Türkiyədəki referenduma Azərbaycandan “müdaxilə”: “Bu çağırışlar təbii qarşılanmalıdır”

Müəllif: Redaktor

Editor

Aprel ayına təyin olunmuş Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendum kampaniyası Azərbaycandakı “Evet” və “Hayır” tərəfdarlarını da fəallaşdırıb.

Yeniçağ.Az xəbər verir ki, Türkiyədə keçiriləcək referenduma biganə qalmayan minlərlə Azərbaycan vətəndaşı sosial şəbəkələrdə açılan müzakirələrdə qardaş ölkə seçicilərinə “Evet” və “Hayır” mövqeyinə uyğun çağırışlar etməkdədirlər. Türkiyədə təqribən iki ay sonra baş tutacaq Konstitusiya referendumu məsələsi Azərbaycan gündəminin də əsas mövzularından biridir. Hər halda, ölkə mediasında və sosial şəbəkələrdə bu məsələyə dair gedən müzakirələr Azərbaycan vətəndaşlarının Türkiyə Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan referenduma yönələn həssaslığını göstərir. Ancaq maraqlıdır ki, Azərbaycanda getdikcə vüsət alan bu müzakirələr öz gərginliyinə görə Türkiyədəki kampaniyadan heç də geri qalmır.

Xüsusilə son günlərdə Azərbaycandakı “Evet” terefdarlarının sosial şəbəkələrdə fəallıqlarını artırmaları diqqətdən yayınmır.

“Rəqib”lərinin bu aktivliyi qarşısında səssiz qalmamağa çalışan “Hayır”çılar öz mövqelərinin haqlı olduğunu isbatlamağa cəhd göstərirlər. Azərbaycandakı referendum “tərəf”ləri arasında gedən polemikaların arqument bazası da Türkiyədəki analoji müzakirələri xatırladır. “Evet”çilər yaranmış mövcud vəziyyətdə Türkiyənin daxili və xarici vəziyyətini nəzərə alaraq, Konstitusiyanın dəyişdirilməsini həyati zərurət adlandırırlar. Əks mövqedə olanlar isə Türkiyə iqtidarının Konstitusiyanı dəyişmək qərarını AKP hökuməti əleyhdarlarının tezisləri, əsasən də, “diktatura yaratmaq” arqumenti ilə tənqid edirlər. Bu müzakirələrə qatılan nisbətən neytral mövqenin daşıyıcıları da səssiz qalmayaraq, Azərbaycandan edilən “Evet” və “Hayır” çağırışlarını “Türkiyədəki daxili-siyasi mübarizəyə lazımsız müdaxilə” kimi qiymətləndirirlər.

Türkiyədə gözlənilən referenduma Azərbaycandan verilən reaksiyaları Yeniçağ.Az-a şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, vətəndaşlarımızın qardaş ölkədə cərəyan edən mühüm siyasi proseslərə münasibət bildirmələri təbii qarşılanmalıdır:

“Söhbətin hər hansı başqa bir ölkədən deyil, Türkiyədən getdiyini nəzərə alsaq, Azərbaycandan verilən reaksiyalarda qeyri-adi heç nə yoxdur. Türkiyə müstəqilliyimizin bərpasının ilkin dönəmində Azərbaycan istiqlaliyyətinin qorunub saxlanmasında yeganə beynəlxalq faktor olub. Azərbaycan bütün ciddi addımlarında ilk növbədə Türkiyənin dəstəyinə güvənib və müstəqilliyini möhkəmləndirib; yəni Türkiyə-Azərbaycan münasibətlərinin xarakteri elədir ki, bu qardaş ölkələrdən birində baş verən hadisələr digərində təbii reaksiyalar doğurur. Unutmayaq ki, Türkiyəyə aid istənilən mühüm hadisə Azərbaycana təsirsiz ötüşmür. Ən azı bunu nəzərə alsaq, Azərbaycan vətəndaşlarının Türkiyədə keçiriləcək Konstitusiya referendumuna münasibətlərini açıqlamaları təbiidir.

Sosial şəbəkələrdə gedən bu müzakirələri mən də izləyirəm və Türkiyə referendumu ilə bağlı “Evet” deyən Azərbaycan vətəndaşlarının “Hayır” tərəfdarlarından qat-qat çox olduqlarını müşahidə edirəm. Etiraf edək ki, Türkiyə hakimiyyətinın yaranmış mövcud şəraitdə qərarların qəbulunu asanlaşdırmaq və çevik idarəetmə mexanizmi yaratmaq niyyəti mövcud reallıqdan irəli gəlir. Bu addımın “diktatura qurmaq” kimi qələmə verilməsi qətiyyən doğru deyil. Hər halda, dünyanın aparıcı ölkələrinin əksəriyyətində məhz güclü prezident hakimiyyəti bərqərar edilib. Bu baxımdan, Türkiyə iqtidarının da prezident üsul-idarəsinə keçmək niyyəti başa düşüləndir. Digər tərəfdən, AKP Türkiyə xalqının təkrar-təkrar verdiyi mandat əsasında hakimiyyətdədir və bu referendumun mümkün nəticəsini də məhz xalqın iradəsi müəyyənləşdirəcək. Ona görə də, “diktatura qurmaq” iddiasının əsassız olduğunu düşünürəm.
Azərbaycan vətəndaşlarının sosail şəbəkələrdəki bu fəallığını Türkiyənin daxili işlərinə müdaxilə kimi qiymətləndirmək də yanlışdır. Çünki bu təşəbbüslər, bu çağırışlar rəsmi səviyyədə irəli sürülmür, vətəndaşlarımız tərəfindən könüllü həyata keçirilən təbliğatdır”.

A.Zeynalov
Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir