yenicag.az

Vergilər Nazirliyinin qara siyahısındakı “sahibkar” necə Səhiyyə Nazirliyinin beşqat qalibi oldu? - Tender oyunları - II yazı

Vergilər Nazirliyinin qara siyahısındakı “sahibkar” necə Səhiyyə Nazirliyinin beşqat qalibi oldu? – Tender oyunları – II yazı

Müəllif: Redaktor

Editor

Azərbaycanda ən müxtəlif səviyyələrdə dövlət vəsaitləri hesabına alqı-satqıların həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu qeyd etmişdik. Tender reyestrini analiz etdikcə, belə pozuntuların say-hesabının olmadığına bir daha əmin oluruq.

Reyestrdə qeydə alınan satınalmaları incələdikdə, diqqəti cəlb edən əsas məqam bir şirkətin eyni qurumdan çoxsaylı sifarişlər almasıdır. Bu zaman sifarişçi nazirlik, komitə və sair də ola bilər, onlara tabe olan yerli strukturları da, icra orqanları da… Çox hallarda isə bir qurumun – xüsusilə də yerli icra hakimiyyəti orqanlarının bir neçə il ardıcıl tenderlərdən qalib çıxartdığı 2-3 şirkətin eyni şəxs(lər)ə məxsus olduğu aydınlaşır.
2015-ci ildə keçirilmiş tenderlərin nəticələri, qalib şirkətlərlə bağlı araşdırmalarımız çox maraqlı faktların üstünün açılmasına səbəb olub. Bunlardan ikisini diqqətinizə çatdırırıq.

Səhiyyə Nazirliyi Bərdə Müalicə Diaqnostika Mərkəzinin 2015-ci ildə idarə xərcləri, yumşaq və digər inventar, dəftərxana və təsərrüfat xərcləri və cari təmir işləri üzrə keçirtdiyi tenderlərin qalibi “Edid Biodez” MMC olub. Bu işlərin müqabilində MMC Mərkəzdən üst-üstə 73 490 manat alıb.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Bakı Şəhər Dezinfeksiya Stansiyası 2015-ci ildə “Alpmed” MMC-yə kommunal xidmətlər üçün 24899,5 manat, nəqliyyat ehtiyat hissələri üçün 14997,8 manat, sürtkü materialları üçün 16310 manat, təsərrüfat malları üçün 11983 manat, blanklar üçün 25255 manat – cəmi 93 412, 3 manat ödəyib.

Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzi 2015-ci ildə “Epidres” MMC-yə Dəftərxana və təsərrüfat malları üçün 28 200 manat, mətbəə xərcləri üçün 14 000 manat, idarənin xərcləri üçün 15 000 manat, kommunal-kommunikasiya

xərcləri üçün 7000 manat – cəmi 64 200 manatlıq sifariş verib.
İlk baxışdan, qeyri-adi görünməyən bu alqı-satqıları birləşdirən tək cəhət eyni qurumun bir MMC-yə bir neçə sifariş verməsi deyil. Məsələ burasındadır ki, həm “Edid Biodez” MMC, həm “Alpmed” MMC, həm də “Epidres” MMC-nin qanuni təmsilçisi eyni adamdır – Quliyev Elçin Murad oğlu.

Hər 3 MMC-nin hüquqi ünvanı da eynidir: Masallı rayonu, Böyük Xocavar yaşayış massivi. Və nə qədər qəribə də olsa, hər 3 MMC eyni gündə – 29.05.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nəhayət, bu MMC-lərin qanuni təmsilçisinin adı həm də 4 başqa şirkətin – “Liven” MMC, “Veter” MMC, “Eleqant Servis” MMC və “Volqa-2013” MMC-nin qanuni təmsilçisi kimi Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə ölkədən çıxışı qadağan olunan şəxslərin siyahısındadır.

Lənkəran rayonu Vilvan kəndində qeydiyyatdan keçmiş “ALİQATOR.M-2014” MMC 2015-ci ildə Şirvan şəhər Müalicə Diaqnostika Mərkəzindən cari təmir işlərinə 9962,87 manat, digər nəqliyyat xərclərinə 10000 manat, yumşaq inventarların satın alınmasına 10000 manat, inventarların satın alınmasına isə daha 10000 manat – cəmi 39962,87 manat alıb.

Səhiyyə Nazirliyi Siyəzən Rayon Mərkəzi Poliklinikası 2015-ci ildə “Maşuq C” MMC-yə maşın avadanlıqlarının, dəftərxana ləvazimatlarının, hətta tibbi avadanlığın satın alınması üçün ümumilikdə 27 650 manatlıq sifariş verib.
Həmin il Səhiyyə Nazirliyi Füzuli Müalicə Diaqnostika Mərkəzi dəftərxana, təsərrüfat və digər xərclərini, cari təmir işlərini, yumşaq inventarların satın alınmasını eyni şirkətə – “Maşuq C” MMC-yə həvalə edərək, bunun üçün ona 40 250 manat ödəyib.

Və bu MMC-lərin ikisi də 2013-cü ildə Lənkəran rayon Vilvan ünvanında qeydiyyatdan keçib. Hər ikisinin qanuni təmsilçisi Əliyev Teymur Mömin oğludur. Bu adam təmsil etdiyi şirkətlərin sayına görə yəqin ki, rekord vurub. Belə ki, onun təkcə vergi borcu olan MMC-lərin siyahısında olan, hamısı Lənkəran rayonu Vilvanda qeydiyyatdan keçmiş 32 başqa MMC-yə də qanuni təmsilçilik etdiyi məlumdur. Bu borclara görə onun da Azərbaycandan kənara çıxışı qadağan olunub.

Beləliklə, aydın olur ki, bir şəxsin rəhbərlik etdiyi onlarla şirkət eyni vaxtda müxtəlif rayonlarda dövlət vəsaitləri hesabına keçirilən tenderlərdən qalib çıxarılıb. Bu isə onu göstərir ki, əvvəla, ölkədə iqtisadi sahədə tənzimləyici olan qurumların fəaliyyəti koordinasiya olunmur – vergi borcuna görə kənara çıxışın yasaqlanması mərhələsinə gəlmək bəzən illərlə vaxt tələb edir. Əgər dövlət satınalmalarına nəzarət edən orqanla vergi orqanları arasında koordinasiya olsaydı, bir şirkətin vergi borcuna görə sanksiyaya məruz qoyulan şəxsin təmsil etdiyi digər şirkətlər, ümumiyyətlə, tenderlərə yaxın buraxılmazdı. İkinci bir tərəfdən, eyni şəxsin onlarla şirkətin təmsilçisi kimi müxtəlif regionlarda müxtəlif xidmətləri əldə etməsinə şərait yaratmaq dövlət satınalmalarına nəzarət edən orqanın yumşaq desək, məsuliyyətsizliyidir.

Tender proseslərindəki qanunsuzluqlar, şübhəli tender oyunları barədə araşdırmalarımız davam edəcək.

Dünya SAKİT

Yenicag.az

Xəbərlər, İqtisadiyyat, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti