www.sinerjipro.net

SinerjiProWide
Reklam

Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında daha bir görüş baş tutdu. Əldə olunan nəticələrə gəlincə, rəsmilər görüşün konstruktiv keçdiyini bəyan ediblər.

Bu görüşü Yenicag.az-a şərh edən politoloq Elşən Manafov bildirdi ki, həmsədrlərin münaqişə istiqamətindəki mövqeyində ciddi və radikal dəyişiklik olmayınca, danışıqlar prosesində də hər hansı bir irəliləyiş olmayacaq. Bu mənada ekspertə görə, XİN liderlərinin son Vyana görüşü də həll prosesi istiqamətində nəyinsə baş verəcəyinə dair heç bir ümid yeri qoymur:

“Düşünürəm ki, XİN rəhbərlərinin Vyanada olan son görüşü də Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tam mənada təminat vermir. Bu təminatın olmaması da Ermənistan tərəfinin danışıqlarda və ondan öncə sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlıdır. Digər vacib amil isə ondan ibarətdir ki, nə qədər ki ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər, xüsusilə də Rusiya, Ermənistana təzyiqləri gücləndirməyəcək, ondan beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağı tələb etməyəcək, danışıqların gedişində Azərbaycanın xeyrinə baş verə biləcək hər hansı bir dönüşün ola biləcəyini hələlik, istisna edərdim. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq, iqtisadi, maliyyə, beynəlxalq nüfuzunun Ermənistanla müqayisəyə gəlməyəcək qədər yüksək olmasına, ordumuzun da işğalçı ölkə ordusu ilə müqayisədə qat-qat güclü olmasına baxmayaraq, konflikt çoxdandır ki, lokal münaqişə çərçivəsindən çıxaraq, beynəlmiləl xarakter kəsb etməyə başlayıb.

Beynəlxalq güclərin, ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərin münaqişəyə münasibətdə mövqelərində kəskin və radikal dəyişikliklər olmayacağı təqdirdə problemin həlli istiqamətində Azərbaycan tərəfinin hansısa uğurlara ümid etməsi müasir dünyamızın geosiyasi reallıqları baxımından doğru olmazdı. Moskvanın problemin həlli istiqamətində ata biləcəyi addımlar Azərbaycanın ümidlərini doğrultmalıdır. Çünki Rusiyanın yaxın perspektivdə çökəcəyilə bağlı açıqlamalar özünü doğrultmur. Qardaş Türkiyənin dövlət başçısı Ərdoğanın Soçi görüşündə də vurğuladığı kimi Moskva Qarabağ problemi üzrə danışıqlarda ciddi təsirə malik olan tərəfdir. Demək, Azərbaycana Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirmək qalır. Düşünürəm ki, Rusiyanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsinə təminat verə biləcəyi təqdirdə, Bakı Avrasiya İqtisadi Birliyinə daxil olmaqla bağlı Kremldən gələn təşəbbüslərə də müsbət yanaşa bilər. Bu amil problemin həlli prosesində Azərbaycanın tərəfinin xeyrinə işləyəcəksə, onda hansısa addımlar ata bilərik”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 814
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."