yenicag.az
yenicag.az

Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”

Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”

Müəllif: Baş Redaktor

Baş Redaktor

alabalaYAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən indiki namizədi, 11 saylı Qaradağ seçki dairəsinin deputatı Vəliyev Ağalar 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olub. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. 2010-cu ildən deputat kimi Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Qanunların üstündə olan deputat

Deputat Ağalar Vəliyev tikinti sektorunda aparıcı paya malik “Azəraqrartikinti” şirkətinə rəhbərlik edir. Bununla da millət vəkili olaraq biznes fəaliyyətilə də məşğul olmaqla qanunu pozur. A.Vəliyev həm də mətbuata qapalı deputatlardandır. Bu ilin may ayında Binəqədi rayonunda yanan binanın təmiri də məhz deputata məxsus olduğu bildirilən “Azəraqrartikinti” ASC-yə həvalə olunub. Bu barədə məlumatı AzPolitika saytı 28 may tarixində yazıb. Belə bir şirkətə rəhbərlik etdiyini A. Vəliyevin özü də inkar etmir. Lakin onun özü bu fəaliyyətin qanunsuz olmadığını deyir.

 

5 ildə iki dəfə danışan millət vəkili

“Gündəlik Bakı” qəzeti 7 may 2015 tarixli nömrəsində isə A. Vəliyevin Milli Məclisdəki fəaliyyətinə toxunub. Burada göstərilir ki, o 5 il ərzində Milli Məclisdə ancaq iki dəfə çıxış edib. Milli Məclisin deputatı Ağalar Vəliyevin adı Dördüncü çağırış AR MM-nin 29 noyabr 2010-cu il tarixli I sessiyasında və 7 dekabr 2010-cu il tarixli iclasında çəkilib. A.Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib.

 

Əmək müqaviləsini tapdalayan oliqarx

MediaMaqnat.tv portalı 7 avqust 2015 yazısında deputatın rəhbəri olduğu “Azəraqrartikinti” tərəfindən həyata keçirilən milyonluq layihələrdə böyük kəsirlərin mövcudluğundan danışıb. Binəqədi rayonunda yanan binanın təmiri işləri haqqında da bəzi məqamlar mətbuatın gündəminə gətirilib. Bildirilib ki, deputata məxsus olan şirkət tikinti və əmək sahəsinə aid olan qanunları pozur, işçiləri təhlükəsizlik qaydalarına riayət etmədən işlədir. Hətta fəhlələrin tikinti üçün müəyyən olunmuş uniforma və kaskasız işlədiyini əks etdirən fotolar da yayılıb. Həmin şəkillərdən aydın şəkildə görünür ki, işçilər necə gəldi işlədilir.

 

Cibini vətəndaşların taleyindən üstün tutan “millət vəkili”

Portal yanan binada apardığığı müşahidələrə əsasən bu qənaətə gəlib ki, Ağalar Vəliyevin rəhbərliyi altında fəaliyyət göstərən şirkət əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozur. Müvafiq qaydalara əsasən, piyadaların yoluna yaxın ərazilərdə təmir-tikinti işləri aparılarkən piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır ki, tikintidən qopan daş, taxta parçaları onların üzərinə düşməsin. Bunun qarşısının alınması üçün piyadaların hərəkət etdiyi hissəyə dəmir hasar çəkilir və üzərinə qoruyucu “setka”lar vurulur. Lakin tikinti gedən ərazidə qoruyucu çətir də çəkilməmişdi. Məlumata görə, 2006-ci ildən dövlət investisiyalarının həcmi artdıqca deputatın şirkətinin tikinti sektorundakı payı da artmağa başlayıb. Belə ki, “Azəraqrartikinti”yə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması həvalə edilib. Məsələn, Hökumət Evinin və Milli Məclisin binasının təmiri, əlavə 13 mərtəbəli yeni korpusun tikintisini deputatın şirkəti həyata keçirib. Müqayisə üçün bildirək ki, parlamentin binası üçün “Azəraqrartikinti”nin büdcədən aldığı 34 milyon manatın təxminən yarısına Gürcüstan hökuməti Rustavidə yeni parlament binası inşa edib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının tikintisi, Azərbaycan Tarixi Muzeyinin binasının yenidən qurulması, Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, Kimya Problemləri İnstitutunun, AMEA-nın mərkəzi binasının əsaslı təmiri yenidənqurma işlərinin görülməsini “Azəraqrartikinti” yerinə yetirib. Həmçinin şirkət Təhsil Nazirliyinin Neftçala rayon şöbəsinin binasının əsaslı təmiri, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə Gəncə şəhərinin su təchizatı üçün magistral su boru xəttinin tikintisi də aparıb. Araşdırmalar isə göstərir ki, sadalanan sonuncu layihələrə ümumilikdə 24 milyon manat vəsait ayrılıb. Bunun 16,3 milyon manatının AMEA-nın mərkəzi binasının, adları çəkilən institutların və elmi kitabxananın tikinti-təmirinə sərf edilib. Lakin büdcənin investisiya xərclərinə nəzər saldıqda bu rəqəmlərin fərqli olduğu üzə çıxır. Belə ki, Nazirlər Kabinetinin təsdiq etidiyi investisiya layihələrində AMEA-nın və sözügedən institutların və kitabxanasının tikinti-təmir işlərinə 23,9 milyon manat ayrıldığı göstərilir. Təsdiq edilən investisiya büdcəsindən “Azəraqrartikinti”yə yönəldilən vəsait arasında 7,6 milyon manat həcmində kəsir var. AMEA-nın inzibati binasının yenidən qurulmasına büdcədən 19 milyon manat xərcləndiyi göstərilsə də, tender.gov.az saytında podratçı şirkətə cəmi 4,3 milyon manat çatdığı təqdim edilir. Bir sözlə, Ağalar Vəliyevin şirkətinin həyata keçirdiyi layihələrin çoxunda külli miqdarda kəsir mövcuddur. Deputat şirkət fəhlələrinin əmək haqlarına da göz dikirmiş. Belə ki, mayın 19-da yanan binanın təmiri işlərini aparan fəhlələr əmək haqlarından 100 manatın kəsilməsi ilə bağlı etiraza qalxmışdı. Yeni Müsavat qəzetinin məlumatına görə, maaşları kəsilən işçilərin əsas narazılıq etdikləri şəxs məhz Milli Məclisin deputatı Ağalar Vəliyev olub.

 

Dairəsindən narazı namizəd

Qeyd edək ki, bu dəfə A. Vəliyevin namizədliyi YAP  tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər  seçki dairəsindən verilib. Aktual.az saytı isə 22 sentyabr tarixli yazıda isə qeyd edib ki, deputat, dairəsinin dəyişməsinə görə narazılıq ifadə edib. O, özünə yaxın olan adamların əhatəsində bildirib ki, uzaq və çətin dairənin ona verilməsi könlündən olmayıb. Dairənin üstəlik qaçqın rayonlarını əhatə etməsi namizədi heç razı salmayıb. Seçicilərin uzaq-uzaq ərazilərdə yaşaması əlavə maddi və fiziki xərc tələb edir deyə namizəd şikayətlənib.

Məlumatda o da bildirilir ki, yanan binada təmir işlərinin yekunlaşdırılıb təhvil verilməməsi də bununla bağlıdır. Bir növ binanı təmir edən “Azəraqrartikinti”nin rəhbəri A.Vəliyev bununla etirazını bildirmiş olur. Deputat binanın sentyabrın ilk yarısında təmir edilib təhvil veriləcəyini bildirsə də, vədinə əməl etməyib. Hazırda binadakı mənzillərin bir hissəsində təmir yekunlaşsa da, digərlərində iş yarımçıqdır. Məlumata görə, deputata binanın təmiri üçün çatmalı olan 5 milyon manat namizədliyinin dəstəklənməsi müqabilində verilməyib. O isə bu səbəbdən dairəsinin dəyişdirilərək uzaq rayona göndərilməsinə etiraz edib.

 

Prezidentlə bəhs edən “Alabala”

Abid Şərifov yanan binanı “Alabala”nın tikəcəyini dedikdə, kimsə o “Alabala”nın baş nazirin müavininin yanında dayanan deputat olduğunun fərqinə varmadı. Media çox gec tutdu söhbəti.

“Gündəlik Bakı” qəzeti 2014-cü ilin 21 noyabr sayında A. Vəliyevin Xəzərin bir neçə yüz metrliyində, Novxanı kəndində özünə prezident sarayı ilə müqayisə edilə biləcək coxqübbəli çoxmilyonluq villa tikdirdiyini yazmışdı.

Hətta deyilənə gorə, millət vəkili burada dəniz sahilində yeraltı akvarium yaratmaq da niyyətindədir. Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanlarından delfin də gətiriləcək.

 

Seçiciləri “lal” deputatı istəmirlər

Ötən seçkidə Ağalar Vəliyevin rəqibi olmuş KXCP Ali Məclisinin sədri Bəybala Əbil də A. Vəliyevin 5 illik fəaliyyətindən narazılıq ifadə etdi: “Ağalar Vəliyev bir millət vəkili olaraq parlamentdə aktiv olmalı, qanunvericilik təşəbbüsü ilə çıxış etməli, ölkənin problemlərini qaldırmalı idi. Amma 5 il ərzində bunu müşahidə edə bilmədik. 5 il ərzində onun parlamentdə çıxış etdiyini görmədim. Ümumiyyətlə, təkcə Ağalar Vəliyev deyil, deputatların əksəriyyəti  bu vəziyyətdədir”

Tərtər sakini Hüsniyyə Məmmədova saytımıza açıqlamasında söylədi ki, qanunlara əməl etməyən bir şəxsin dairəmizdən deputat olması düzgün deyil: “Eşitdiyimə görə, əvvəllər Bakının Qaradağ rayonundan deputat olan Ağalar Vəliyevi bu dəfə bizim dairədən deputat seçdirmək istəyirlər. Onu elə də tanımıram. Amma eşitdiyimə görə həm də bizneslə məşğuldur. Onu da bilirəm ki, bizneslə məşğul olan deputat ola bilməz. Son 5 ildə biznesindən əl çəkməməklə deputatlıq fəaliyyətini də davam etdiribsə, deməli qanunlarımızı pozub. Bunun öz onu göstərir ki, qanunları pozan bir şəxsin deputat olaraq millətin qayğısına qalacağını gözləmək yersizdir”.

ELÇİN

Yenicag.az

Manşet, Banner, Flaş, Aktual

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti