yenicag.az
yenicag.az

Vəkillər Binəqədidə yanan binaya görə təqsirləndirilənlərə bəraət istədi

Vəkillər Binəqədidə yanan binaya görə təqsirləndirilənlərə bəraət istədi

Müəllif: Redaktor

Editor

trend_bina_yangin_190515_04Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən təqsirləndirilən A.Əlibəyovun vəkili hüquqlarını müadafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Q.Novruzovun vəkili Nüşabə Ağayeva isə çıxışında deyib ki, Binəqədi rayonunda binaların üzlənməsi ilə bağlı rayon icra hakimiyyətində “Global Construction” MMC ilə müqavilə bağlanıb: “Müvəkkilimin günahı olmadığını hesab edirik. Onun barəsində bəraət hökmünün çıxarılmasını istəyirik”.

A.Məmmədovun vəkili də müdafiə çıxışında müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Məhkəmənin növbəti iclası 2017-ci il yanvarın 10-na təyin edilib.

Xatırladaq ki, ötən ptosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə caza istəyib. Prokuror çıxışında Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il , Ağacavad Məmmədovun 5 il, Akif Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Construction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Yeniçağ.Az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti