!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əkrəm Həsənov: "Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır" - MÜSAHİBƏ

!Reklam – Yazi

Bu günlərdə vəkil Əkrəm Həsənov qarşıda gələn Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçkisi mövzusuna toxunarkən bu vəzifəyə Kollegiyanın Rəyasət Heyətinin üzvü, “Bakı Hüquq Mərkəzi”nin rəhbəri Anar Bağırovun namizədliyini dəstəklədiyini bildirib. İndiyədək bu məsələyə heç bir vəkil belə açıq və birmənalı münasibət bildirməmişdi. Buna görə də məsələ nəinki vəkillərin, ümumiyyətlə ölkənin hüquq ictimaiyyətinin ciddi müzakirə obyektinə çevrilməkdədir. Sosial şəbəkələrdəki rəylər göstərir ki, hüquq ictimaiyyətinin əksər hissəsi Əkrəm Həsənovla həmrəydir. Yalnız iki nəfər etiraz edib: Anar Bağırovun özü və keçmiş vəkil Aslan İsmayılov.

Yenicag.az ölkə.az-ın Əkrəm Həsənovla müsahibəsini təqdim edir:

– Vəkillər Kollegiyasının fəaliyyəti adətən gündəmdə olmur. Sizcə, niyə Rəyasət Heyəti sədrinin seçkisi ictimaiyyətin belə marağına səbəb olub?

Əsas səbəb Vəkillər Kollegiyasının rolunun və əhəmiyyətinin artmasıdır. Məlum olduğu kimi, yeni ildən məhkəmələrdə təmsilçilik institutuna dair bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, mülki və inzibati proseslərdə fiziki şəxsləri yalnız yaxın qohumları və vəkillər, hüquqi şəxsləri isə yalnız işçiləri və vəkillər təmsil edə biləcək. Göründüyü kimi, hər hansı şəxsin məhkəmədə nümayəndə ola bilməsi təcrübəsinə son qoyulur. Əksər ölkələrdə olduğu kimi, bizdə də məhkəmədə tərəfləri, bir qayda olaraq, peşəkarlar, yəni vəkillər təmsil edəcək.

Bu isə Vəkillər Kollegiyasında ciddi islahatları qaçılmaz edir. Bu islahatlar həmçinin vəkillərin sayının və keyfiyyətinin artmasını ehtiva edir. Təsadüfi deyil ki, dövlət başçısı da sözügedən dəyişiklikləri təsdiqləyərkən Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması üçün müvafiq tədbirlərin görülməsini tövsiyə edib. Buna görə də söhbət sadəcə Kollegiyanın yeni rəhbərinin deyil, islahatçı rəhbərin seçilməsindən gedir. Həmin şəxsin fəaliyyəti sırf Kollegiyanın deyil, bütövlükdə hüquq sistemimizin, deməli, cəmiyyətimizin də inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək.

– Və siz hesab edirsiniz ki, bu işin öhdəsindən məhz Anar Bağırov gələ bilər. Niyə?

Hüquqşünaslıq mühafizəkar peşədir, çünki mövcud ənənələrə söykənir. Buna görə də islahatçı rəhbər cavan və enerjili olmaqla yanaşı praqmatik olmalıdır. Vəkillər unikal peşə sahibləridir. Biz hamımız bir-birimizin rəqibiyik. Əlbəttə, digər peşə sahibləri də rəqabət aparır: çəkməçi də, həkim də. Lakin onlar, bir qayda olaraq, “emalatxana”larında oturaraq rəqabət aparır. Biz vəkillər isə, bir növ, yaxın döyüşdə, məhkəmə proseslərində çəkişərək rəqabət aparırıq. İdmançılar kimi. Amma idmançılar öz aralarından rəhbər seçmir. İdman federasiyalarının rəhbərləri nəinki fəaliyyətdə olan idmançı olmur, adətən ümumiyyətlə idmançı olmurlar. Biz vəkillər isə öz sıramızdan rəqabət apardığımız şəxslərdən birini rəhbər seçməliyik. Buna görə də bu fiqur nəinki kompromis xarakterli, həmçinin bərabərlər arasında birinci olmalıdır.

Zənnimcə, bütün bu tələblərə daha çox Anar Bağırov cavab verir. Həm Kollegiya, həm də bütövlükdə hüquq ictimaiyyəti qarşısında onun xidmətləri danılmazdır. Son illər ərzində məhz o, Kollegiyanın siması, onun Rəyasət Heyətinin həm ölkədə, həm də xaricdə ən tanınmış üzvüdür. Ölkənin ən iri hüquq şirkətlərindən birinin rəhbəri olaraq Anar müəllim nəinki yaxşı hüquqşünas və savadlı vəkil, həmçinin effektiv menecer olduğunu təsdiqləmişdir. Məlum olduğu kimi, son illər ərzində mən və rəhbərlik etdiyim hüquq şirkəti daha çox bank müştərilərini müdafiə edirik. Anar Bağırovun rəhbərlik etdiyi “Bakı Hüquq Mərkəzi” isə o cümlədən bankların hüquqlarını müdafiə edir. Yəni biz daim rəqabət aparır, çəkişirik. Bu sağlam rəqabətdir. Hüquq sistemi də məhz bu əsnada inkişaf edir. Mövcud inkişaf mərhələsində Kollegiyanın məhz Anar müəllim kimi rəhbərə ehtiyacı var.

– Amma Anar Bağırov özü deyir ki, Kollegiyada digər layiqli namizədlər də var. Ümumiyyətlə, qarşıdakı seçkilərin ictimai müzakirəsinin əleyhinədir. Siz bu barədə nə düşünürsünüz?

– Anar müəllimin bu mövqeyi seçimimizin doğru olduğunu bir daha təsdiqləyir. Sadəlik və təvazökarlıq insanın yaraşığıdır. Dediyim kimi, Kollegiyanın rəhbəri bərabərlər arasında birinci olmalıdır. Deməli, təvazökar, ziyalı, dürüst və yüksək mədəniyyətə sahib şəxsiyyət olmalıdır. Anar Bağırov da məhz bu keyfiyyətlərini nümayiş etdirdi.
İctimai müzakirələrin arzuolunmazlığına gəldikdə isə onunla tam razı deyiləm. Əgər müzakirələri vəkillər aparırsa, bu normaldır. Qabaqcadan müzakirə aparmadan rəhbərimizi necə seçə bilərik axı? Əksinə, bu məsələni mümkün qədər tez həll edib irəli getməliyik. Buna görə də seçkiləri ilin sonunadək keçirmək lazımdır.

Əlbəttə, Kollegiyada digər layiqli namizədlər də var. Amma Anar müəllim ən optimal namizəddir və ilkin rəylər də göstərir ki, əksəriyyət məhz onu dəstəkləyir. Dediyim kimi, vəkillər bir-birinə rəqibdir. Anar Bağırovu dəstəkləməklə vəkillər rasional düşünür: məhz onun bu vəzifənin öhdəsindən daha yaxşı gələrək bütövlükdə Kollegiyaya və onun üzvlərinə faydalı olacağını bilirlər.

Sadəcə cəmiyyətimizdə vəzifəyə münasibət yanlışdır. Vəzifə ilk növbədə məsuliyyət və məhdudiyyətlər deməkdir. Bax, bu günlərdə digər tanınmış hüquq şirkətinin rəhbəri Gündüz Kərimov birinci vitse-prezidentin köməkçisi təyin olunub. Bu təyinat Gündüz müəllimdən çox ölkəmizə lazımdır. Azad və uğur qazanmış insandır, indi isə məmur oldu və könüllü olaraq məhdudiyyətlərə razılaşdı. Niyə? Vətəninə kömək etmək üçün. Eyni məsələ Anar Bağırova da aiddir. Kollegiya rəhbəri olmadan da uğur qazanmış peşəkardır. Kollegiyanın rəhbəri olsa, özünə, ailəsinə və yaxınlarına daha az vaxt ayıra biləcək. Vaxtını bizə, vəkillərə ayırmalı olacaq. Deməli, əslində mən ona üzərinə böyük yük götürməyi təklif edirəm. İstisna etmirəm ki, o da bu yükün altına girməyin ona nə dərəcədə lazım olduğunu düşünür (özümdən də bunu yaxşı bilirəm: bir neçə dəfə dövlət qurumlarında vəzifələrdən o cümlədən bu səbəbdən imtina etmişəm). Lakin onu məsuliyyətli və vətənpərvər insan kimi tanıyaraq, əminəm ki, dəstəyimizi, bizə lazım olduğunu görərək, nəticədə razılıq verəcək.

– Keçmiş vəkil Aslan İsmayılov isə hesab edir ki, siz Anar Bağırovun həmkarı, ədliyyə nazirinin oğlu Fariz Məmmədovun hüquq xidmətləri bazarını inhisara almaq istəyini “tirajlayır”sınız. O, həmçinin deyir ki, Bağırovun rəhbərlik etdiyi “Bakı Hüquq Mərkəzi” “fövqəladə ağıla sahib olmaları ilə bağlı deyil”, inzibati resurs hesabına “istənilən məhkəməni udur”.

– Təəccüblü mövqedir. Nə ədliyyə nazirini, nə də onun oğlunu şəxsən tanımıram. Bircə onu bilirəm ki, Fariz Məmmədov da mənim həmkarımdır, vəkildir. Prokuror deyil, polis deyil, məmur deyil. Onun haqqında rəyi də bir neçə il öncə elə Aslan İsmayılovun müsahibəsində oxumuşdum. Demişdi ki, Fariz Məmmədov “bacarıqlı şəxsdir, həqiqətən də başqalarından fərqli olaraq monopoliya əsasında iş görən deyil. Sadəcə, imkanlarından istifadə edib savadlı cavanları ora yığıb işini görür”. Bu gün isə tamam başqa şeylər deyir. Söhbət həmin Fariz Məmmədovdan gedirsə, mövqe niyə belə dəyişib axı?!

“Bakı Hüquq Mərkəzi”nə gəldikdə isə, dediyim kimi, biz rəqibik, xüsusilə məhkəmə proseslərində. Onlar da prosesləri uduzur, o cümlədən bizə. Buna görə də “istənilən məhkəməni udur” tezisi yanlışdır. Bəli, məhkəmə sistemimizdə ciddi problemlər var və istisnasız bütün vəkillər onlardan əziyyət çəkir. Buna görə də onları birlikdə həll etməliyik. Və bu zaman prinsipial və ardıcıl olmalıyıq. Bax, elə həmin Aslan İsmayılov daim məhkəmə sistemini tənqid edir. Mən də tənqid edirəm, burada həmfikirik. Amma eyni zamanda onun qızı Konstitusiya Məhkəməsində işləyir. Konstitusiya Məhkəməsi ən yüksək məhkəmə orqanımızdır və tez-tez birmənalı olmayan qərarlar qəbul edir. Məsələn, 2015-ci ildə dollar kreditləri üzrə, zənnimcə, ədalətsiz qərar qəbul etdi. Cəmiyyətimiz, o cümlədən bəzi millət vəkillərimiz indiyədək bu qərardan narazıdır. Amma Aslan müəllim o zaman bu qərarı birmənalı dəstəklədi. Görəsən niyə? Bəlkə ona görə ki, qızı orada çalışır?

Əlbəttə, mən başa düşürəm ki, Kollegiyadan xaric edildiyi, yeni ildən isə nümayəndə kimi də müştərilərini məhkəmələrdə təmsil edə bilməyəcəyi üçün Aslan İsmayılov, bir növ, incikdir. Lakin bu, ətrafda hər şeyi pisləmək üçün əsas deyil axı! Aslan müəllim heç də kasıb adam deyil, aktivlərini də Azərbaycandakı hüquq praktikası və məhkəmə prosesləri hesabına qazanıb (hüquqşünaslıqla xaricdə məşğul deyil ki!). Deməli, hüquqşünas əməyi ilə yaxşı qazanc əldə edə bilirsə, bizdə heç də hər şey elə də pis deyil.

Hər bir halda konstruktiv olmaq lazımdır, dağıtmaq asandır, qurmaq və yaratmaq isə çətin. Nə ilə isə razı deyilsənsə, təklif ver. İrəli sürdüyüm namizədi bəyənmirsənsə, başqasını təklif et. Hüquq praktikasız qalmaq istəmirsənsə, Vəkillər Kollegiyasına yenidən daxil olmağa cəhd et. Axı biz Kollegiyanın tərkibinin genişlənməsini istəyirik. Savadlı və təcrübəli hüquqşünaslar bizə çox lazımdır!

– Bununla belə dünən vəkil Yalçın İmanovun Kollegiyadan xaric edilməsi xəbəri yayıldı. Vəkillərin Kollegiyadan çıxarılmasına münasibətiniz necədir? Deyilənə görə Kollegiyadan vəkillər sırf siyasi əqidəsinə görə xaric edilir.

Ümumən Kollegiyadan xaric etmə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətini təmin etməyə yönələn alətdir və bütün dünyada tətbiq edilir. Qanunvericiliyi, vəkil etikasını pozan vəkillər cəzalandırılmasa, lazımi keyfiyyət təmin edilə bilməz. Amma Kollegiyadan xaric etmə müstəsna hal olmalıdır. Onadək imkan daxilində digər alətlərdən istifadə edilməlidir. Mən Yalçın İmanovu dünənə qədər tanımırdım. Haqqında elə dünən eşitdim. Hər bir halda qərar qəti deyil. Yekun qərarı məhkəmə verəcək. Eşitdiyimə görə dünən digər vəkillərin də məsələsinə baxılıb və onlar nəinki xaric edilməyib, onlara qarşı heç bir sanksiya tətbiq edilməyib. Buna görə də məsələni siyasiləşdirmək lazım deyil. Kollegiyadan indiyədək xaric olunanlar sırasında siyasətlə bağlılığı olmayan vəkillər də olub. Bununla belə, istisna etmirəm ki, Kollegiyanın indiyədək olan fəaliyyətində bu məsələdə qüsurlar olub. Elə o cümlədən buna görə də Kollegiyada islahatlar aparılmalıdır. Vəkillər Kollegiyası siyasi partiya, siaysət meydanı deyil.

www.yenicag.az

4974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv