!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vyana sazişinin 18 ay uzadılmasına nə mane olur? – Başlıca məqamlar

!Reklam – Yazi

“Neft hasilatının azaldılmasıyla bağlı Vyana sazişinin müddətinin 9 aydan artıq uzadılması real görünmür”.

Bunu OilGas.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, saziş iştirakçıları arasında fikir ayrılığı var. Odur ki, müddətin 2018-ci ilin sonuna qədər uzadılması gözlənilmir:

“Xüsusi diqqət çəkən məqam İraqla bağlı məsələdir. Doğrudur, İraq son günlər verdiyi açıqlamalarla bu prosesə dəstək verir. Lakin buna baxmayaraq, İraq eyni zamanda kvotasının artırılması tələbini ortaya qoyur. Əvvəlki sazişdə də İraqla bağlı öhdəlik ortaya qoyulmamışdı. Əslində, İraqdakı vəziyyət başa düşülür.

Xüsusilə müharibə vəziyyəti, İŞİD-lə aparılan mübarizə İraqın nisbətən konteksdən kənarda saxlanılması üçün əsas yaradır. Amma buna baxmayaraq, digər iştirakçılar məhz bu məqamdan istifadə edərək, zaman-zaman öz iddialarını ortaya qoyurlar”.

R. Həsənov qeyd edib ki, İran ötən razılaşmada prosesə dəstək versə də, bu ölkəylə bağlı müəyyən narahatlıqlar var:

“Bu müzakirələrdə İranın hansı mövqe sərgiləyəcəyi birmənalı deyil. Təbii ki, müəyyən açıqlamalarda prosesin tərəfdarı kimi görünsə də, əslində daxili müzakirələrdə İran daha sərt mövqe ortaya qoyur. Belə olduğu təqdirdə, razılaşmanın daha uzunmüddətli olması məsələsi şübhə doğurur”.

Ekspertin fikrincə, digər bir məqam ondan ibarətdir ki, hazırda OPEC ölkələri dünya enerji bazarında ABŞ şist neftiylə ciddi rəqabətlə üzləşiblər. Eyni zamanda Trampın hakimiyyətə gəlməsi, hətta bir sıra hallarda reallaşması müxtəlif səbəblərdən – ekoloji, sosial səbəbdən mümkün olmayan neft layihələrinin belə reallaşdırılması üçün bir pəncərə yaratdı:

“Ötən gün Trampın 2018-ci il və sonrakı illər üçün büdcə layihəsi ictimailəşdirildi. Büdcə layihəsində növbəti 10 ildə ABŞ-ın dövlət neft rezervlərinin 50 faizinin satışı, dünya bazarlarına çıxarılması ehtimalı sənəddə əksini tapdı. Sənəd qəbul olunacağı təqdirdə, növbəti illərdə gündəlik sadəcə rezervlərin satışından təxminən 95 min barelə qədər neft bazara çıxacaq.

Bundan əlavə neftin qiymətinin daha yüksək olması, ABŞ-da işlək quyuların həcmini və eyni zamanda bu istiqamətdə investisiya qoyuluşlarının həcmini sürətlə artırır. Yəni burada qiymətlə təklif arasında bir asılılıq var. Qiymət nə qədər artırsa, bu zaman təklifin də həcminin artması ehtimalı yüksəlir. Son 2 ildə ümumiyyətlə, dünya üzrə neft hasilatı sənayesinə yatırımların həcmi kifayət qədər azalıb. Bunun da səbəbi məlumdur. Belə ki, neft şirkətlərinin gəlirlərində kəskin azalma baş verib. Amma qiymətlər artarsa, yenidən bu istiqamətdə canlanma müşahidə olunacaq, bazarda təkliflər artacaq. Nəticədə, qiymətlər yenidən azalan istiqamətdə dinamika nümayiş etdirəcək. Belə bir şəraitdə OPEC və kartelə daxil olmayan ölkələr bu gün xüsusilə əsas rəqib hesab edilən ABŞ-da neft sənayesi üçün daha əlverişli mühüt yaranmaması üçün çalışacaqlar. Bu prizmadan yanaşsaq, bu ökələr üçün neftin qiymətinin 50 ABŞ dolları ətrafında qərarlaşması hələ ki daha məqbul variant hesab olunur.

Amma yenə də OPEC daxilində elə iştirakçılar var ki, onlar da söz sahibidirlər və səsvermədə birbaşa olaraq iştirak edəcəklər. Onların mövqeyi də ümumi qəbul olunan qərara təsir edəcək. Böyük ehtimalla, bir neçə saat sonra müddətin 9 ay uzadılması və hasilatın azaldılması həcmininin eyni qalacağı razılaşmanı görəcəyik”.

 

Yenicag.Az

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv