"Uşaqbaz" baş məşqçi ilə yeni anlaşma olacaqmı? - RƏSMİ AÇIQLAMA

Müəllif: Redaktor

Editor

Cüdo üzrə milli komandalarımız Avstriyaya təlim məşq toplanışı üçün yollanıblar. Əsas yığma baş məşqçisi olmadan toplanışda iştirak edir. Belə ki, cüdoçularımız hazırda uşaqbazlığa görə günahlandırılan Peter Zeyzenbaxerin ölkəsində məşqlərini davam etdirirlər.

Maraqlıdır, görəsən milli komandamız məşqə kimin rəhbərliyi ilə yollanıb? Baş məşqçi Peter Zeyzenbaxerin məhkəmə işi dekabrda tamamlanmalı idi. Bundan sonra onunla yenidən danışıqlar aparıla biləcəyi deyilmişdi. Bəs baş məşqçi ilə danışıqlar nə yerdədir?

Suallarımızı Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğluna ünvanladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi hələ də onunla heç bir danışıq aparılmadığını və məhkəməsinin bitmədiyini dedi:

“Bildiyiniz kimi məşqçilər korpusunda digər adlar da var. Fərhad Məmmədov və Mövlud Mirəliyev kimi məşqçilər hələ də əsas komandada çalışırlar. Ancaq Avstriyaya təkcə əsas komanda getməyib. Qadınlar, gənclər və paralimpiya komandaları da həmin toplanışda iştirak edir. Yəni, ənənəvi təlim-məşq toplanışıdır, 49 ölkənin cüdoçuları oradadır.
Öncə də bildirmişdim ki, bizim Peter Zeyzenbaxerlə rəsmi müqaviləmiz olmayıb və yoxdur. Olimpiadaya qədər şərti anlaşmışdıq. Yalnız məhkəmənin qərarından sonra onunla hansısa rəsmi danışıqlar apara bilərik. Bunu özü də bilir.
Məndə olan məlumata görə, o, məhkəmədə iştirak etmədiyinə görə, qərar verilməyib və məhkəmə təxirə salınıb. Başqa məlumatım yoxdur.

Hazırda millinin məşqçilər korpusu öz işini davam etdirir. Fərhad Məmmədov və Mövlud Mirəliyev cüdoçularımızla birlikdə Avstriyada təlim-məşq toplanışındadırlar”.

Qeyd edək ki, Peter Zayzenbaxer azyaşlı qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Hazırda baş məşqçinin məhkəmə prosesi davam edir. Ötən gün Avstriya mətbuatı Zayzenbaxerin məhkəmədən yayındığını, hətta vəkilinin belə onu tapa bilmədiyini yazıb.

Aygün İlqarqızı

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir