Vaşinqtonun “qorxulu Tehran” oyunu: hədəfdə yenə Türkiyədir

Müəllif: Redaktor

Editor

usaTehran rejimi ABŞ-ın səssiz razılığı ilə özünün nüfuz coğrafiyasını genişləndirmək istiqamətində hərəkətlənib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İran Şimali Afrika ölkələrində mövcudluğunu və təsir imkanlarını artırmaq üçün məzhəbçilik amilindən yararlanır. Məlumata görə, Yaxın Şərqdə cərəyan edən proseslərdə fəal rol oynamağa çalışan İran digər qitədə – Afrikada nüfuzunu bərqərar etməyin qayğısına da qalmaqdadır. Qeyd olunur ki, İran bu məqsədlə Şimali Afrikanın Əlcəzair, Tunis, Mərakeş, Mavritaniya və digər ölkələrində məqsədyönlü fəaliyyətini davam etdirir. Tehranın “qara qitə”də möhkəmlənmək niyyəti o qədər dərinləşib ki, hətta Afrikanın Misir, Sudan və Nigeriya kimi oturuşmuş, eyni zamanda, İranın nüfuz edə bilmədiyi ölkələrində də mövcudluğunu təmin etməyə çalışır.

Məlumata görə, İran qeyd olunan ölkələrdə əhalinin müəyyən kateqoriyası, ilk növbədə gənclərin ifrat dindar təbəqəsi ilə işləməyə üstünlük verir və onların qismində tərəfdar ordusu formalaşdırır. Bildirilir ki, bu məqsədin gerçəkləşməsi üçün ciddi maliyyə sərf edən İran hakimiyyəti həmin ölkələrdə çox sayda mədəniyyət mərkəzləri və dil kursları açaraq, müxtəlif tanışlıq səyahətləri və dini mərasimlər təşkil etməkdədir. Bu işlərin nüvəsində isə sözügedən ölkələrdə İranın hakim dini-ideoloji siyasətinə rəğbət yaratmaq və Tehran rejiminin maraqlarına uyğun siyasətin müəyyənləşməsinə təsir göstərmək dayanır.

Deyilən çərçivədə maraqlı məqam bundan ibarətdir ki, həmin ölkələrdə əhalinin mütləq əksəriyyətinin ərəb olmasına, İranın mədəni ekspansiyasına qarşı iri pullar qarşılığında tədbirlər görülməsinə baxmayaraq, bu işlər hər hansı ciddi nəticə verməyib. Əksinə, İran daha çevik davranaraq, onun başladığı bu prosesə əngəl ola biləcək qüvvələri neytrallaşdıra bilir. Bu arada İranda təşkil olunacaq Əlcəzair mədəniyyət həftəsinə qatılmaq üçün Tehrana gələn Əlcəzairin mədəniyyət naziri İzzəddin Mihubi ciddi sayılacaq bəyanatla çıxış edib. Onun sözlərinə görə, Əlcəzairdə Xomeyninin inqilab ideologiyasının regionda yayılmasına imkan verəcək dörd İran mədəniyyyət mərkəzinin açılmasına rəsmi icazə verilib. Xatırladaq ki, İran və Əlcəzair arasında “inqilabi ideologiya” anlaşması hələ keçmiş prezident Mahmud Əhmədinejatın dönəmində əldə edilmişdi. Görünür, tərəflər aradan keçən müddətdə ortadakı anlaşmanı daha da inkişaf etdiriblər. Əlcəzairin Tehrana yönəlik bu jesti həmin ölkənin İranın Afrikadakı for-postuna çevrildiyini söyləməyə əsas verir.

Maraqlıdır ki, İran bu işlərin həyata keçirilməsinə ABŞ və Qərbin sanksiyalarının gücləndirildiyi dövrdən başlayıb. Eyni zamanda, Tehran rejimi 2011-ci ilin əvvəlindən vüsət alan “Ərəb baharı” prosesində də nüfuzunun yayılması baxımından fəal iştirak edib. İran xüsusilə, məzhəb amilini önə çəkərək, Bəhreyndə onun siyasətini dəstəkləyəcək siyasi rejimin formalaşdırılmasına davamlı səylər göstərsə də, buna nail olmadı. Lakin “Ərəb baharı” dalğasında Yəməndə husilərin təşkilatlanmasına yardım göstərərək, həmin ölkədə hələ də səngiməyən vətəndaş müharibəsində tərəfə çevrildi. Digər tərəfdən, Suriya böhranının başlanğıcından rəsmi Dəməşqə hərtərəfli yardım göstərən İran Rusiya ilə birlikdə Bəşər Əsəd rejiminin indiyə kimi ayaqda qalmasında mühüm pay sahibi oldu. Eyni zamanda, məzhəb faktoruna görə İraq hakimiyyətinə təsir imkanlarını maksimum artırmağa nail olan İran bu ölkədə baş verən proseslərdə də mühüm rol oynamaqdadır. Bundan başqa, Qərb koalisiyasının Əfqanıstanda “Taliban”a qarşı əməliyyatlarına İranın müəyyən dəstək verməsi də artıq yenilik deyil.

Ancaq qeyd edilən coğrafiyada gedən prosesləri nəzarətdə saxlayan ABŞ-ın İranın haqqında danışılan fəallığına qarşı çarəsiz qaldığını düşünmək sadəlövhlük olardı. Hər halda, ABŞ və İran arasında məxfi danışıqların aparılmasına dair mediada zaman-zaman yayılan məlumatlar Vaşinqtonla Tehran arasında sinxron koordinasiyanın zəruri hallarda işə salındığını təsdiqləyir. Yəni Tehranın Yaxın Şərqdə və Afrikada əl-qol açmasının Vaşinqtonun iradəsindən kənar bir fəaliyyət olduğu düşünülmür. ABŞ-ın İrana bu qədər sərbəstlik verməsinin səbəbi əlbəttə ki, düşündürücüdür. Proseslərin təhlili göstərir ki, Vaşinqtonun Tehranın regional oyunçu kimi rolunu artırması ilk növbədə bölgədə Türkiyənin nüfuz arealının genişlənməsinin qarşısını almağa yönəlib. ABŞ yenə də pərdəarxasında dayanaraq, regionun iki aparıcı müsəlman ölkəsini qarşı-qarşıya qoymaqla bu rəqabətdən mümkün qədər çox yararlanmağı düşünür. O baxımdan, ABŞ-ın vaxtilə “Əbədi düşmən” elan etdiyi İrana indi qucaq açmasının kökündə məhz Türkiyənin regionda əsas söz sahibi olmasına imkan verməmək niyyəti dayanır. Acınacaqlı haldır ki, ABŞ sadəcə, Türkiyənin güclənməsinin qarşısını almaq üçün öz dəyərlərini də asanlıqla tapdalamaqdan çəkinmir.

Ancaq “Əqrəblə oyun”un nə ilə nəticələndiyi əksəriyyətə məlumdur. Yəqin ki ABŞ-a da…

A.Zeynalov

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır