Xaçmazda quşlar arasında kütləvi tələfat qeydə alınmayıb

Müəllif: Redaktor

Editor

d85ff80a-0809-476a-8c2b-d01ff19a72c5Fevralın 18-də bir sıra kütləvi informasiya vasitələrində (KİV) Xaçmaz rayonunun Dədəli kəndində ev quşları (xüsusi ilə toyuq və hind quşları və s.) arasında (bir neçə kənd sakininə istinadən) kütləvi tələfatın qeydə alınması barədə məlumat yayılmışdı. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları fevralın 18-dən 20-dək adı çəkilən kənddə və ona qonşu olan Nağıoba və Baraxum kəndlərində, eləcə də Xaçmaz rayonunun digər ərazilərində araşdırmalar aparmışlar. Aparılan araşdırmalar zamanı ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməmişdir. Yalınız Dədəli kəndində tək-tək halda bir neçə ev quşunun tələf olması müəyyən edilmişdir.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilmişdir. Aparılan bakterioloji, toksikoloji və parazitoloji müayinələr zamanı nümunələrdə infeksion xəstəliklərin törədicisi aşkar edilməmişdir. Quşların askaridoz (qurd) xəstəliyindən tələf olması müəyyən olunmuşdur.
Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmiş və xəstəlik qeydə alındığı bildirilən həyət və toyuq hinləri dezinfeksiya edilmişdir. Həmçinin xidmət əməkdaşları kəndlərdə ev quşlarının nyukasl xəstəliyinə qarşı aparılan profilaktik peyvəndləmə işlərinə əməli köməkliklər göstərilmişlər.

Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilmiş və əhali arasında maarifləndirmə işi aparılmışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır