!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti Ramiz Məlik: “O məni özündən uzaqlaşdırmayan yeganə məşuqəmdir”

!Reklam – Yazi

Zaman onu zahirən dəyişib. Amma qəlbi, düşüncələri, həyata, dostlara olan münasibəti heç dəyişməyib. Gəncliyindən necə “komsomol Ramiz”dirsə, eləcə də qalıb. Tanıyanlar onun barəsində “sözübütöv, kişi adamdır”, deyir. Tamaşaçıları üçün o, misilsiz aktyordur. Mənimsə ona xüsusi müraciətim var: “bakılı balası”… Aramızdakı yaş fərqinə baxmayaraq, bu səmimi müraciətimdən heç vaxt inciməyib. Amma yox… bu dəfə incikliyini bildirdi: “unutmusan məni, çoxdandı dərdləşmirik”- dedi. Və biz oturduq… dərdləşdik.

Xalq artisti, sevilən aktyor Ramiz Məlikin Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Bilmirəm niyə, amma mənə elə gəlir ki, Akademik Milli Dram Teatrının binası kürəyini keçmişə – doğma “sovetskiyə” “söykəyəndə” daha əzəmətli görünürdü. İndi elə bil meydanda tək qalıb…

– Bu barədə danışmaq mənə o qədər ağırdır ki… Çünki orda bizim evimiz olub, mənim uşaqlığım, gəncliyim o məhəllələrdə keçib. Onları heç cür unuda bilmərəm. İndi təsəvvür edin, keçmiş Olimp mağazasının yanından düşürəm və öz-özümə deyirəm: burda bizim evimiz vardı. Bu gün mən o evin üstündən keçib gedirəm. Fikirləşəndə ki, mən yurd yerinin, məhəlləmizin üstü ilə gedirəm, dəhşətə gəlirəm. Mən müasirliyin əleyhinə deyiləm: başa düşürəm başqa zamandır, köhnə evlər sökülməlidir, yollar çəkilməlidir, binalar tikilməlidir. Amma insanın doğulduğu evin yerləyeksan olunması ağır hissdir.

– “Gün keçdi” filmində deyildiyi kimi: “Yoxdu eviniz, sökdülər”…

– Hə… sökdülər. İndi məndən də soruşa bilərsən: harda anadan olmusan? Yerini deyə bilərəm, amma oranı da söküblər. Məsələn, mən anadan olmuşam keçmiş Olimp mağazası ilə üzbəüz ərazidə. İndi orda Mədəniyyət və İncəsənət Universitetinin binası yerləşir. 1949-cu ilə qədər orda mənim ata-baba yurdum olub. Mənim 6 yaşım olanda o evi söküblər. Sonra atam yuxarı Dağlıq məhəlləsində ev aldı. Bacım, qardaşım o evdə doğuldu. Mənim uşaqlığımın, gəncliyimin xatirələri dolaşan o məhəllə də ötən il söküldü.

Oğlum doğulanda qastrolda idim

– Ramiz Məlikin övladı da ata yurdunda doğuldu?– Bizim evimiz axı böyük deyildi. Kirayə qalırdım mən. 1974-cü il idi. Həmin il teatrın 100 illiyi ərəfəsində Moskvada qastroldaydıq. Rəhmətlik Hamlet Xanızadə gəlib dedi ki, bəs, muştuluq ver, sənin oğlun olub. Mən onda kirayədə qalırdım. Teatrın 100 illiyi ərəfəsində bizə mənzil söz vermişdilər. Onda mən, Amaliya Pənahova, Bürcəli Əsgərov evsiz idik. Belə qərar verdik ki, biz Bakı Sovetinə müraciət edək. Getdik, o dəqiqə qəbul etdilər. Onda indiki kimi deyildi, nazirin də qapısı açıq idi. Sağ olsunlar, sözümüzü eşitdilər, ev verdilər. Dövlətimizdən razıyam, bir aktyor kimi bütün zamanlarda dəyərləndirilmişəm, sənətimə qiymət verilib.

– Evlərinizin hər birinin öz xatirəsi, öz bərəkəti, öz yeri var. Amma Akademik Milli Dram teatrı heç vaxt dəyişmədiyiniz, ya da dəyişə bilmədiyiniz eviniz oldu.

– Düzdür, ailə tamam başqadır, teatr tamam başqa. 50 il bir sənət məbədində işləmək, yaşa dolmaq – qocalmaq yox ha… məhz yaşa dolmaq hər sənətkara nəsib olmur. O insanlarla ki ünsiyyətdə olmuşam, o əsərlər üzərində ki karifey sənətkarlarla çalışmışam… Mehdi müəllim kimi, Tofiq müəllim kimi karifey rejissorlarla işləmişəm. Əgər sən aldığın yaralara baxmayaraq, öz sənətindəsənsə, burda hisslərini, beynini, ürəyinin yağını qoymusansa… bura necə baxa bilərsən ki? O ev yaşayışdır, bu ev isə məbəddir, sənət ocağıdır. Hansı ki bu ocaq səni yaşadır, səni mənən yaşlanmağa qoymur. Hansı ki tanıtdırıb, sənə qiymət verdirib. Əgər öz dəyərini burda dərk eləmisənsə demək, sənətin fədaisisən…

– 50 il ötdü… Bu gün Ramiz Məlik özünü Akademik Milli Dram teatrında lazımlı sayırmı?– Əlbəttə. Axı mənim bütün ömrüm burda keçib. 1967-ci ildən Azdramadayam. Bütün gəncliyim bu divarlar arxasında olub. Sənətin sirlərini öyrənmişəm.

– İllər keçir, nəsillər dəyişir. Səhnəyə yeni adlar, yeni simalar gəlir. Qısqanclıq yoxdur ki?

– Qətiyyən. Mən bu teatrın səhnəsində arzusunda olduğum elə rollar yaratdım ki… Və o karifey aktyorların yanında mən gənc idim. İndi də mənim yanımda o gənc aktyorlar var. Mən onlara necə baxa bilərəm? Sözsüz ki, yaxşı.

Bəsit repertuar, rejissor yoxsa dramaturq qıtlığı?

– İndiki gənclər öyrənmək istəyirlər?

– Savadlı, bilikli, istedadlı gənclərimiz var. Onların oynadığı tamaşalara baxanda görürəm ki, öyrənmək istəyirlər. Bir var tədris, bir var təcrübə… Teatrda tədris ikinci plandadır, əsas rejissorun fikirləri ilə inkişafdır ki, bunu da indiki gənc nəsil çox yaxşı bacarır. Aktyor tamaşadan-tamaşaya püxtələşir.

– Bu gün yaşlı nəslin aktyorları Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Barat Şəkinskaya, Leyla Bədirbəyli kimi dahi sənətkarlarla tərəf müqabili olduqları ilə fəxr edirlər. Sizcə, 20 il bundan sonrakı aktyorlar sizin nəsillə fəxr edəcəklər?

– Onu mən deyə bilmərəm.

– Yəni hər şeyin get-gedə mobilləşməsi fonunda teatrın öz aktuallığını və marağını itirməsi təbii proses kimi görünür.

– Sizinlə tamamilə razıyam. Teatr canlı orqanizmdir. Ona görə də çalışmaq lazımdır ki, bu orqanizmi qoruyaq. Dramaturq tərəfindən yazılana can verirsən, yəni bir növ sən səhnədə yaradansan. Bu yaradanı qorumaq lazımdır.

– Bəs əgər bu canlı orqanizm tamaşaçıya, xüsusən də ağıllı tamaşaçıya boyat, bəsit qida, yəni gündəmlə ayaqlaşmayan, XX əsrin əvvəllərini əhatə edən mövzulardan ibarət tamaşa təqdim edirsə, hansı sevgidən, hansı bağlılıqdan, hansı anşlaqdan danışmaq olar? Axı sovetin qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda bu teatrın səhnəsində çox cəsarətli tamaşalar qoyulurdu…

– Sizinlə tamamilə razıyam. Bu gün teatrda elə əsərlər qoyulmalı, elə rejissor yozumu, aktyor ifası olmalıdır ki, tamaşaçı əsl sənətin qiymətini dərk etsin. Mən danmıram, bu teatrda çox bayağı əsərlər qoyulub.

– Məsələn, Xeyrəddin Qocanın əsərləri…

– Mən heç kimin adını çəkmək istəmirəm. Nə Xeyrəddin Qocanın, nə bizim teatra 3-4 il bundan əvvəl rəhbərlik edən adamın… danışsam, deyəcəklər Ramiz bu yaşında yenə başladı.

– Amma gəlin etiraf edək ki, Akademik Milli Dram Teatrı bu yaşda təcrübə meydanı deyildi.

– Bu məsələdə də sizinlə tamamilə razıyam. Və ona sevinirəm ki, bu gün teatra rəhbərlik edən şəxs – Azərpaşa Nemətov hərtərəfli inkişaf etmiş, teatr aləmindən xəbərdar olan, sənətkar ailəsində böyümüş bir insandır. Və o çalışır ki, teatrın milli ənənələrini inkişaf etdirsin. Sentyabrın 22-də biz mövsümü İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə açdıq. Çünki belə bir qərar qəbul olundu: nə qədər ki, Qarabağ işğaldan azad olunmayıb biz bütün mövsümləri bu tamaşa ilə başlayıb bitirəcəyik. Çünki məhz “Qarabağnamə” Qarabağın tarixidir, erməninin, rusun Qarabağın necə işğal etdiyinin tarixidir. Qoy bizim gənc nəsil gəlib, tamaşaya baxsınlar və heç olmasa XIX əsrin əvvəllərində nələr baş verdiyini dərk etsinlər.

– Teatrda anşlaq yaratmış elə tamaşalar var ki, məncə, onlar yenidən repertuara salınmalıdır. Mənə görə bunlardan biri də “Özümüzü kəsən qılınc” əsəridir.

– Bu barədə biz də düşünürük. O əsər Oğuz türklərinin köküdür. Biz o tamaşanı Türkiyənin 35 şəhərində oynadıq.

– Hətta onu da xatırlayıram ki, siz səhnəyə hər çıxışınızdan sonra pərdəarxasına keçib, dərman atırdız.

– Nə yaxşı yadınızdadır. 1993-cü il idi onda… İnfarkt keçirtmişdim, xəstəxanadan yenicə çıxmışdım. Rafiq Əliyev mənim dublyorum idi. 21 gündən sonra mən işə çıxdım. Tamaşanın rejissoru Ağakişi Kazımov mənə dedi ki, Ramiz, nə deyirsən, sən bu rolu oynamaq istəyirsən? Dedim, Ağakişi müəllim, bu nə sözdür, əlbəttə. Dedi, axı xəstəxanadan təzə çıxmısan, səhhətin birdən imkan verməz. Dedim, onun məsələyə dəxli yoxdur, günü sabahdan məşq edə bilərəm. Ertəsi günü məni səhnədə görən rejissor məəttəl qaldı. Qayıtdı ki, sənətkar, sən heç xəstə adama oxşamırsan. Dedim, bu səhnə var ha, o mənim dərdimi yadımdan çıxarır.

– Səhnəmizin yaraşıqlı, xarizmatik aktyorlarındansız. Hətta bu yaşda belə pərəstişkarlarınız azalmır. Qadınlardan aldığınız həzz unudulmazdır, yoxsa səhnədən?

– Səhnədən.

– Demək, səhnə Ramiz Məlikin ən gözəl məşuqəsi olub?

– Hə.

– Amma onu da deyirlər ki, aktyor nə qədər gəncdi səhnə əsl məşuqə kimi qoynunda ona yer verir, elə ki qocaldı, o səni özündən uzaqlaşdırır…

– Amma bu yaşa çatdım, hələ ki onun qoynundayam və səhnə məni özündən uzaqlaşdırmadı. Həmişə öz ağuşuna alıb, bəsləyib, sevib. Hazırda iki böyük əsər üzərində çalışıram. Əsas tamaşaçının sevgisidir. Bu sevgi mənim məlhəmimdir. Bax, bayaq dediyiniz kimi əsl həzdir.

Qiyamət yaxınlaşır

– Bildiyimə görə, Ramiz Məlik realistdir. Bu gün cəmiyyətdə baş verən hadisələr sizə necə təsir edir?

– Çox pis. Nə qədər bəd xəbər oxumaq olar: qətl, qarət, intihar… İnsan da övladını, qadın da ərini, övlad da atasını öldürə bilərmi? Başa düşmürəm insanlar niyə belə vəhşiləşib? İnsanlar arasında mərhəmət azalıb. Mən bu gedişlə dünyanın sonunun yaxınlaşdığını görürəm.

– Demək, qiyamət uzaqda deyil?

– Qiyamət yaxınlaşır. Məncə, ikinci Nuh gəmisi hazırlanacaq. Ona görə də insanlar oturub fikirləşməlidirlər. Axı nəyə görə adamlar bir-birinə bu qədər qənim kəsiliblər? Yəni pula hərislik bütün mənəvi dəyərlərdən üstündür? Niyə məmur oğlu adi vətəndaşa xor baxmalıdır? Niyə kasıb onun maşının təkərləri altında can verməlidir? Axı sən məmur oğlu, atanın qazandığı pulları eyş-işrətə verirsən, amma bilmirsən ki, onun bir manatına möhtac olan insanlar var. Hərdən bilirsiz nə düşünürəm? Necə olur ki, Ərəfatda milyonlarla insan hər il bir şeytana daş atır. Amma heç kim öz ürəyindəki şeytanı daşlaya bilmir.

– Deyirlər, bu dünyada hərənin bir qiyaməti var. Sizin qiyamətiniz nədir?

– Bu gün elə mən qiyamətimi yaşayıram. Cəmiyyətdə baş verən bu hadisələr adamı dəhşətə gətirir… Əgər ata 10 yaşındakı oğlunu Samiraldonun böyründə saxlayıb şəkil çəkdirirsə, buna nə deyəsən? Sabah o uşaq böyüyəndə həmin şəkilə baxıb soruşmayacaq ki, ay ata, o insan kimdir? Ata ona “bu adam transseksualdır”, deyə necə cavab verəcək? Utanmayacaq?

– Hərdən hər şeydən bezəndə üz çevirib, getmək istəmirsiz?

– Mən torpağıma, Vətənimə bağlı adamam. Heç vaxt əzizlərimin məzarını qoyub, gedə bilmərəm.

– Bəs əgər bir gün uşaqlığınızın xatirəsi olan eviniz kimi o məzarlar da buldozer altında qalsa necə?

– Allah o günü mənə göstərməsin. Ramizin əsl qiyaməti onda olar…

Zakirə Zakirıqızı

www.yenicag.az

5533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv