özünü heç də istənilən kimi göstərmir. Mənə aydındır ki, Türkiyədə yaranan siyasi sistem prezident Ərdoğanı institusional baxımdan gücləndirir. Lakin o, rəqiblərinə qalib gəlsə də siyasi nöqteyi-nəzərdən hələ ki tam arxayın deyil. Türkiyə cəmiyyətindəki qütbləşmə və daxildəki qeyri-sabitlik Türkiyənin xarici siyasətinə təsirsiz ötüşmür.

Ola bilsin, Yaxın Şərqlə bağlı hansısa ifrat emosional qərarlar qəbul edilsin və ya avantüra xarakterli aksiyalara əl atılsın. ABŞ-ın Suriyanı bombalaması göstərdi ki, Ankara öz “stavka”sını sürətlə dəyişərək, Astana prosesindən çəkilib, Əsədin zorla devrilməsi mövqeyinə keçə bilər. Hadisələrin bu yöndə inkişafı Rusiya üçün arzuedilən deyil. Ona görə də Türkiyə “evin içi” ni qədər tez sahmana salarsa, o zaman da beynəlxalq arenanın güclü oyunçularından biri olacaq”.

Nicat Hacıyev

Yeniçağ.Az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."