yenicag.az
yenicag.az

Türkiyənin termal turizm cənnəti-Dənizli…

Türkiyənin termal turizm cənnəti-Dənizli…

Müəllif: Redaktor

Editor

1476430518_vali-ile(Termal şəhərlərdən səfər qeydləri)

II yazı

Budəfəki yazıda Türkiyəyə 2-7 oktyabr tarixlərində baş tutan səfərimizin bu ölkənin daha bir termal turizm cənnəti olan Dənizlidə keçən 2 günündən bəhs edəcəm. Qısa bir xatırlatma edim ki, səfər Türk Hava Yollarının, “NG hotel qrup”, “Nobel” Tibb Mərkəzi və “Kaya Termal”ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə reallaşmışdı. İnfotur Türkiyənin əsas termal turizm mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmir bölgələrini əhatə edirdi. Məqsəd bu bölgələrin turizm potensialı ilə tanışlıq, buradakı təsislərlə əməkdaşlığın qurulması, onlara Azərbaycanın sağlıq turizmi imkanları haqqında məlumat vermək və bu sahədə Türkiyə ilə qarşılıqlı turist mübadiləsinin həyata keçirilməsinə nail olmaq idi.

Bir qədər də infoturda iştirak edən qrupumuz haqqında məlumat verim. 1-ci yazıda qeyd etdiyim kimi, qrupumuza Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev və Türk Hava Yolları aviaşirkətinin region üzrə marketinq nümayəndəsi Gülnar Rzazadə başçılıq edirdi. Nümayəndə heyətimizin tərkibinə Gülcahan Səlimova (“Millennium Tourism & Congress”), Rahib Rəhimov (“RAN Tur”), Əli Qocayev (“Via Qroup”), Mehriyyə Dünyamalıyeva (“Xəzər Travel”), Nailə Yaquşeva (“Spektr Travel”), Səbinə Quliyeva (“SW Travel”) və bu sətirlərin müəllifi AFN.az saytının redaktoru olaraq daxil idik. Afyonda bizə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzetinin əməkdaşı Mehparə Sultanova da qatılmışdı.

Qırmızı rəngli termal suyun sirri…

Oktyabrın 3-də “NG Afyon” hotelindən ayrılıb Dənizliyə yollandıq. Hava çox isti olsa da hotelin bizə ayırdığı komfortlu mikroavtobusda bu o qədər də hiss olunmurdu. Ümumiyyətlə, Türkiyənin əsas termal mənbələri ölkənin cənubunda yerləşir. Buna Yaradanın qanunauyğunluğu kimi də baxmaq olar. Çünki termal mənbələr üzərində qurulan təsislərdə yay mövsümü mayın əvvəllərindən başlayıb oktyabrın ortalarına, bəzi vaxtlarda isə sonlarına qədər davam edir. Bu müddətdə həmin təsislərdə müalicə olunan xəstələr açıq hovuzlardan, birbaşa mənbələrin özündən rahatlıqla istifadə edə bilirlər.

Yolboyu göz işlədikcə uzanan pambıq, üzüm tarlaları, meyvə bağları, kartof, kələm sahələri bu ölkənin kənd təsərrüfatının inkişafından xəbər verirdi. Türkiyə iqtisadiyyatının ən böyük üstünlüklərindən birincisi də elə budur. Ölkə kənd

təsərrüfatı mənsulları ilə nəinki özünü təmin edir, eyni zamanda xarici bazarlara da yüksək keyfiyyətli məhsullar ixrac edir ki, bu da daxili bazarda ucuzlaşmaya, insanların dolanışıq səviyyəsinin yüksək olmasına gətirib çıxarır.

Təxminən 250 kilometrə yaxın məsafə qət etdikdən sonra günorta saatlarında Dənizlinin Pamukkale bölgəsində yerləşən “Pam Termal Hotel”ə çatıb yerləşirik. Nahardan sonra hotellə tanışlıq başlayır.

“Pam Termal Hotel” Dənizlinin mərkəzindən 20 kilometr məsafədə yerləşir. Hotel termal mənbənin üzərində tikilib. Buradakı termal su qırmızı rəngdə olmaqla, bir çox xəstəliklərin dərmanıdır. Xüsusilə sinir sistemi xəstələrinin müraciət etdiyi hoteldə müalicə ilə bərabər yüsək səviyyəli istirahət imkanları da mövcuddur.

Hotellə yanbayan “Nobel” tibb mərkəzi fəaliyyət göstərir. Burada xəstələrə ilkin diaqnoz qoyulduqdan sonra peşəkar həkimlər tərəfindən müalicə prosedurları təyin edilir. 3 mərtəbəli mərkəzdə geniş fizioterapiya imkanları mövcuddur. Su ilə müalicə Almaniyadan gətirilmiş müasir tibb avadanlıqlarının köməyi ilə paralel aparılır.

“Pam Termal Hotel”in konfrans zalında keçirilən seminarda buradakı müalicə və istirahət imkanları ilə bağlı daha geniş məlumatlar əldə edirik. Mərkəzin müdiri Turgay Sehil bildirir ki, “Nobel” Pamukkale bölgəsində fəaliyyət göstərən yeganə tibb mərkəzidir. Buradakı termal mənbədən saniyədə 1500 litr su 150 metr dərinlikdən 58 dərəcə istilikdə çıxır. Suyun tərkibi dəmir və sulfatla zəngindir ki, bu da nevroloji, ortopedik və oynaq xəstəliklərinin müalicəsində çox effeklidir. Suyun temperaturu xəstənin vəziyyətinə uyğunlaşdırılır. Lakin mərkəzdə müalicə təkcə termal su ilə məhdudlaşmır. Müasir avadanlıqlarla təchiz olunmuş fizioterapiya otaqlarında peşəkar həkimlər fəaliyyət göstərir. Turgay Sehilin sözlərinə görə, mərkəzdə palçıqla müalicəni necə, hansı formada tətbiq etmək üçün 3 il araşdırma aparıblar: “Bizim xəstələrimizin sağalmasında əldə etdiyimiz yüksək nəticələrin səbəblərindən biri də odur ki, dəqiq müayinə etmədən xəstəyə müalicə tətbiq etmirik. Mərkəzə ən peşəkar həkimləri cəlb etmişik. Qəbul etdiyimiz hər bir xəstənin öz sağlığına qovuşması bizim əsas prioritetimizdir. Elə xəstələrimiz var ki, artıq bir neçə ildir burada ardıcıl müalicə alır. İstərdik ki, bu bölgədə belə mərkəzlərin sayı çox olsun”.

Turgay bəy Azərbaycanın sağlıq turizmi təsisləri ilə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırır. Deyir ki, onlar üçün xarici bazar da çox önəmlidir. Bu səbəbdən də rəhbərlik etdiyi mərkəzə Avropa, Skandinaviya, Afrika ölkələrindən də müraciət edənlər çoxdur. Azərbaycandan da kifayət qədər xəstə

qəbul edirlər. 2016-cı ilin ötən dövrü ərzində 300-dən çox Azərbaycan vətəndaşına xidmət göstəriblər ki, bunun da əhəmiyyətli hissəsi uşaqlardır.

Turgay Sehil daha sonra nümayəndə heyətimizin üzvlərinin suallarını cavablandırdı.

Dənizli turumuz Pamukkaledən başlayır

Seminar yekunlaşdıqdan sonra səfər proqramımıza uyğun olaraq Türkiyənin dünyaca məşhur turizm məkanı olan Pamukkaleyə (Hierapolis) ekskursiya edirik. Təbii ki, Ali Kayanın müşayiəti ilə. Türkiyənin qədim tarixini və müasir infrastrukturunu özündə birləşdirən bu nəhəng, bir o qədər də maraqlı turizm mərkəzi girişdə qonaqlarını məşhur “Dənizli xoruzu” heykəli ilə salamlayır. Marağımızı görən Ali bəy söz verir ki, ekskursiyanın yekununda Dənizlinin simvolu olan bu xoruzun özəlliklərini bizə anladacaq.

Bilet alıb içəri daxil oluruq və budur, qarşımızda geniş, ucsuz-bucaqsız antik kənd görünür. Qeyd edək ki, Hierapolis (Pamukkale), arxeoloji ədəbiyyatda “Müqəddəs şəhər” adlandırılır. Bu isə şəhərdə olan bir çox məbəd və digər dini tikililərin olmasından qaynaqlanır. Antik məkan Dənizlidən 22 km. uzaqda yerləşir. Özü də yerin altından yüksələn isti su qaynaqlarının meydana gətirdiyi travertenler və şəlalələrlə yanaşı, Roma və Bizans dövründən qalma arxeoloji qalıqlarla zəngindir. Bunu ekskursiya boyu hər addımda hiss edirdik.

Pamukkale haqqında bir qədər geniş bəhs edəcəm. Bu gözəlliyi görüb də onun haqqında xəsisliklə məlumat vermək günah olardı.

Qeyd edək ki, Çökelez dağının cənub ətəyindən axıb gələn kalsium oksitli qaynar suların meydana gətirdiyi pambıq ağlığını xatırladan yayla olduqca qeyri-adi mənzərə yaradır. Burada yerin altından saniyədə 360 litr su çıxır. Özündə kalsium duzları və karbon qazı ehtiva edən 35 dərəcə istilikdəki termal suyun əsrlərdən bu yana müxtəlif xəstəliklər üçün dərman olduğuna hər kəs inanıb. Bu üzdən də şəfa axtaran insanların ən çox baş çəkdikləri yerlərindən biri olaraq tanınır. Bu maraq qaynaqların ətrafında Hierapolis adlı bir məskunlaşma məkanının meydana gəlməsinə də səbəb olub.

Bura sanki bir qalereyadır…

Bu məkan Ağdəniz hövzəsindən yayılmış, Helen və Roma sivilizasiyasının ehtişamlı mərkəzlərindən yalnız bir dənəsidir. Minerallarla zəngin isti sularla qidalanan təbii terraslar, hovuzlar və digər tərəfdən də yüksələn möhtəşəm binaların qalıqları insanı xəyalən qədim dövrlərə aparır. Bura sanki bir qalereyadır.

Haqqında xeyli sayda əfsanələr, hekayələr danışılan məkan hər zaman turistlərlə dolu olur. Orda olduğumuz zaman özümüz də bunun şahidi olduq.

Bələdçimiz məlumat verir ki, Pamukkale Roma hökmdarı Neron dövründə baş vermiş zəlzələdə böyük ziyan çəkib və tamamilə yenilənib. Üst-üstə yaşadığı bu zəlzələlərdən sonra şəhər bütün Hellenistik xüsusiyyətini itirir, tipik bir Roma şəhəri görünüşünü alır. Hierapolis Bizans dövründə də çox əhəmiyyətli bir mərkəz olub. Yol boyu antik şəhərdə kilsələrə də rast gəlmək olurdu. Bəlli olur ki, buna səbəb bizim eranın dördüncü yüzilində şəhərin artıq xiristianlığın bir önəmli məkanı kimi önə çıxması olub.

Pamukkale müalicə məqsədilə istifadə edilən yeraltı suları (travertenler) sayəsində tarix boyunca çoxsaylı turistləri özünə cəlb edib. Burada maraqlı detallarla rastlaşırsan. Məsələn, hamam yolçuların yuyunaraq şəhərə girmələri üçün şəhərin xaricində inşa edilib. Teatrdakı tamaşaçı yerlərinin 9.500 olması deməyə imkan verir ki, buradaki əhali sayı 95.000-100.000 arasında olub. Teatrın dizaynından burada qladiator döyüşləri göstərildiyi də aydın olur.

Kleopatra hovuzu haqqında rəvayət…

Türkiyənin termal turizm cənnəti-Dənizli...

Türkiyənin termal turizm cənnəti-Dənizli…

Antik hovuz Pamukkalenin ən əhəmiyyətli simvollarından biridir. Xüsusilə sağlamlığa faydalı olan suyu ilə dünyanın sayılı hovuzlarından biri olaraq qəbul edilir. İldə minlərlə adamın üzdüyü bu hovuz bir çox xəstəliklərə dərmandır. Məsələn, araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hovuzun suyu ürək xəstəliyi, damar sərtliyi, təzyiq, revmatizm, dəri, göz, raxit, iflic, sinir və damar xəstəliklərinə, içildikdə isə mədə xəstəliyinə çox yaxşı təsir edir. Bu da Roma dövründən etibarən Antik hovuzun ətrafında davamlı olaraq səhiyyə mərkəzlərinin qurulmasına səbəb olub.

Bu hovuzun suyunun özəlliklərindən biri də, deyilənə görə, burada çimənlərin cildinin gözəlləşməsidir. Guya burda yuyunmaqla Misir hökmdarı Kleopatra kimi gözəl olmaq da mümkündür. Bu üzdən də buraya Kleopatra hovuzu da deyirlər.

Dənizlilər bu barədə rəvayətlər də danışırlar. Deyilənə görə, əsrlər öncə bu ərazidə bir çoban yaşayırmış. Onun gözünün ağı-qarası bir qızı varmış. Bu qız o qədər eybəcərmiş ki, görənlər üzlərini qeyr-ixtiyari kənara çevirirmişlər. Bir tərəfdən kasıblıq, digər tərəfdən isə belə çirkin olması qızı intihar etməyə məcbur edir. O üzdən qız uca qayalıqların başına çıxıb özünü oradan atır. Qayaların dibində qaynayan bulaqlardan yaranmış göl qızı öz ağuşuna alır. Qanlar içərisində suda qalan qızın cildi bir neçə saatdan sonra gözəlləşməyə başlayır. Bu zaman yaxınlıqdan keçən şahzadə onu görür və dəlicəsinə vurulur. O, qızı götürüb evinə gətirir və necə deyərlər, göydən üç alma düşdü…

Təbii ki, bu bir əfsanədir. Amma biz orada Yaponiya, Çin, Qazaxıstandan gəlmiş turistlərin hovuzda üzdüyünün, bəzilərinin isə ən azı əl-üzünü yumasının şahidi olduq. Demək ki, əfsanə də olsa əsası var.

Hierapolis UNESCO-nun Dünya İrsi siyahısındadır

Antik şəhərin qalıqları ilə tanış olduqca, insanda bu qədim yaşayış məskəni haqqında təsəvvür formalaşır. Təxminən 1 km uzunluğunda olan şəhərin ən əhəmiyyətli və geniş mərkəzi küçəsi şəhəri bir ucundan digər ucuna ikiyə bölür. Şimali – cənub istiqamətində uzanan bu prospektin iki tərəfində sütunlu revaklar və əhəmiyyətli ictimai tikililər yer alıb. Hər iki tərəfdə monumental qapılar var. Müxtəlif istiqamətlərə açılan qapılara Şimali Roma, Cənubi Roma, Cənubi Roma qapıları kimi adlar verilib.

Dini əhəmiyyətli Hierapolisdə təmizliyə də böyük əhəmiyyət verilirdi. Bu səbəbdən qonaqların şəhərə daxil olanda təmiz olmaları üçün şəhərin giriş və çıxışlarında hamamlar inşa ediblər. Ona görə də Hierapolistdə 3 hamam olub. Bu hamamlardan Hamam Kilsə günümüzə qədər yaxşı qorunub saxlanıb. Bizans hamamı isə VII əsrdə meydana gələn böyük zəlzələdə dağılıb. Böyük hamamda isə hazırda Arxeologiya Muzeyi yerləşir.

Onu da bildirim ki, on min nəfərlik tutumu olan teatr, isti və soyuq hissələrdən ibarət olan hamamlar və bir çox tarixi tikililərlə zəngin olan Hierapolis UNESCO-nun Dünya İrsi siyahısına adını yazdırmağı bacarıb.

Bir Dənizli xoruzu hekayəsi… Və ya fonoqramsız ifa

Türkiyənin termal turizm cənnəti-Dənizli...

Türkiyənin termal turizm cənnəti-Dənizli…

Antik şəhərin maraqlı mənzərələrində şəkillər çəkdirməklə müşayiət olunan gəzintimiz axşama doğru yekunlaşır. Biz özümüz də bilmədən bir neçə kilometr məsafəni qət edərək şəhərin bu başından o biri başına gəlmişdik. Bizi götürəcək avtobus isə tur rəhbərimizi səhv başa düşərək qrupumuzu qədim məkanın digər tərəfində gözləyirdi. Əsrarəngiz mənzərələrin təsiri altında gəzdiyimiz məsafənin fərqinə varmasaq da, yorğunluq sonunda öz sözünü deyir. Bu yerdə yenə də Ali Kaya köməyimizə çatır, özü də “Ankaranın bağları” mahnısı ilə. Daha bir yarım saatın necə keçməsindən xəbərimiz olmur.

Nəhayət, avtobus gəlir. Ayaqlarımızı sürüyüb özümüzü zorla maşına atırıq. Ali bəy “Dənizli xoruzu”nun hekayəsini anladır. Xoruz, nə xoruz. Sən demə, bu xoruzun özəlliyi özündən gedənə qədər banlaması imiş. Səsi gəldikcə banlayan yazıq xoruz sonda qəşş edib özündən gedirmiş. Əhvalatı eşidib biz də qəşş edənə qədər gülürük. Və hərənin öz izahı. Ümumi nəticəmiz o olur ki, bu xoruz fonoqramdan istifadə edə bilmir, ya da ora qədər gəlib çatmayıb. Bu əhval-ruhiyyəmiz “Pam Termal Hotel”də şərəfimizə təşkil edilən şam yeməyində də davam edir.

Hollivud ulduzunun film çəkdiyi hotel – “Colossae” SPA Hoteli

Dənizlidə 2-ci günümüzün proqramı həm rəsmi görüşlər, həm də ekskursiya baxımından zəngin oldu. Bütün gün bizi Güney Ege Kalkınma Ajansının Dənizli ofisinin koordinatoru Ayşe Esin Başkan və şirkətin daha bir əməkdaşı, eyni zamanda maraqlı fotoların müəllifi Berna Ayköse də müşayiət etdi. Ali Kayanın dəvəti ilə dəstəmizə qoşulan hər iki xanım əsl turizmçidir desək, yanılmarıq. Yolboyu Ayşe xanım Dənizlinin tarixi, turizm potensialı, mədəni irsi haqqında bilgilərini bizimlə bölüşür. Qeyd edir ki, bölgə həm qədim tarixə malik abidələri, həm də termal turizm imkanları ilə tanınır. Abidələrin termal mənbələrin yaxınlığında yerləşməsi isə Tanrının Dənizliyə bəxş etdiyi ən böyük hədiyyədir. Dənizlidə termal turizmdən başqa, kənd təsərrüfatı da yüksək səviyyədə inkişaf edib.

Yolumuzun üzərində yerləşən “Colossae” SPA Hoteli ilə tanışlıq hər birimizdə gözəl təəssüratlar yaradır. Burada həm termal, həm də adi su ilə dolu açıq və qapalı üzmə hovuzları müştərilərə təqdim edilir. Yüksək səviyyəli hotel nömrələrində qonaqların qalması üçün hər bir şərait mövcuddur.

Hotelin marketinq meneceri Rəcəb Altıntaşın dediyinə görə, Türkiyənin yüksək səviyyəli rəsmi şəxsləri bölgəyə səfərləri zamanı məhz “Colossae” SPA Hotelində qalırlar. Sən demə, məşhur Hollivud aktyoru Nikolas Keyç də “Xəyalət sürücü 2” filmini buradakı kral dairəsində çəkibmiş.

“Tekden” xəstəxanasına ölü gəlsə, diri çıxar

Hotel ziyarətimiz bitdikdən sonra xəstəxana ziyarətimiz başlayır. Dənizlinin mərkəzində yerləşən “Tekden” xəstəxanasına ölü gəlsə, diri çıxar. Bu deyimi məcazi mənada işlətsək də, xəstəxananın təqdimatı zamanı gördüklərimizdən buna yaxın bir qənaətə gəldik. Burada yeni doğulmuş körpələrdən tutmuş ahıl insanlara qədər hər kəsin dərdinin çarəsi var. Xəstəxanada yalnız peşəkar həkimlər və yüksək texnologiyalar öz sözünü deyir. Bunu sağlamlıq ocağının konfrans zalında təşkil edilən seminar zamanı baş həkim Yusuf Polat da söylədi. Onun sözlərinə görə, xəstəxana Dənizlinin termal təsisləri ilə yaxından əməkdaşlıq edir, bura müraciət edən xəstələr cəmi bir gün ərzində müayinədən keçirilir və lazımi diaqnoz qoyulur.

Dənizli səyahətimiz zamanı nahar yeməyimizi şəhər mərkəzindəki Osmanbəy tarixi evində edirik. Bura gələn qonaqlara eyni zamanda evin tarixi, memarlığı barədə də məlumat verilir.

Dənizli valisi tam bir Azərbaycan sevdalısıdır…

Türkiyənin termal turizm cənnəti-Dənizli...

Türkiyənin termal turizm cənnəti-Dənizli…

Nahardan sonra proqramımıza uyğun olaraq Dənizli valisi Ahmed Altıparmaqla görüşdük. Valinin bir Türk, Azərbaycan sevdalısı olduğunu görüşümüzün elə ilk dəqiqələrindən anladıq. Görüşdə Ahmed Altıparmaq iki qardaş ölkə arasında mövcud olan tarixi bağlardan, Türk əsgərlərinin Azərbaycanın, Azərbaycan əsgərlərinin də Türkiyənin azadlığı uğrunda döyüşüb şəhid olmasından bəhs etdi. Qeyd etdi ki, doğrudan da bir millətin iki dövləti olan Azərbaycanla Türkiyə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də yaxından əməkdaşlıq etməlidir. Türkiyənin termal mənbələrinə görə Avropada birinci, dünyada yeddinci yerdə olduğuna diqqət çəkən Ahmed Altıparmaq bu səbəbdən infoturu yüksək dəyərləndirdiyini də söylədi.

Ruslan Quliyev Azərbaycanın turizm imkanları, son illər ölkədə qurulan yüksək səviyyəli infrastruktur, Naftalan neftinin, Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə valiyə məlumat verib. Daha sonra Azərbaycanın milli mədəniyyətini özündə əks etdirən suveniri Ahmed Altıparmaqa təqdim etdi.

Görüşdən sonra validən müsahibə xahiş etdik. O, suallarımızı məmnuniyyətlə cavablandırdı (Ahmed Altıparmaqla geniş müsahibə başqa bir yazıda olacaq).

Buldan evləri saçaq və bacaları ilə ayrı bir gözəllik daşıyır

Dənizli vilayətində baş çəkdiyimiz ikinci böyük tarixi məkanBuldan və onun evləri oldu. Vilayətin rayonlarından biri olan Buldan həm də toxuculuq (tekstil) sahəsində bütün Türkiyədə məşhurdur. Tarixi Buldan evləri, Dənizlinin ən əhəmiyyətli mədəniyyət zənginlikləri arasında yer alır. Ənənəvi memarlıq quruluşunu qoruyan bu evlər son dərəcə təsiredicidir. Belə ki, memarlıq quruluşu baxımından XVIII və XIX əsr Osmanlı şəhər ənənələrini günümüzə əks etdirən bu tarixi evlər Buldanı cazibə mərkəzinə çevirən ən əhəmiyyətli atributlardan biridir. Taxtadan tikilən tarixi Buldan evləri saçaq və bacaları ilə ayrı bir gözəllik daşıyır. Xüsusilə bacalarda gözə dəyən muncuqlar tam fərqlidir. Bu evlərin digərlərindən fərqli xüsusiyyətlərindən biri də bir-birilərinin mənzərəsinə mane olmamasıdır. Evlərin tipləri evlərdə yaşayanların peşələrinə görə fərqlənir. Bu evlərin tikilmə tarixləri bəlli olmasa da, orta yaşlarının 150 ilə 200 il arasında dəyişdiyi qəbul edilməkdədir. Evlərin bu günə qədər qorunmasının səbəbi isə sakinlərin hələ də öz evlərində yaşamalarıdır.

Buldanın bələdiyyə başkanı Mustafa Gülbay proqramının sıx olmasına rəğmən bizimlə görüşür. O, gəlişimizdən məmnunluğunu bildirir və maraqla bizdən Buldan haqqında təəssüratlarımızı soruşur. Daha sonra isə məlumat verir ki, Dənizli valiliyi və Dənizli İl Özəl İdarəsi Buldan mədəni irsinin qorunması və yerli inkişafın təmin edilməsi layihəsini həyata keçirməyə hazırlaşır. Layihə

çərçivəsində şəhərin 7 məhəlləsini əhatə edən və ənənəvi şəhər memarlığından ibarət olan bölgədə bərpa işləri aparılacaq. Tarixə meydan oxuyan bu evlər, işlər tamamlandıqda UNESCO tərəfindən Dünya Mədəniyyət Mirası siyahısına daxil edilən Safranbolu evlərinə bənzəyəcək.

Mustafa Gülbay Buldan yaxınlığında iki termal mənbənin tapıldığı barədə də danışır və bildirir ki, bu termal mənbələr üzərində təsislərin tikilməsi ilə bağlı təkliflər dəyərləndiriləcək. Sənətkarlığın və ipəkçiliyin inkişaf etdiyi bu tarixi məkanda üstəlik termal turizmin gəlişməsi də diqqət mərkəzindədir.

Hoteldə Azərbaycan poeziya axşamı

Buldan gəzintimiz yekunlaşdıqda artıq axşam saatları idi. Bu üzdən birbaşa “Pam Hotel”ə qayıdırıq. Burada Türk Hava Yolları və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının adından Ali Kayaya Afyon və Dənizli ilə tanışlıqda bizə yaxından bələdçilik etdiyinə görə təşəkkür plaketi təqdim olunur.

Təqdimatdan sonra “Colossae” hotelinə yollanırıq. Burada bizi möhtəşəm şam yeməyi gözləyirdi. Həmin axşamı Azərbaycan poeziya axşamı da adlandırmaq olardı. Çünki bütün gecə boyu Ruslan Quliyevin təklifi ilə Azərbaycan haqqında şeirlər səsləndirildi, mahnılar oxundu. “Tekden” xəstəxanasının baş həkimi Yusuf Polatın ifasında “Dilbərim” mahnısını eşitmək isə hər birimizə unudulmaz bir təəssürat bəxş etdi…

(ardı var)

Fəxriyyə ABDULLAYEVA

Bakı-İstanbul-Afyon-Dənizli-İzmir-Bakı

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti