www.sinerjipro.net

SinerjiProWide
Reklam

????????????????????????????????????

Türkiyə Rusiya ilə hansı iqtisadi sahələrdə əməkdaşlıq edir?

Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin türklər tərəfindən vurulması və bundan sonra iki ölkə arasında yaranan gərginlik “Türkiyə-Rusiya” iqtisadiyyatında hansı nəticələrə gətirib çıxara bilər?

Rusiya prezidenti Vladimir Putin məsələ ilə əlaqədar etdiyi şərhdə “Bu hadisənin çox ciddi nəticələri olacaq” deyə bildirmişdi. Bu gün edilən şərhlərdən də aydın olur ki, Rusiya Türkiyə ilə bir çox iqtisadi sahələrdə əlaqələri dayandırmaq niyyətindədir.

Türkiyə Rusiya ilə hansı sahələrdə əməkdaşlıq edir?

23,5 milyon dollarlıq toyuq əti ixracı

Türkiyənin Rusiyaya ixrac etdiyi ən mühüm məhsullardan biri də toyuq ətidir. Ötən il Rusiyaya 16 milyon dollar dəyərində toyuq əti ixrac edilib. 2015-ci ilin sonunda isə bu rəqəmin 23,5 milyon dollar olacağı proqnozlaşdırılırdı.

Ən çox turist Rusiyadan gəlir

Türkiyəyə Rusiyadan hər il 4 milyona yaxın turist gəlirdi. Türkiyəyə gələn turist sayında ikinci yeri tutan Rusiyadan 2015-ci ilin sentyabr ayına olan məlumatlara görə, 3,3 milyon turist ziyarət edib.

Rusiya meyvə-tərəvəz istehsalçılarının əsas bazarlarından biridir

Rusiya bazarlarına təxminən 1 milyard dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac edilir. Almaniya 300 milyon dollarla Rusiyadan sonra Türkiyə üçün ikinci əhəmiyyətli bazardır.

Geyim sənayesi və “Çamadan” ticarəti

Bir çox Türk tekstil markasının Rusiyada investisiyası var. Bundan başqa, iki ölkə arasında rəsmi qeydlərdə olmayan “çamadan” ticarəti də mövcuddur.

Rusiya Səudiyyə Ərəbistanı və İraqdan sonra 3-cü yerdədir

Rusiya vətəndaşları Türkiyənin mənzil bazarına investisiya edən 3-cü ölkədir. 2015-ci ilin ilk 10 ayında Türkiyə daxilində əcnəbilərə ümumilikdə 18 min 428 ev satılıb. Rusiya vətəndaşları 1750 ədəd ev ilə İraq və Səudiyyə Ərəbistanından sonra üçüncü sırada iştirak edir.

Türk markalarının ən çox mağaza açdığı ölkə

Rusiya son illərdə Türk markalarının ən çox mağaza açdığı ölkələr sırasındadır. 30-dan çox türk markasının Rusiyada 700-dən çox mağazası var. Rusiyada mağazaların 75%-ni isə hazır geyim markaları təşkil edir. Bu sektoru mebel və ev tekstili sənayesi təqib edir. Ayaqqabı, ləl-cəvahirat və ev məhsulları istehsalçıları da Rusiyada son dövrlərdə bir çox mağaza açmışdı.

İki ölkə arasında xarici ticarətin həcmi 17,3% artmışdı

2010-2014-cü illərdə iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi 17,3% artaraq 26,6 milyard dollardan 31,2 milyard dollara yüksəlib. Bu ilin yanvar-avqust aylarında Rusiyadan reallaşdırılan 14,4 milyard dollarlıq idxalatın 9,1 milyard dollarını enerji sektoru üzərindən edilib. Beləcə enerji idxalatı, bu ölkədən edilən ümumi idxalatın 63,2%-ni meydana gətirib. Demir-polad sənayesi də 2 milyard dollarla idxalatda ön plana çıxan digər sektor olub.

Türk Axını

Rusiyadan başlayıb Qara dəniz üzərindən Türkiyəyə köçürülməsi planlaşdırılan təbii qaz boru xətti layihəsinin təklifi 2014-ci ilin dekabr ayında Putin tərəfindən təklif edilmişdi. Boru xəttinin planlaşdırılan təxmini daşınma həcmi ildə 63 milyard kub metr olaraq hesablanmıştı.

Türkiyənin bu layihədən ildə təxminən 14 milyard kub metr təbii qaz alması və geriyə qalan 49 milyard kub metr qazın Avropaya ixrac edilməsi planlaşdırılırdı.

Bundan başqa, iki ölkə arasında elektrik, nüvə enerji sahələrdə əməkdaşlıq mövcuddur.

ÜMUMİLƏŞDİRİLMİŞ STATİSTİKA NƏ DEYİR?

Segodnya.ua saytının məlumatına görə, Rusiya Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdəndir. Ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhfəsi 4 milyard dollardan çox olub. 2014-cü ildə Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34,3 milyard dollar olub. Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırıb. Bu, kiçik rəqəm deyil.

1

Bundan başqa son illər Türkiyə-Rusiya iqtisadi əlaqələri inkişafda olub. Ötən il Türkiyənin Rusiyaya ixracı yanvar-sentyabr aylarında 3.01 milyard dollar, bütövlükdə il ərzində 5,9 milyard dollara çatıb. Türkiyənin ixrac etdiyi qida məhsulların 20, yüngül sənaye mallarının 15 faizi məhz Rusiyaya göndərilir.

Ötən il Rusiyadan Türkiyəyə ixrac yanvar-sentyabr aylarına 15.1 milyard, bütövlükdə il ərzində 25 milyard dollar olub. 2014-cü ildə isə bu rəqəm 31 milyard dollar olub. Rusiyadan ildə 28 milyard kubmetr mavi qaz idxalı Türkiyənin bu enerji növünə olan tələbinin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Ölkənin istehlak etdiyi neftin isə 30 faizi Rusiyadan gəlir.

2

İki ölkə arasında son gərginlik Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcək, amma Rusiya da bu prosesdən itkisiz çıxmayacaq. Türkiyə Misirlə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satırlar. Eyni zamanda Türkiyə Rusiya istehsallı polad məhsullarının əsas alıcılarındadır.

İki ölkə arasında investisiya layihələrinə aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Türkiyə “Rosatom”la nüvə reaktorunun quraşdırılması haqda 20 milyard dollarlıq müqavilə imzalayıb. Avropa İttifaqı “Cənub axını” layihəsinə yox deyəndən sonra Moskva hələ də “Turk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır.

Rusiyaya tətbiq edilən sanksiyalar fonunda ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il iqtisadi münasibətlərə təsirsiz ötüşməyib. Bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracı 40 faiz azalaraq 2,7 milyard dollara düşüb.

Son olaraq qeyd etmək lazımdır ki, bu böhrandan hər iki ölkə ciddi iqtisadi itkilərə məruz qalacaq. Qərb və ABŞ-ın Türkiyəyə dəstək mesajı isə əsrlər boyu Rusiya ilə olan ənənəvi iqtisadi rezervi əvəz edəcəyi heç də real görünmür.

Azər Verdiyev

ASGA Analitik Təhlil Mərkəzinin sədri

İcmalçı

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."