!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üfunətli zirzəmi, çürümüş döşəmə, ikiyə bölünmüş divarlar... – “Qızılqum”da cəhənnəm həyatı yaşayan Xocalı köçkünləri - Reportaj+FOTOLAR

!Reklam – Yazi

Bakının Pirşağa qəsəbəsindəki Qızılqum sanatoriyası 1969-cu ildə tikilib. Bina beş mərtəbədən ibarətdir. O vaxtdan burada nəinki əsaslı, heç kiçik təmir işləri belə aparılmayıb. 1992-ci ildən isə burada Xocalıdan gələn 600 ailə yaşayır. Binanın ətrafı üfunət iyi verir, dördyanı zibillikdir. Daha doğrusu, bina müharibənin dəhşətini xatırladan xarabalığa bənzəyir. Bir sözlə gözdən uzaq, könüldən iraq bir yerdir bura…

Sanatoriyaya gedən yol belə təmirsiz, kələ-kötür, çala-çuxurdur. Ətraf bərbad vəziyyətdə olduğu üçün ilk təəssüratım “kim nə yeyirsə, yaşadığı mənzildən üzüaşağı atır” oldu. Ancaq səhər tezdən olduğuna görə, heç kimi şirin yuxudan oyatmamaq üçün təxminən yarım saata yaxın ərazini gəzəndən sonra aydın oldu ki, məsələ heç də ərzaq qalıqlarını aşağı atmaqda deyil. Bu qədər insanın yaşadığı yerdə bir dənə də olsun zibilqabı yoxdur. Bir qədər sonra öyrəndik ki, sən demə, zibildaşıyan maşınlar bu binanın yolunu tamam unudublar. Ətrafdakı üfunət, qalaq-qalaq zibil təpələri də elə bunun nəticəsidir.

Binaya daxıl oluruq. Mənzərə dəhşətlidir: su ilə dolu zirzəmi, suvağının rəngi bilinməyən çatlamış divarlar, ancaq armaturları qalan pilləkənlər, çürümüş döşəmə…

Pilləkənlərdə hərəkət etmək çox qorxuludur. Hətta burada dəfələrlə xoşagəlməz hadisələr yaşanıb: kiminin ayağı qırılıb, kimisi bir mərtəbə aşağı düşərək qolunu sındırıb. İnsanlar dəhlizlərdə qorxa-qorxa yeriyirlər. Elektrik naqilləri, su və qaz xətləri çox bərbad haldadır. İstənilən vaxt faciə baş verə bilər. Binanın içini gəzdikdən sonra sakinlər bizi görüb ürəklənir və yaxınlaşıb dərdlərini danışmağa başlayırlar. Öyrənirik ki, sakinlər dəfələrlə vəziyyətlə bağlı rəsmi qurumlara müraciətlər etsələr, heç bir nəticə olmayıb.

Xocalı dəhşətlərini yaşamış Azadə Mahmudova danışdıqca səsi titrəyir, göz yaşlarını saxlaya bilmirdi:

– 1992-ci ildən burdayam. İllərdir belə vəziyyətdə yaşayıram. Xocalı məktəbində süpürgəçi işləyirəm, 128 manat maaş alıram. Bura gələndə oğlumun 2 yaşı vardı. İndi böyük kişidir. Evləndirə də bilmirəm. İş yox, güc yox, qalıb avara. Uçub-sökülən bir otağa sığışmışıq Nə ev verirlər, nə də binanı təmir edirlər. Hara qədər belə davam edəcək, bilmirik. Şikayət etmədiyimiz yer qalmayıb. Millət vəkilimiz Elman Məmmədova, Xocalı və Sabunçu Rayon İcra Hakimiyyətinə… Hamısı da birağızdan “düzələcək” deyir, ancaq nəticədə heç nə yoxdur. Nə millət vəkilimiz, nə də icra başçımız bizimlə maraqlanmır, heç üzlərini də görməmişik.

Səadət Əliyeva da qonşusu kimi eyni dərddədir:

– 25 ildir danışırıq, daha yorulmuşuq. Kanalizasiyanın iyindən evdə oturmaq mümkün deyil. Birinci mərtəbədə suyun içində olan “padvalın” ağzı həmişə açıqdır. Yay-qış ağcaqanad əlindən yata da bilmirik. Hər il Xocalının ildönümünə yaxın yalandan gəlib baxır, gedirlər. Heç bir tədbirlər də görmürlər. Nə günümüzə yanan var, nə də halımıza… (ağlayır) Belə şəraitdə insan yaşayar?! İti bağlasan, burda bir dəqiqə də qalmaz. Yoldaşım xəstə, oğlum ölüb. Xeyir-şər yerimiz yox, yaşayışımız göz önündə. Bir qız nəvəm var, o da xəstə. Kreditə girib, müalicəsinə nə qədər pul tökdük, xeyri olmadı. Beş yaşı var, danışa bilmir, ağır xəstədir. Heç kim kömək etmir, hər yerə müraciət etmişəm. Hamı bizdən qaçır.

Səadət xanım sözünü qurtarmamış bizə ağlaya-ağlaya daha bir qadın yaxınlaşır. Özünü təqdim edir: Səidə Hüseynova. Gəncliyini bu rütubətli divarlar arasında keçirmiş qadın adı sanatoriya, özü cəhənnəm olan bu yerdə xəstəlik tapdığını deyir:

– Guya şikayətimizə baxan var ki?! Bir ay bundan qabaq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Akif müəllimin də, Xocalı Rayon icra Hakimiyyətinin başçısı Sovet müəllimin də yanında olmuşam. Hər dəfə yalandan vəd verib, dedilər ki, “gəlib baxacağıq” Sonra da dedilər ki, onsuz da o bina 1-2 ilə söküləcək, sizi də köçürəcəyik”. İnanın ki, o “1-2 il” İllərdir vəd verilir. Bizə dəqiq bir söz desələr, özümüzə gün ağlayarıq da. Yalandan bizi aldada-aldada illərimizi əlimizdən aldılar. Divarlar uçub, üstümüzə tökülür. Mən yaşadığım mənzil vaxtında yeməkxana olub, sonradan bizə verdilər. Yağış yağanda otağın içi gölməçəyə dönür, yeri silməkdən çərləyirəm. Tək qadınam, aldığım pulun hamısını da dava-dərmana verirəm. Xəstəyəm deyə, bir yerdə işləyə də bilmirəm, yoxsa halal zəhməthaqqımla buraları alababat təmir etdirərəm (ağlayır).

Səidə xanımla divar qonşusu olan bacısı qızının otağına baş çəkirik. Mənzil həqiqətən də yararsız haldadır. Ortalıqda isə iki yekə vanna qoyulub. Bu, tavandan daman qar və yağış suyunun yığılması üçündür.

Sanatoriyanın sakinlərindən olan Xocalı sakini Natiq Abbasov da yaşadığı şəraitdən şikayətlənir:

– Binanın vəziyyəti göz qabağındadır. Qazancımızın hamısı iynə-dərmana gedir. Rusun vaxtından qalan sanatoriyadır, damın qırı da dağılıb. Yağan nə qədər yağış varsa, evin içinə dolur. Hökumət tərəfindən heç bir yardım yoxdur. Buranın komendatı İsmana da dəfələrlə demişəm ki, mənə köməklik edin. O da deyir ki, havayıdan “Qaçqınkom”a getmə, bizim büdcəmizdə pul yoxdur. Nə edirsənsə özün et.

Söhbətimiz xeyli çəkir. Əslində, hamının dərdi eynidir. Heç artıq sözə də ehtiyac yoxdur. Çünki “bizi bu zülümdən kim xilas edəcək? Nə vaxt canımız qurtulacaq” sualları bizi əhatə edən bütün sakinlərin gözündən oxunur. Sağollaşıb, sanatoriyanı tərk edirik. Həyətdə isə bizi zibil təpələrinin sahibi olan xoşbəxt itlər qarşıladıqları kimi də yola salır…

 

Gülnarə Eynullaqızı
Bəxtiyar Məmmədli
Yeniçağ.az

www.yenicag.az

1147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv