Vurub, gözümü kor etdi, sonra da… – dilənçi atanın fəryadı – Reportaj + FOTOLAR

Müəllif: Redaktor

Editor

reportjQadağalar qoyulsa da, hər gün onlarla tez-tez qarşılaşırıq. Küçədə, avtobusda, metroda, hətta insanların çox olduğu yerlərdə. Bəziləri uca səslə yalvarır, bəziləri isə başını aşağı salaraq, heç nə demədən ovcunu açıb dilənməyə başlayır.

Onların hərəsi bir formada öz vəziyyətini ifadə etməyə çalışır. Əksəriyyəti bunu bir peşə kimi seçib və hər gün “işə çıxır”, bəziləri də məcburiyyətdən bu addımı atır. Kimlərin haqqında söhbət açacağımız yəqin hamıya məlumdur.

Söhbət dilənçilərdən gedir… Çox vaxt onların yanından keçəndə ya əhəmiyyət vermir, ya da cibimizdən qəpik çıxarıb ovcuna qoyub yolumuza davam edirik. Ancaq bir dəfə də olsun onlara pul uzadanda yaxınlaşıb söhbət etmirik, dərdlərini bölüşmürük. Qısası heç birimiz onlarla maraqlanmırıq…

Bunları yazmaqda məqsədim Yeniçağ.az oxucularına dilənçilik edən yaşlı kişinin hekayəsini təqdim etməkdir…
Təxminən günorta vaxtı idi, yolumuz təsadüfən “Tarqovı”dan düşdü. Yaşlı kişinin əlini açıb, “çörəkpulu” diləndiyini gördük. O, gələn-gedənin qabağına qaçır, yorulanda küncə çəkilib, həzin səslə “mənə çörəkpulu verin, nə olar”,- deyirdi. Ayaq saxlayıb ona pul uzatdım. İstədim yoluma davam edim, amma dayandım və bir neçə dəqiqə onu müşahidə etdim. Sonra təkrar yaxınlaşıb, öncə adını soruşdum:

– Salam, baba. Adınız nədir?

– Adımı neynirsən? Nə sözün varsa de. (üzümə tərs-tərs baxdı- red).

Əynində nimdaş geyim, başında köhnə papaq, üzü tüklü olan qoca deyəsən, zəif görürdü. Danışmağa sanki taqəti yox idi, səsi çox zəif çıxırdı. Hiss edirdim ki, mənimlə danışmağa da çəkinir. Mənsə bacardığım qədər onunla səmimi davranmağa çalışırdım. Və beləcə söhbətimiz alındı…

– Adınız demədiniz… Niyə burada dilənirsiniz?

– Adım Əlövsətdi, 78 yaşım var. Saatlıdanam. Pensiyam azdı, çatdıra bilmirəm, məcburam ki, dilənim. Bayramdan qabaq Bakıya gəldim. Bir az pul yığmışdım, istəyirdim gözümü əməliyyat etdirib, linza qoydurum. O da alınmadı.

Əlövsət kişi artıq ürəklənib, söhbət etməkdən çəkinmirdi.

– Niyə alınmadı, neynədiniz topladığınız pulu?

– Başıva dönüm sənin ay qızım, rayondan gələndə, Mərdəkana getdim. Orada bir oğlanla rastlaşdım, qalmağa yerim yox idi. O təklif etdi ki, gedim onlarda qalım. Mən də yaşlı kişiyəm də… razılıq verdim. Oğlana da söhbət etmişdim ki, rayondan gözümü “aparis “(əməliyyat-red) elətdirməyə gəlmişəm. O bilirdi pulum var deyə, başıma oyun açdı.
Söhbət zamanı Əlövsət kişinin gözü gəlib-gedəndə “qalmışdı”. Hətta ovucunu da açıq saxlamışdı ki, bəlkə kimsə yenə pul atsın. Nə söhbətindən geri qalmırdı,nə də dilənməyindən…

– Başınıza nə oyun açdı, neynədi sizə?

– Məni evinə aparan oğlan da kirayə qalırmış. Evə çatdıq çay-çörək yeyib, mənnən danışmağa başladı və nə qədər pulumun olduğunu soruşdu. Həəə, bax, o məndən pulu soruşanda “barmağımı dişlədim”, fikirləşdim ki, burda nəsə fırıq iş var. Ancaq ona əməliyyat üçün 200 manat pul gətirdiyimi dedim. Evdə bir oğlan, bir mən idim. Ürəyim hey əsirdi, çox narahat idim, elə bil bilirdim ki, oğlan başıma nəsə oyun açacaq. Nə edə bilərdim, artıq razılaşıb gəlmişdim, birdən-birə çıxıb gedə bilməzdim. Səbrlə oturub, plan cızırdım ki, necə çıxım…. Təəssüf ki, bacarmadım… Axşam tərəfi oğlan məndən pulları istədi. Dedim, “a bala pulu neynirsən, mən bir gecə sənin evində qonağam”. Oğlan üstümə hücum çəkdi, dedi ki, “pulu verməsən, vurub o biri gözünü də mən kor edəcəm, tez ol pulları ver”. Ancaq yenə də vermədim. O da… yaxamdan tutub məni yerə yıxdı. Pulu pencəyin “qoltuq” cibində sənədlərin arasında gizlətmişdim. Oğlan mənnən əlbəyaxa olub, pulu qopartdı. Pulu götürməyi cəhənnəm, gözümü də vurub kor etdi. Sonra da elə bil “qurbağa ilanın ağzından canını qutaran” kimi, evdən çıxıb getdi. Gözüm partladı, qan apardı məni… (başını yelləyib aşağı salır, ancaq ovucunu da yummur-red)

– Siz nə etdiniz bəs?

– Mən də heç nə… Birtəhər güc toplayıb, evdən çıxdım. Bir “köpüy” üstümdə qalmayıb, hara gedim, haranın daşın başıma salım? Qalmışam çarəsiz, veyil küçələrdə. Gözüm də dağılıb, ağrı dayanmır. Küçədə ondan-bunda soruşa-soruşa polis idarəsini tapıb, getdim şikayət ərizəsi yazdım. Oğlanı tapdılar, ancaq yenə buraxdılar. Sabahı gözləyirəm, bayram qurtarsın gedəcəm nazirliyə şikayət edəcəm. Neçə gündü küçələrdə yatıram, bir qarın ac, bir qarın tox. Gözüm də belə (üzünü tutur insanlara tərəf və başlayır deyinməyə- red).

Bir az deyinir və susur. Bir də onu deyir ki, “mənə kömək elə, pulumu ala bilim”.

– Bir neçə gündü Bakıdasınız. Bəs, övladlarınız bilir başınıza gələnləri?

– Mənim heç kəsim yoxdu, təkəm (gözü dolur- red). Pis övladın olmağındansa olmamağı məsləhətdi. Oğlumun biri elə məni küçələrə salıb da. Pensiya vaxtı pulu əlimdən alır, verməyəndə basıb döyür. Arvadı da öyrədir ki, atan bizə mane olur, çıxart onu evdən. Oğlum da arvadağızdır. Mən də qarğımışam onu. O, necə mənə övladlıq edirsə, balaları da ona elə olsun.

– O biri övladlarınız hardadı?

– Heç birisi mənə baxmır. Onlara pis ata olmamışam. Arvadım ölüb, mən arvadımdan sonra başqa qadın gətirməmişəm evə. Uşaqları özüm böyütmüşəm, ev-eşik sahibi eləmişəm. İndi ata pisdir. Hamısı arvadlarının sözünə baxır, üzümə ağ olurlar, küçələrə salıblar məni. Özləri də mən tikdiyim evdə kef edirlər. Mənim küçələrdə dilənən yaşım deyil, evdə oturub nəvə oynadan, gəlin qulluğu görən vaxtımdı. Övladlarımın hansının qapısına gedirəmsə, biri pulumu əlimdən alıb qovur, o biri də döyüb küçələrə atır. Mənim oğlanlarım çox nankor çıxdılar. Arvadım qalsaydı, mən indi küçələrdə dilənməzdim, o, mənə yaxşı baxardı. Çünki o, məni sevirdi, balalarım anaları kimi məni saxlamağı bacarmadı. İndi günlərimi sayıram ki, bu gün-sabahlığam. Nə yerim var, nə yurdum, qəbrim də “Kimsəsizlər məzarlığı” olar. Amma ölənin yiyəsi çıxır, oğlanlarım da yəqin “yas payı” yığmaq üçün meyitimi götürər. Gizli yığdığım 200 manat pul idi, onu da bir əclaf oğurladı.

– Küçələrdə qalınca, “Qocalar evi”nə niyə gedib müraciət etmirsiniz?

– Bir dəfə Bilgəhdə yerləşən pansionata getdim, 6 ay orda qaldım. Orda da pensiyamın yarısını tutub əlimdən alırdılar. Guya onlar fərlidir ki, elə oğlanlarımın tayıdırlar (ağzını büzüb, əlini yellədir-red).
Əlövsət kişi taqətsiz olduğunu bildirir, asta yerişi ilə bizdən uzaqlaşmağa və kənara çəkilməyə çalışır. Biz də sağollaşır və öz yolumuza davam edirik.

Gülnarə Eynullaqızı
Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır