Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayıb

Müəllif: Redaktor

Editor

14686714324055054050_1000x669Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat imzalayıb. Bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir: “Yaşananlar bölgədə önəmli mövqeyə sahib olan Türkiyə Cumhuriyyətinə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyildir. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır” – deyə bəyanatda vurğulanır.

Azərbaycan diaspor təşkilatları Türkiyənin demokratik və dünyəvi dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inamlarını ifadə ediblər. “Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin hansı nəticələrə gətirdiyini Türk xalqı yaxşı xatırlayır” – bəyanatda vurğulanır.

Diaspor təşkilatları Türkiyədə yaşayan bütün azərbaycanlıların Türk xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini dəstəklədiyini bildirərək, həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal iştirak etməyə çağırıb. “Bu xain təşəbbüsün qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün Türk xalqına başsağlığı veririk. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxmışdır. Tarix növbəti dəfə böyük Türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq oldğunun şahidi oldu!” – bəyanatda belə deyilir.

Bəyanat Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İsTAD), Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Eskişehir Azərbaycan Dərnəyi, Ankara Türkiyə Azərbaycan Dərnəyi (TAD), Kahramanmaraş Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və digər diaspor təşkilatları adından yayılıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır