!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə qarşı Yunanıstan üzərindən işğal planı? - Gülənin etibar etdiyi “xaçlılar” yunanlardır?

!Reklam – Yazi

Yunanıstan başını Türkiyənin “çomağına” sürtür

Türkiyə ilə münasibətlərin gərginləşdirilməsindən əl çəkməyən Yunanıstan yeni təxribatlara əl atmaqdadır.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və digər generalların Egey dənizindəki Kardak adasına səfərindən sonra Yunanıstanın müdafiə naziri Panos Kammenos Türkiyənin hava sərhədlərini pozaraq, helikopterlə həmin adanın üzərindən keçərək həlak olmuş yunan əsgərlərin xatirəsinə hazırlanmış əklili oraya atıb. Bununla kifayətlənməyən yunan hətta yerli telekanala müsahibəsində Kardak adalarının Yunanıstana məxsus olduğunu da iddia edib. Buna Türkiyədən ilk reaksiya verən xarici işlər naziri Mövlud Çavuşoğlu kəskin danışaraq, “Kammenos ağlını başına toplasın”, – deyib.

Lakin bu hadisədən sonra ABŞ-ın CNN telekanalında Almaniyadan siyasi sığınacaq istəmiş FETÖ-çu general Mehmet Yalınalpla guya gizli çəkiliş əsasında götürülmüş müsahibənin yayımlanması Yunanıstanlı nazirin hansı mərkəzdən cəsarətləndirildiyinə böyük mənada aydınlıq gətirdi. Bundan əvvəl “Reuters” agentliyinə də müsahibə verən FETÖ-çu general CNN kamerası qarşısında da Türkiyəni hədəfə götürüb. Bununla belə, CNN əməkdaşları generala FETÖ ilə bağlı heç bir sual verməyiblər. Yalınalp isə ona yaradılmış bu imkanın qarşılığında Türkiyə ordusunun “zəiflədiyi” barədə hədyanlar danışıb. Ümumiyyətlə, FETÖ-çu hərbçilərə sığınacaq verməklə Ankara ilə münasibətlərdə yeni gərginliyə səbəb olan Afinanın Türkiyəyə diş qıcaması və Yalınalpın CNN efirinə çıxarılması olayları arasında gizli rabitənin mövcudluğunu söyləmək mümkündür. Türkiyəni PKK terroru və İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə ilə məşğul edən Qərb indi də “yunan kartı”nı ortaya atıb və eyni zamanda, FETÖ-çu generalın dili ilə türk ordusunu ruhdan salmağa cəhd göstərir. Türkiyədən hərbi-iqtisadi baxımdan dəfələrlə geri qaldığının başa düşənYunanıstan bu rəqibi ilə mümkün bir müharibənin yekununda məhv olacağının fərqindədir.

İki ölkə arasında müşahidə olunan gərginliyi Yeniçağ.Az-a dəyərləndirən türkiyəli politoloq Yusuf Çınar bildirib ki, Yunanıstan həmişə iqtisadi vəziyyəti pisləşəndə, qonşusu ilə münasibətləri kəskinləşdirən addımlar atır:

“Türkiyə-Yunanıstan gərginliyinin kökü tarixə bağlı bir məsələdir. Xüsusilə, Yunanıstanın Egey dənizindən 12 mil zolaq istəyi artıq yüz ildir ki, bu ölkələr arasında ciddi problem kimi qalmaqdadır. Lozanna müqaviləsi ilə Egey dənizində Türkiyə ilə Yunanıstanın ərazi suları 3 faiz həddində müəyyənləşib. LakinYunanıstan bunu əvvəl 6, daha sonra isə 12 faizə qaldırmağa cəhd edib. Hər iki ölkədən birinin ərazi sularını 12 faizə çıxartmaq istəyi Egey dənizinin 70 faizinə nəzarəti ələ keçirtmək anlamına gəlir. Bu isə yeni problemlərin yaranması deməkdir. 1996-cı ildəki Kardak adaları böhranı da Türkiyə ilə Yunanıstanın Egey dənizində rəqabəti səbəbindən yaranmışdı. Kardak adaları böhranı bu gün də dondurulmuş vəziyyətdə qalmaqdadır. Yunanıstan iqtisadi vəziyyəti pisləşdikdə Kardak adaları məsələsini gündəmə gətirərək, ictimai rəyə müəyyən mesajlar verir. Yunanıstanla Türkiyə arasında yaşanan son gərginlik də bunun bir nümunəsidir. Yəni Yunanıstan Türkiyə ilə münasibətləri gərginləşdirərək, diqqəti daxili problemlərdən yayındırmağa cəhd göstərir. Fikrimcə, bu gərginlik çox da böyüməyəcək”.

Türkiyə-Yunanıstan gərginliyini Yeniçağ.Az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov da haqqında danışılan gərginliyin hərbi toqquşmaya gətirib çıxaracağını düşünmür:

“Unutmayaq ki, Türkiyə ilə Yunanıstan arasında problemlərin kökü neçə əsr əvvələ gedib çıxır. Bu ölkələr hazırda eyni hərbi-siyasi blokda – NATO-da birgə təmsil olunsalar da, aralarında zaman-zaman gərginlik yaranır. Bildiyiniz kimi, Türkiyə FETÖ-çu hərbçiləri geri təhvil vermədiyi üçün Yunanıstandan narazıdır. Yunanıstan müdafiə nazirinin Kardak adalarına uçuş həyata keçirtməsi isə Türkiyəni bir az da hiddətləndirib. Müşahidə edirik ki, hər iki ölkənin rəsmi şəxsləri bir-birilərinin ünvanına kəskin fikirlər səsləndirirlər. Ancaq düşünmürəm ki, gərginlik həmin ölkələr arasında hərbi toqquşmaya səbəb olsun. Yəqin ki, bir müddət sonra emosiyalar səngiyəcək”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv