!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətəni olmayanın milləti, milləti olmayanın namusu olmaz” - Dünya Qarapapaq Türkləri Birliyinin baş katibi Səlahəddin Turan

!Reklam – Yazi

90-cı illərin əvvəllərindən Azərbaycanın səsini Türkiyəyə çatdıranların öncüsü olan məşhur televiziya aparıcısı Seyfullah Türksoy 2015-ci ilin sonlarında yeni missiya ilə qarşımıza çıxdı: Dünya Qarapapaq Türkləri Birliyi. Dünyadakı türk torpaqlarını qarış-qarış gəzən və saysız-hesabsız bu mövzuda proqramlara imza atan Seyfullah Türksoyun yeni lahiyəsinin uğurlu olacağına inanan da oldu, yoluna daş qoymaq istəyən də… Ancaq il yarıma yaxın fəaliyyət göstərdi ki, Türksoy bu işdə də ən az “İpək yolu” proqramındakı kimi qərarlıdır. 

Birliyin fəaliyyətini və bundan sonrakı plan-proqramını Yeniçağ.Az-ın qonağı, Dünya Qarapapaq Türkləri Birliyinin baş katibi Səlahəddin Turan ilə müzakirə edirik.

– Artıq bir ildir ki, Karapapaq Türkləri Birliyi yaradılıb. Çox gərgin şəkildə fəaliyyət göstərirsiniz. Səlahəddin bəy, işlərinizdən razısızcı?

– Bildiyiniz kimi, bir il əvvəl türk dünyasını sevən Seyfullah Türksoyun rəhbərliyi ilə Karapapaq Türkləri Birliyi quruldu. Günbəgün yaxın dostlarımızın sayəsində bu birlik fəaliyyətini genişləndirməkdə davam edir. Biz fikirdə, dildə, əməldə birlik ideyası ilə bu yola çıxdıq. Hamının bildiyi kimi, qarapapaq türkləri Azərbaycan türklüyünün bir parçasıdır. Biz türk dünyası ilə yaxından maraqlanırıq. Fəaliyyətimizdə uğur qazanmağımızın səbəbi Türk dünyasının hər qarış torpağında ayaq izləri olan bir sədrimiz var. Eləcə də güclü üzvlərimiz var və hansı ki, sənətçilər, akademiklər, sahibkarlar və sair bura daxildir. Bu insanlar həmçinin türk dünyasını sözün həqiqi mənasında sevənlərdir. Birliyimizin türk dünyasında özünəməxsus yeri olması üçün onlar əllərindən gələni əsirgəmirlər. Bildiyiniz kimi, qurultaylarımız uğurlu bir şəkildə baş tutdu. İstanbul, Bursa, İzmir, Qars və Sivasda qurultaylar həyata keçirilib və bu tədbirlər davam edir. Bu qurultaylarda dildə, işdə, əməldə birliyimizi, xüsusilə türk birliyini önə çəkirik. İndi can Azərbaycanda olmaqdan çox məmnunuq. Ümummilli lider Heydər Əliyevi rəhmətlə anırıq və onun fikri ilə desək, “Biz bir millət, iki dövlətik”. O cümlədən “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” deyirik. Xüsusilə, Karapapaq Türkləri Birliyi olaraq, bunu deməkdən heç vaxt çəkinməmişik. Qarabağ problemi Türk dünyasının namus məsələsidir. Xocalı faciəsi, Qarabağ torpaqlarının işğal altında inləməsi türk dünyasının qanayan bir yarasıdır, ürəyinə saplanmış bir xəncərdir. Birlik olaraq, bu məsələdə “Ya Qarabağ, ya ölüm” deyirik. Çünki artıq belə məsələlər sülh yolu ilə həllini tapmır. Türk milləti olaraq, hər zaman Azərbaycanın yanındayıq.

– Karapapaq türklərinin üzərinə götürdüyü bir missiya var. Gələcəkdə nə kimi  işlər həyata keçirəcəksiz?

– Bizim mədəniyyət səfiri olan sədrimiz var. 15 nəfərdən ibarət idarə heyəti var ki, onlar türk dünyasının problemlərinin həlli ilə bağlı işlər həyata keçirir. 2017-ci il üzrə fəaliyyət proqramı hazırlanıb . Bu proqrama əsasən, keçən həftə Dünya Karapapaq Türkləri Birliyi olaraq, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanasvili ilə  bir protokol imzaladıq. Bu sənədə əsasən, Gürcüstanda Türkiyə-Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq bayramı keçiriləcək. Hər üç ölkədən dövlət nümayəndələrinin və sənət adamlarının iştirakı ilə bir festival olacaq. Çünki bu bölgə strateji baxımdan çox önəmlidir. Xüsusilə, Türkiyənin, Azərbaycanın və Gürcüstanın bu bölgədəki dostluğu, müttəfiqliyi nə qədər güclü olarsa, buradakı sabitlik digər bölgələrə, türk dünyasına təsir edəcək. Eyni zamanda Gürcüstanda imzalanmış protokola əsasən, hər üç ölkənin şairlərinin seçilmiş şeirlərindən ibarət bir kitab nəşr olunacaq. Bu kitab hər üç ölkədə pulsuz yayımlanacaq. Ötən il Gürcüstanda – ata yurdu Borçalıda – 450 uşağı sünnət etdirdik. Bu il 1500 uşağı sünnət etdirməyi nəzərdə tutmuşuq. Həmçinin, planlaşdırdığımız kimi fevral ayında 1500 şagirdə geyim alıb, hədiyyə edəcəyik.

Dünya Karapapaq Türkləri Birliyi bir təhsil, sosial yardım, mədəniyyət təşkilatıdır. Əgər bunları deyiriksə, eləcə də əməldə göstərməliyik. Sosial dəstəyimizi dayandırmaq fikrində deyilik və bundan sonra bu işimizə davam edəcəyik. Gürcüstanda protokol imzalamaqla işləri qaydasına saldıq. Azərbaycanda da bu sahədə işlərimiz gedir və protokol imzalanması üçün hazırlıqlar başlanılıb.

– Mənim tanıdığım Seyfullah Türksoy, fəaliyyətini təkcə Azərbaycan və Gürcüstanla məhdudlaşdırmayacaq. Çünki Seyfullah Türksoy bütün türk dünyasını qarış-qarış gəzir. Dünya Karapapaq Birliyi olaraq, Seyfullah Türksoyla ayaqlaşa bilirsinizmi?

– Həqiqətən Seyfullah bəylə ayaqlaşmaq bizi çox yorur. Amma bu dinamiklikdən  böyük bir ləzzət alırıq. Onun kimi sədrlə, liderlə birgə addımlamaq bizə xüsusi sevinc verir. Eyni zamanda Seyfullah Türksoyun Türk dünyasının birliyi naminə əlindən gələni edir. Heç vaxt öz şəxsi məsələsini önə çəkməyib. Onun əsas məqsədi Türk dünyasının birliyi ilə bağlı problemləri aradan qaldırmaqdır. Həqiqətən gərgin bir şəraitdə fəaliyyət göstəririk və çox yoruluruq. Təbii ki, sədrimiz bunu bilməməlidir (gülür-red.). Seyfullah Türksoy fəaliyyətini təkcə Azərbaycan və Gürcüstanla məhdudlaşdırmır, bütün Türk dünyasında bunu şahidi ola bilərik. Onun adı bütün Türk dünyası tərəfindən birmənalı qəbul edilir. Yəni, hara getsək, hörmətlə adı çəkilən şəxsiyyətlərdən biri məhz Seyfullah Türksoydur. Təbii ki, Türkiyədə onu qürurlu, millətinə bağlı bir insan kimi tanıyırlar. Bu da bizi uğura aparır. Onu da qeyd edim ki, Seyfullah bəyin yanında dəyərli idarə heyəti üzvlərimiz var. Onlar Türk dünyasında, biznes və incəsənət aləmində çox önəmli yerləri tuturlar. Onlar daşın altına əllərini deyil, bütün bədənlərini qoyurlar. Biz yaşadığımız müddətdə səmimi, belə deyək, özümüz kimi olmalıyıq. Səmimiliyimizi itirdikdə assimilyasiyaya məruz qalırıq. Bu halda ortalığa xeyli sayda qeyri-hökumət təşkilatları meydana gəlir və daha sonra bağlanır. Çünki səmimi və özünəməxsusluqları olmadıqları üçün bağlanırlar. Hazırda bizə Almaniyadan, digər türk birliklərindən müraciət edirlər ki, oralarda da qurultay keçirək. Bu uğurun da arxasında Seyfullah bəyin liderliyi və idarə heyəti üzvlərimizin birgə səmərəli işi dayanır.

– Seyfullah bəyin “İpək yolu” layihəsinə də zamanında indi FETÖ dediklərimiz mane olmağa cəhd edirdi. Bu gün də deyəsən, “daş atan”lar az deyil…

– Onu bir sədr olaraq deyil, yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, milli qüruru olan bir qarapapaq türküdür. Bir vaxtlar kimlərsə FETÖ ilə bərabər addımlayanda, Seyfullah bəy onlarla mübarizə aparırdı. Türkiyə həqiqətən çətin bir dövr yaşadı. Həqiqətən hərbi çevrilişə cəhd olunan gecə verilən bir açıqlama Türk dünyasının taleyini dəyişdirdi. Kimlərsə, FETÖ təhlükəsindən xəbərsiz olanda, siz kitablar yazdınız, mübarizə apardınız. Müəllifi olduğunuz “Səssiz işğal” kitabını hər kəsin oxumasını tövsiyə edirəm. Onu da qeyd edim ki, biz bu təşkilatı yaradanda bir sıra fikri önəm daşımayan adamlar tənqidlər yağdırmağa başladılar. Təbii ki, sözü deyən adama baxarıq; əgər o adamlar ağlına gələni danışırsa, biz ona diqqət etmirik. Seyfullah Türksoy Türkmənistanda, Azərbaycanda bir qardaşının ayağına tikan batdığını eşidəndə onun ağrısını ürəyində hiss edir. Biz əgər belə olarıqsa, onda uğura imza ata bilərik. Qeyri-hökumət təşkilatının bir təmsilçisi kimi fikir bildirəcəm. Türkiyədə 15 iyun hərbi çevrilişə cəhd edilən axşam Dünya Karapapaq Türkləri Birliyi alqışlanacaq bir mövqe nümayiş etdirdi. Hərbi çevrilişə cəhdin ilk dəqiqələrində sosial şəbəkə vasitəsilə bu addımı pislədik. Sədrimizin qəti qərarı ilə bütün üzvlərimizin meydanlara axışacağını bəyan etdik, hətta ölümlə üz-üzə qalsaq belə. Birliyin mətbuat xidmətinin rəhbəri olaraq, Bursada çevriliş əleyhinə çıxış edənlərdən biri mənəm. Sədrimizin təlimatı ilə yola çıxdım və Tiflis səfirliyimizdə keçirilən mətbuat konfransında həmfikirlərimizlə birlikdə bu hərbi çevrilişə cəhdi lənətlədik. Əslində bu, normal hərbi çevriliş olmadığı kimi, heç Türkiyə məsələsi də deyildi. Bu addım Türk dünyasının işğal edilməsi məsələsi idi. Yəni, o çevriliş cəhdi tək Türkiyəyə yox, Azərbaycana, bütün Türk dünyasına edildi. Burada söhbət Türkiyədən getmir. Çünki Türkiyə zəifləyərsə, Azərbaycan da zəifləyər. Türkiyə məhv olarsa, bu, bütün Türk dünyasına təsir edəcək.

– Təhlükə aradan qalxdımı?

– Belə deyək ki, onlar hazırki dönəmdə sakit durmurlar, mübarizə aparırlar. Bir də ki, üzü görünməyən xainlər var. Onlar üzdə guya özlərini  bu məsələdə dövlətin yanında göstərirlər. Türkiyə prezidenti cənab Ərdoğanın “yalnız qaldım” ifadəsi bütün Türk dünyasını düşündürməyə sövq edir. Amma istər siyasətdə, istərsə də digər məsələlərdə türk milləti olaraq, onu əsla yalnız qoymayacağıq. Dövlətimizi yalnız, vətənimizi sahibsiz qoymayacağıq. Aşıq Murad Çobaninin gözəl bir sözü var, “Vətəni olmayanın milləti, milləti olmayanın namusu olmaz”. İraq, Suriya göz qabağındadır. Ona görə də biz vətəni namusumuz bilirik, şəhadəti dünyanın ən şərəfli rütbəsi bilirik. Türkiyədə ikinci, üçüncü dəfə də belə çevriliş cəhdləri ola bilər. Bunların planları, layihələri bitməz. İmperialist güclər Türkiyəyə bir müharibə elan ediblər. Türkiyə vətəndaşı olaraq, onu deyim ki, biz əsla bu cür çevriliş cəhdlərinə boyun əyməyəcəyik. Canımız bahasına da olsa, Türkiyə Cümhuriyyətini heç kimə təslim etməyəcəyik.  Gürcüstanın baş naziri hərbi çevriliş cəhdindən bir müddət sonra Türkiyəyə gəldi. Onun bu addımına xüsusi önəm veririk. Azərbaycan prezidenti İlham Əliyevin, eləcə də ictimaiyyət nümayəndələrinin çevriliş cəhdinə etiraz səsləri bizim üçün önəmli idi və biz azərbaycanlı qardaşlarımızın bu addımını yüksək qiymətləndiririk. Onu da deyim ki, Türkiyə lider olan bir ölkədir və ona qarşı atılan addımlar bütün türk-islam coğrafiyasına atılan addımlardır.

Türkiyə konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsinə qərar verilib. Bu barədə şəxsən sizin mövqeyiniz necədir?

– Səlahəddin Turan olaraq, şəxsi fikrim ondan ibarətdir ki, Türkiyəni imperialist qüvvələrdən qorumaq, onların hansısa “əməliyyat”larının qarşısını almaq, inkişaf etmiş Türkiyənin tənəzzülə uğramaması, xüsusilə, demokratikləşmə və azadlıqların daha da artırılması üçün referenduma “hə” deyirəm. Bu məsələdə də maddi və mənəvi cəhətdən nə lazımdırsa, onu edəcəyəm. FETÖ ilə mübarizədə bundan əvvəlki hökumətlərin, koalisiyaların yanlış addımları olub. Hələ şagird olanda bəzi məktəbli yoldaşlarım FETÖ yataqxanaları haqqında çox gözəl danışırdılar. Amma həmişə terrorçu rəhbərinin qəzetdə yer alan çıxışlarını oxuyub, təqlid edərdim. Etiraf edim ki, indi böyük bir təhlükə var. Çünki bəzi bu terror təşkilatı üzvləri çevriliş əleyhinə olan insanları FETÖ-çü damğası ilə polisə nişan verirlər.

Referenduma gəlincə, elə bir maneə olmayacaq və bu, baş tutacaq. Çünki millətin iradəsinin qarşısını heç kim kəsə bilməz.

Yadıma düşmüşkən son olaraq, qeyd edim ki, bir qrup şəxs Türkiyə-Azərbaycan-Gürcüstan birliyinə zərbə vurmaq üçün bölgədə müəyyən işlər görür. İmperialist qüvvələrin əlaltıları, namərdlər təxribatlar törədirlər. Dünya Karapapaq Türkləri Birliyi olaraq, əsla bu üç ölkənin müttəfiqliyinə, dostluğuna zərər gəlməsinə imkan verməyəcəyik. Bu bölgə strateji bir ərazidir və Türkiyə-Azərbaycan-Gürcüstan qardaşlığının daha da möhkəmlənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Söhbətləşdi: Aqil Ələsgər

Qələmə aldı: Bəxtiyar Məmmədli

www.yenicag.az

2439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv