Uşaq bağçaları tam pulsuz olacaq

Müəllif: Redaktor

Editor

6

Paytaxtda məktəbəqədər təhsil müəssisələrinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olması son dövrlərdə bu qurumla bağlı mövcud problemi gündəmə gətirib.

Digər tərəfdən, məktəbəqədər təhsil müəssisələrində uşaqların ilkin qəbulu zamanı valideynlərin cibinə uyğun şəkildə qurulmaması məsələsi də müzakirə obyektinə çevrilməkdədir.

Daha dəqiq desək, dövlət tipli bağçalarda uşaqlar ilkin qəbul zamanı yüksək məbləğlə adıçəkilən təhsil müəssisəsinə yerləşdirilir.

Nəzərə alsaq ki, uşaqların bağçalara qəbulu zamanı ödənilən məbləğ hər məktəbəqədər təhsil müəssisəsi üzrə fərqli olur, deməli, məsələ bir az da qəlizdir.
Bəs “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul olunsa və bağçalar Təhsil nazirliyinin tabeliyinə verilərsə, pullu qəbulla bağlı köklü dəyişiklik ola bilərmi?

Təhsil üzrə ekspert Etibar Əliyev səslənən fikirlərə aydınlıq gətirib.

Onun fikrincə, uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinə tabe olması qənaətbəxş hal deyil.

“Dünyada təhsil sistemi deyilən qəbul olunmuş anlayış var. Ölkələrin təhsil sistemi dedikdə təhsilin ən aşağı pilləsindən ən yuxarı pilləsinə qədər bir sistem şəklində birləşir. Məktəbəqədər təhsilin yenilənməməsinin əsas səbəblərindən biri həmin təhsil müəssisələrinin icra hakimiyyəti strukturlarına tabe etdirilməsidir. Təhsil Nazirliyinin icra hakimiyyətlərində şöbələri, bir neçə əməkdaşı olmasına baxmayaraq, məktəbəqədər tədrisin yaxşılaşdırılması üçün hər hansı addımların atılması, normativ sənədlərin yazılması, kurrikulumların hazırlanması, tərbiyə sisteminin təkmilləşdirilməsi imkanlarından məhrumdurlar. Təəssüflər olsun ki, məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinə tabedir. Artıq təhsil sistemi dedikdə bir qədər bu ifadə əhatəli olmur”.

Təhsil Nazirliyinin böyük strukturu var

Ekspert deyir ki, məktəbəqədər təhsillə bağlı Təhsil Nazirliyinin səlahiyyətləri genişdir.
“Bağçalarda mühitin yaxşılaşdırılması, gigiyena məsələləri, uşaqların qidalanmasına nəzarət gücləndirilə bilər. Çünki Təhsil Nazirliyinin bu işi həyata keçirməsi üçün böyük strukturu var. Digər tərəfdən isə Təhsil Nazirliyi bu məsələlərin daha da təkmilləşdirilməsi üçün 5 yaşına qədər uşaqlara məktəblərdə kursların açılması prosesini həyata keçirməyə başladı. Bu o deməkdir ki, məktəbəqədər təhsil müəssisələrinin sayı çox azdır. Birinci sinfə gedən uşaqların cəmi 15-20%-i məktəbəqədər təhsil sistemindən bəhrələnirlər.

Amma dünyanın inkişaf etmiş ölkələrində bu, 60-90-% təşkil edir. Ona görə də bu cür problemləri olan məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinə tabeçiliyi bir qədər də problemləri artırır. Təkcə, söhbət təmirdən, tikintidən, bağçaların ərzaqla təminatından getmir. Burada söhbət uşaqların ilkin təfəkkürünün formalaşmasından, məntiqi oyunların uşaqlara aşılanmasından, uşaq sosiallaşmasından gedir. Ona görə də hesab edirəm ki, Milli Məclisin deputatları bu cür ciddi məsələyə professional münasibət göstərəcəklər və yol verilmiş bu qüsuru aradan qaldıracaqlar”.

Dövlət bağçaları pulsuz olmalıdır

Uşaq bağçalarında ilkin qəbul zamanı ödənilən məbləğə gəlincə, Etibar Əliyev vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə tabe olacağı təqdirdə bu problem də şübhəsiz ki, həll olunacaq.

“Birmənalı şəkildə məktəbəqədər təhsil sistemində tərbiyə pulsuz olmalıdır. Dövlətin nəzarəti güclü olmalı, uşaqların qidalanmasına xüsusi diqqət göstərilməlidir. Uşaqların ilk ayaq açdığı təhsil, tərbiyə müəssisəsidir.Təhsil sisteminə bu cür yanaşmanı aradan qaldırmaq lazımdır. Nəzarətsizlik aradan qaldırılmalıdır. İcra hakimiyyətlərinin məktəbəqədər təhsil sistemini qurma imkanları yoxdur. Ona görə də burada neqativ hallar baş alıb gedir. Ona görə də məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə keçəcəyi halda, dövlət bağçalarına pul ödəmək kimi hallar da baş verməyəcək”. (Modern.az)

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır