yenicag.az

Valeh Kərimov: “Özümüzü aldadırıq…”

Valeh Kərimov: “Özümüzü aldadırıq…”

Müəllif: Redaktor

Editor

valeh

Tanınmış aktyor, Azərbaycan tamaşaçısının “Moşu” obrazı ilə tanıyıb sevdiyi, xalq artisti Valeh Kərimov A24.az-a müsahibə verib. Sevilən aktyor müsahibəsində Azərbaycan teatrının və kinosunu bu günündən, teatrdan çıxarılmasından və şəxsi həyatındakı problemlərdən, sıxıntılardan danışıb.

Valeh müəllim, çoxdandı görünmürsünüz. Tamaşalarda, yeni çəkilən film və seriallarda sizi görmürük. Nə ilə bağlıdır görünməməyiniz?

– Həyatda görünürəm, qonşular görür, həyətdə görünürəm. (gülür) Aktyoru dəvət etməlidirlər ki, harasa getsin. Hələki ürəyimcə bir dəvət olmadığı üçün getmirəm.

-Müasir serialların əksəriyyəti komediya janrında çəkilir. Nə üçün sizin qabiliyyətinizdən istifadə etmirlər. Axı siz bu sahənin peşəkarısınız.

-Hə, bu janrı bacarıram.(gülür) Müasir komediya başqadır. Bizim vaxtımızdakı komediyalar deyil. İndi bir az özündən deməlisən, yaratmalısan. Biz isə öyrənmişik ki, bir əsərin əsası olar, kökü olar. İndi isə özləri yığışıb bir yerə danışırlar. Mənim kimi öyrənmiş aktyorlara bu cür işləmək asan deyil. Yəqin ki, bunu hiss edib çağırmırlar. Bizim komediya janrı başqaydı, klassik komediya idi. Ədəbi əsərin üzərində hazırlanırdı tamaşalar. Rejissor adi bir əl hərəkətinə imkan vermirdi.

-İmprovizasiya edə bilmirdiniz?
-İmprovizasiyaya imkan verilmirdi. Rejissorlar buna imkan verməzdi.

-İndiki komediyaların səviyyəsi sizi qane edirmi?

-Sözün düzü baxmadığım, izləmədəyim üçün konkret fikir bildirə bilmərəm. Danşmağım düz çıxmaz.

-Baxmamaq etirazın, bəyənməməyin bir forması sayıla bilərmi?

-Epizodik olaraq, təsadüfən baxıram. Məni ekran qarşısında saxlaya bilmir, diqqətimi çəkmir.

-Bəyəndiyiniz komediya aktyorları yoxdurmu?

-Bəyəndiyim aktyorlar var. Yaxşı qabiliyyətləri, istedadları var. Ancaq problem materialın olmamasındadır. Məsələn, dərziyə kostyum sifariş verirsiniz. Bir var, parçanı verib nə istədiyini konkret sifariş verəsən, bir də var parça verməmiş dərziyə deyəsən ki, özün bildiyin kimi nə istəsən tik.

-O zaman belə çıxır ki, bizim teatrın, kinonun ssenarist, dramaturq problemi var…

-Bəli var. Bizim dramaturqlarımız azdır. İki-üç nəfər olar dram əsəri yazan. Əli Əmirlidən başqa teatra mütəmadi əsər gətirən yoxdur.

-Bəlkə bunu baş rejissorlar istəmir, şərait yaratmırlar?

-Elə deyil. Baş rejissor bir əsərdən imtina edə bilər. Əvvəllər rejissorlar bunu müəlliflə birgə işləyidi. Müəllif də, rejissor da, aktyor da yaradıcı adamdır. Səməd Vurğun “Vaqif” əsərini gətirəndə Adil İsgəndərovla işləyib. Səməd Vurğun poema gətirib teatra, Adil İsgəndərov isə ona lazım olan şəkildə istiqamət verib, birlikdə “Vaqif”ə səhnə həyatı veriblər. Teatrımızın böyük aktyorlarından Sidqi Ruhulla Qacar oynayarkən bir sözü var:

Bir boynu olsaydı bəşəriyyətin,

Onu bir qılıncla vurardım yəqin

Bu misralar əsərdə olmayıb. Əsərin son məşqində Sidqi Ruhulla Səməd Vurğuna deyib ki, mənə bu məqamda çox gözəl ilham gəlir, özümü Qacar kimi qəddar, qaniçən hiss edirəm. Bura bəlkə nə isə əlavə edəsən? Səməd Vurğun da dərhal yuxarıdakı misraları əsərə əlavə edib.

-Belə çıxır ki, dramaturqu işlətmək üçün aktyorun, rejissorun həvəsi olmalıdır. Siz Sumqayıt Dram Teatrında əsərlər səhnələşdirmisiniz. Heç olubmu ki, hansısa gənc yazarı, dramaturqu dəvət edəsiniz teatra?

-Mən o teatrda rejissor kimi işləmədiyim üçün, hazır pyesləri səhnəyə qoymuşam. Rejissor var ki, cavan dramaturqla işləyir, hətta onu yetişdirir. Mənim sadəcə belə imkanım olmayıb. Mən əsasən aktyor kimi fəaliyyət göstərmişəm.
-Səhv etmirəmsə siz 1969-cu ildə gəlmisiniz Sumqayıt Dram Teatrına…

-Biz təhsil aldığımız ali məktəb əvvəllər Mirzağa Əliyev adına Teatr İnstitutu idi, hazırda Mədəniyyət və İncəsənət Universitetidir. 1964-cü ildə təhsilimi bitirdim, rejissor Nəsir Sadıxzadə məni teatra dəvət elədi. “Bəxt üzüyü” filmində veteran Tanrıbəy dayı obrazını canlandıran həmin Nəsir müəllimdir. Sumqayıt Dram Teatrının ilk baş rejissoru olub. İnstitutda müəllim idi və mənim diplom tamaşalarımı görmüşdü. 2015-ci ilə qədər, 45 il o teatrda çalışmışam.

-45 il çalışdığınız, 70-dən çox obraz canlandırdığınız teatrdan sizi uzaqlaşdırdılar. Bu yaşda səhnədən getmək sizə necə təsir etdi? Yaşlı obrazları oynamaq imkanlarınız vardı. Niyə uzaqlaşdırdılar sizi?

-Daha çox ştatı boşaltmaq üçün bu addımı atdılar. Biz, belə deyək də, yer “zanit” edirdik. Ancaq sizin dediyiniz kimi, yaşlı obrazları canlandıra bilərdik. Bir var qrimdən istifadə edəsən, saçına bir qab pudra tökəsən, bir də var hazır ağsaçlı olasan. Cavanlıqda eyni qaydada mən də yaşlı obrazları canlandırmışam. Ancaq baxan kimi hiss olunur ki, bu obrazı oynayan cavan aktyordur. Rusiyada yaşlı aktyorları işdən çıxarmırlar. Çıxarmaq üçün bəhanə ola bilərdi ki, yaşlanmısan, əlin əsir, danışa bilmirsən və s. Mən də bu problemlərin heç biri yox idi.

-Daha sizi dəvət etmirlər o Teatra?

-Başqa teatrlara dəvət edirlər. Mingəçevir Teatrına yazda dəvət etdilər, İsi Məlikzadənin “Gəl qohum olaq” əsərini hazırladım, özüm də oynadım. Bu əsəri 20 il əvvəl Sumqayıt teatrında hazırlamışdım. Mingəçevirdə isə ötən mövsümün sonlarına doğru hazırlayıb, dörd dəfə səhnələşdirdik. Zal qəşəng dolurdu, tamaşaçı gəlirdi. Mingəçevirlilər teatrsevərdir. Hamı məni yaxşı tanıyır, evinə dəvət edir, tamaşayla maraqlanır, tamaşaya gəlirdilər.

-Kinoda məhşurluğunuz Moşu obrazı ilə başlayıb. Ancaq ondan əvvəl də filmə çəkilmisiniz…

-Ənvər və Həsən Əbluc qardaşlarının eyni ildə çəkdiyi “Pəncərə” filmi var. Orda epizodik rolum var.

-Çox gözəl epizoddur.

-Demək baxmısınız. Bu əsəri İsi Məlikzadə yazıb və güclü əsərdir. Ümumiyyətlə o dövrün tələbatı, yazıçıları tamam başqaydı.

60-cı illərdə ehtiyac vardı “Qılınc və Qələm” romanına. Onu oxumayan yox idi. Tofiq Kazımov onu tamaşaya qoymuşdu. Çəkən olsa tarixi serial üçün hazır əsərdir. “Koroğlu” dastanın hər səfəri bir seriyadır, hazır serial materialıdır. Vətənpərvər mövzuda gözəl iş çıxar ortalığa.

-Bu cür əsərlərin çəkilməməsinə görə kimi günahlandıraq?

-Seriallara pul verənlər komediya sevənlərdir. Ona görə də komediya janrına daha çox müraciət olunur. Özləri oturub yazırlar, çəkirlər olur komediya. Mən deyən əsərlərə ciddi büdcə lazımdır. Dövlət seriallar üçün pul ayrılıb, amma o seriallara daha çox pul lazımdır.

-İndiki seriallar sizi qane edirmi?

-Baxmadığım üçün fikir deyə bilmərəm. Ancaq “Pərvanələrin rəqsi” serialına baxdım bir neçə seriya. Aktyor oyununu, rejissor işini bəyəndim.

-Seçmə aktyorlarla işləyib rejissor.

-İstənilən halda rejissor işi əsasdır. Rejissor aktyorun potensialını üzə çıxarmağı bacarmalıdır. Belə olmasa keyfiyyətli iş alınmır. Sovet teatrında da həmişə aktyorlar deyirdilər ki, bizim yaxşı rejissorumuz olsun.

-Bizdə də güclü rejissor məktəbi olub, həm teatrda, həm də kinomuzda. Amma son illər sanki durğunluq yaşanır. Ciddi festivallarda mükafat alan filmlərimiz azdır.

-Ancaq efirlərdə tez-tez eşidirəm ki, hansısa film mükafat aldı.

-Alınan mükafatlar da məhəlli xarakter daşıyır.

-Problem budur ki, özümüz özümüzü aldadırıq. Gürcüstan teatrı Şeksprin əsərlərini Londonda oynayırdı. Gürcüstan filmləri çox güclü idi. Sovet vaxtı çəkilmiş filmlərimizə baxan3da zövq alırdıq. O filmləri çəkənlər böyük rejissorların kurslarında sənət öyrənirdilər. Aktyoru işlədə bilirdilər. Hegemonluq etmirdi o rejissorlar, peşəkar münasibət göstərirdilər. Rasim Ocaqov görün hansı aktyorları işlədib?

-Uğur qazanmaq üçün neyləmək lazımdır? Maliyyə artmalıdır yoxsa peşəkarlıqla bunun öhdəsindən gəlmək olar?

-Ciddi maliyyə ayrılmalıdır. Eyni zamanda ayrılan maliyyəni tam şəkildə filmə yönəltmək lazımdır. Filmə maliyyə ayrılırsa tamahımızı yığmalıyıq.

-Məncə sizin kino ilə bağlı arzularınız tam olaraq həyata keçməyib. Eyni zamanda rejissorlar sizin potensialınızı tam olaraq aça bilməyib. Bir-iki rolla kifayətlənmisiniz sanki…

– Misalımız var, “Pişiyin ağzı ətə çatmayanda deyər murdardır”. Kino, sənət adamları eşitsə deyəcəklər ki, çəkilmədiyi üçün belə danışır. Amma mən heç vaxt kinoya çəkilməyə maraqlı olmamışam. Sumqayıtdan kinostudiyaya gəlmək üçün vaxt itirməmişəm.

-Teatr aktyorlarının kinoya ciddi yanaşmadığını deyə bilərikmi?

-Bəlkə də elədir. Amma elələri var ki, sevir.

-Sizi kino məhşurlaşdırb.

-Bu yaxınlarda söhbətlərin birində də, bu məsələdən danışmışam. O qədər obrazlar oynamışam, teatra can qoymuşam. Amma o film çəkilən kimi bir anda məhşurlaşdım.

– O film maraqlı filmdir, Vaqif Səmədoğlu o əsərlə Azərbaycanda şair obrazının darmadağın etdi, baxmayaraq ki, atası da, özü də şair idi…

-Vaqif müəllim yumoru sevən, zarafatcıl adam idi. Hər şeyə öz gözü ilə baxırdı. Bəyənmədiyi şeylər çox idi. Məşqlər vaxtı danışırdıq, bəyənmədiyi şeyləri açıq-aydın deyirdi. Amma belə alındı. Vaqif müəllim özü etiraf edirdi ki, “Bəxt üzüyü”nü Tanrıbəy obrazının, faciəsinin üstündə yazmışam. Sumqayıt Teatrnda tamaşanı elə qurdular ki, o tamaşanı bəyəndim, qəbul elədim.

O əsərdə hamının faciəsi açılır. Moşu şair deyil. Görün meyxanaçılar necə bədahətən deyirlər. Moşu isə qafiyə fikirləşir, ailəsi isə əziyyət çəkir.

-Siz özünüz Moşunu bəyənirsiniz?

-(gülür)Mən Moşunu necə bəyənməyə bilərəm ki, o məni populyar edib.

-Demək Moşu ən sevimli rolunuzdur?

-Moşu inciməsin, mənim ən sevimli rolum çox adamın görmədiyi Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərindəki Yedigey obrazıdır. Bu əsəri Sovet dövründə səhnələşdirmişdilər.

İndi, bu yaşda hansı obrazı oynamaq istərdiniz?

-Yaş məsələsinə çox toxunursunuz.(gülür) Rəhmətlik Üzeyir bəy Məşədi İbadı 50 yaşlı obraz kimi yazıb. Sonra o yaşa çatanda deyib ki, 50 yaşında kişi hələ cavan imiş. İndi 70 yaşında kişilər cavan qızlarla evlənmirlər? “Bu yaşda” deyəndə mənə qəribə gəlir. Cavanlıqda Fəxrəddin oynamışam, indi oynasam gülünc görünər. Rüstəm bəyi oynaya bilərəm. Yeri gəlmişkən deyim ki, keçən il bu vaxtlar Tahir İmanov maraqlı bir film çəkib, “Ölülər XXI əsr”. Bu yaxınlarda o filmin primyerası olacaq. O filmdə Hacı Həsən ağanı oynamışam. Mən o xarakterli aktyoram. Tahir İmanov o rola məni düzgün tapıb. Elə rollar çoxdur. Özüm fikirləşirəm ki, Şeyx Nəsrullah da oynaya bilərəm.

-Elə bir rol olubmu ki, gənclikdə o rolu arzulamısınız, ancaq oynaya bilməmisiniz?

-Elə olub, elə olub…Sənətə gələndə Cəfər Cabbarlının əsərlərinin ölüsü idim. Elə bilirdim sənətdə o rollarla tanınacam. Aydın, Oqtay Eloğlu… Aydın rolu üçün ürəyim gedirdi. Obraz üçün yarayırdım. O əsər bizim teatrda tamaşaya qoyulmurdu. Nəhayət 80-ci illərdə bizdə o əsər qoyulmalı oldu, rollar bölündü və mənə Aydını verdilər. İstedadlı aktrisalarımızdan biri də, teatra təzə gəlmişdi, ona da Gültəkin verdilər. O aktrisa teatrdan getdi, rejissorumuz da teatrını dəyişdi və mənim arzularım batdı getdi, oynamaq qismət olmadı.

-Dövlətin qayğısından razısınızmı?

-Şəxsən söhbət məndən gedirsə, razıyam. Mənə vaxtında əməkdar artist, xalq artisti adı verilib. Prezident təqaüdü, ev almışam dövlətdən. Bütün bunların hamısı sənətim sayəsində olub. Sənətəmi qiymətləndiriblər, sağ olsunlar.

-Ailə vəziyyəti necədir? Övladlar üçün şərait qura bilmisinizmi?

-Övladlar böyüyüb, özlərinə görə işləyirlər də. Amma mənim köməyim olmasa çətindir. Aldığım təqaüdü onlara xərcləyirəm. Bu yaxınlarda yoldaşım rəhmətə getdi. Tək qalandan çox darıxıram. Bunu yumor sevənlər üçün deyim, cavanlıqda adam deyir bu arvad haçan öləcək, gedim cavan arvad alım. Amma yaşlananda bu hadisədən böyük faciə yoxdur. Çünki uşaqların öz yeri var, ailə başqadır. Mən evə girmirəm. Bütün günü maşında otururam. Görənlər də elə fikirləşir ki, görməmişlik edib maşında otururam. Evə giriləsi deyil. Ancaq yatmağa gedirəm. Şəxsi həyat darıxdırıcı keçir. Bunun qarşısını ancaq iş ala bilər. Həqiqətən də iş insanın cövhəridir. Adam var işləməyi sevmir, ancaq mən işləməyi sevirəm. Mən zəhmət adamıyam. Mingəçevir teatrnda 20 günə, 2 heyətlə tamaşa qoydum. İki heyətlə işləmək çətindir. Özləri də məəttəl qaldılar. Məşq vaxtı bütün varlığımı işə verirəm. Sumqayıt teatrnda mənimlə yaşıd olan aktyor və aktrisalar deyə bilməzlər ki, Valeh nə vaxtsa məşqə gecikib.

-Ümid edək ki, sizi darıxmağa qoymayacaqlar.

-Teatrlara təzə gələn aktyor ev, fəxri ad, təqaüd tələbində olur. Məndə çox şükür hamısı var. Mən sadəcə oynamaq istəyirəm.

-Unutmadan soruşum, sizi Aydın roluna həsrət qoyan o qız kim idi?

-O qız mənim çox sevdiyim aktrisadır. O vaxt gənc idi, teatra yeni gəlmişdi. O qız respublikanın əməkdar artisti, məni Aydına həsrət qoyan Hüsniyyə Mürvətovadır! Hüsniyyə çox yaxşı aktrisadır. (gülür)

-Məncə söhbətimiz maraqlı gedir…

-Mən maraqlı müsahib, maraqlı yol yoldaşı deyiləm. Deyib-gülən olmasam da, hamıyla birlikdə maraqlı komediyalara gülürəm. Həyatda söhbətcil adam deyiləm. Teatrda isə tamam başqa ovqatda oluram. Səhnə mənə güc verir. Sağ olsun Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevi. Keçən il çağırıb halımla maraqlandı, deyəsən təlatümərimi hiss etmişdi. Mən də sadəcə oynamaq istədiyimi dedim. Dərhal tapşırıq verdi, gedib Mingəçevirdə tamaşa qoydum, ruhum təzələndi. Aktyorla tamaşaçı arasında qəribə bir bağ var. Hətta bu mövzuda elmi iş yazmaq olar. (gülür) Sizin yadınıza gəlməz, o vaxt Hind filmləri gələrdi…

Mənim bir az yadıma gəlir …

-Hə, bax o filmlərə qadınlar gedəndə ağlamaq üçün dəsmal götürərdilər. Ailə o filmə hazırlıqlı gedərdi. Bilirdilər ki, o filmə ağlamağa, təmiz hislər almaq üçün gedirlər. Aktyor üçün maraqlı odur ki, tamaşaçı bilməyə sən hansı sahənin aktyorusan. Tamaşaçı sənin komediyana da, dramana da inanmalıdır. Tamaşaçını inandırırsansa səni qəbul edir.

-İndi teatra gedənlər azdır…

-İndi şərtlər başqadır. O vaxt 8 saatlıq iş günündən sonra insanlar teatra üz tuturdular. İndiki qədər restoran, kafe, əyləncə məkanı yox idi. İndi insanlar səhər evdən çıxır, axşam da basabas avtobuslarla evə gəlib çıxır. Bu cür vəziyyətdə teatra getməyə həvəs hardan olsun?

-Bu günlərdə Türk Aktyoru Tarık Akan vəfat etdi. Kifayət qədər siyasi fikirlərini ortaya qoyan, barrikadalarda, mitinqlərdə görünən, buna görə əziyyət çəkən adam idi. Dünyada sənət adamlarının siyasətlə məşğul olması nümunəsi çoxdur. Siz bu məsələyə necə münasibət göstərirsiniz?

-Sənət adamının içindən gəlirsə, olmalıdır. Mənim içimdən gəlmir siyasətlə məşğul olmaq.

-Ölkədə baş verən münasibətlər sizi düşündürürmü?

-Əlbəttə düşündürür. Mənim atam siyasətçi olub. “21 Azər” inqilabının fəallarından olub. Mənə həmişə deyirdi ki, siyasətlə məşğul olma, partiyaya, komsomala üzv olma. Komsomala məcburi daxil etdilər.Gəlib bunu atama dedim, narazılıqla əlini yellədi. O siyasətin nə olduğunu yaxşı bilirdi. Pişəvərinin yaxın adamlarından olmuşdu.

Ancaq mən siyasətlə məşğul olsam səhv etmiş olaram. Mən sənətimlə məşğul olsam daha yaxşıdır. Ən böyük arzum budur ki, sənətimlə məşğul olmağıma imkan versinlər.

3

2

4

Müsahibə, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti