Yazı İçi 468×60

Başqalarını deyə bilmərəm, mən onu Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmində Şahsuvar obrazı ilə tanıyıb sevmişəm. Sovet dönəmində çəkilən bu filmə dəfələrlə baxsaq da yenə də baxmaq istəyirdik. Elə indi də nə vaxtsa, televiziyalar “şeytanın qıçını qırıb” bu filmi nümayiş etdirəndə, ekranlara kilidlənirik. Onda gənc olan Şahsuvar fevralın 4-də nə az, nə çox – 79-un kürəyini yerə vurur. Ay maşallah! Belə də ki, ona heç bu yaşı vermək də olmur. Həmişəcavan aktyorumuz, xalq artisti Rafiq Əzimovu hamıdan qabaq təbrik edən biz olduq. Elə özü də təəccübləndi: “Siz hamını qabaqladınız…”.

Yeniçag.az “80”-nin astanasında olan tanınmış aktyoru söhbətə çəkdi…

– Rafiq müəllim, 70 oldu, yoxsa…?

– Yox e nə 70, bir ildən sonra 80 illik yubileyim olacaq.

– Heç o yaşı sizə vermək olmur e, maşallah, çox cavan qalmısınız…

– Məni belə cavan saxlayan sənətimə olan sevgimdir.

– Bu günlərdə Akademik Milli Dram Teatrında təhvil verilən “Almaz” tamaşasında sizi də gördük. Sizcə, tamaşaçını yeni obrazınızla məmnun edə bildinizmi?

– Hər halda tamaşaçı zövqü müxtəlifdir. Heç kimi məcbur eləmək olmaz ki, sən mütləq bu tamaşanı bəyənməlisən. Düz 55 ildir ki, bu teatrda fəaliyyət göstərirəm. Bu müddət ərzində yaxşı-pis çox şeylər görmüşəm. Elə şeylər var ki, onları içimdə saxlamışam, elə şeylər var açıb danışmışam.

– Təbii ki, hər bir aktyorun ürəyində oynamadağı rollardan ibarət qəbristanlıq olur. Hansı rolları arzulamısınız, amma doğulmadan da içinizdə dəfn etmisiniz?

– Çox olub. Hələ cavan oğlanıydım, müəllimim Məhərrəm Haşımov səhnələşdirdiyi “Toy” komediyasında mənə yaşlı bir kişi olan Kərəmovu oynamağı təklif etmişdi. Onda çox pis oldum, müəllimimə dedim ki, mən axı cavan oğlanam, bu Kərəmov rolunu qoy Zeynal oynasın. Zeynal da yaşca məndən böyük tələbə yoldaşım idi. Haşımov etiraz etdi, dedi ki, yox, Əzimov, sən oynayacaqsan. O, istəyirdi ki, bu rolla mənim içimdəki potensialımı üzə çıxartsın. Mən həmin tamaşada Şeyda müəllim rolunda çıxış etmək istəyirdim, amma qismət olmadı. Amma arzuladığım və oynadığım rollarım da çox olub. Bax, “Vaqif” tamaşasında Vidadini oynamaq arzusunda olmuşam. Həmişə də arzulayırdım ki, əgər bu rolu mənə versələr, mütləq səhnədə canlı saz ifa edəcəyəm. Elə də oldu. Həmin səhnə bütün zalı ayağa qaldırmışdı. Təbii ki, aktyorluq asılı sənətdir və onun hansı rolda çıxış edəcəyinə rejissor qərar verir.

– Kinoda da yaddaqalan obrazlarınız var… Maraqlıdır, heç özünüzü, taleyinizi oynadığınız rol olubmu? Hansı ki, baxmısınız, demisiniz ki, bu ki, əsl özüməm…

– Oxşarlıqlar olub. Məsələn, oynadığım Sadıq obrazı var, xasiyyəti eynən mənim kimidir, sakit, həlim. Amma obrazlarım həmişə sevilib. “Yeddi oğul istərəm” filmində Şahsuvarı sevməyən yox idi. Biz o vaxt filmin təqdimatından sonra küçəyə çıxa bilmirdik. İzdiham üstümüzə yeriyirdi. Hamı bizi “möhtəşəm yeddilik” deyə çağırırdı. “Arxadan vurulan zərbə” filmindən sonra küçədə kim məni görürdüsə, “əyil” deyib qışqırırdı. Filmdə bir epizod var, Qurd Cəbrayıl arxadan məni vurmaq istəyəndə mənə “əyil” komandası verilir. O söz tamaşaçıların çox xoşuna gəlirdi.

– Təəssüf ki, sayınız azalıb…

– Hə, “möhtəşəm yeddilik”dən cəmi üç nəfər qalmışıq. Əbdül Mahmudbəyli, mən, Ənvər Həsənov. Ənvər də eşitdim xəstədi, çox pis oldum, Allah şəfa versin.

– Rafiq müəllim, o dövrdə texniki avadanlıq o qədər də keyfiyyətli deyildi. Avadanlıqla naşı davranış üzündən kino çəkilişləri zamanı faciəli hadisələr çox olurdu. Məsələn, “Mən ki gözəl deyildim” filmində bilirik ki, baş verən partlayış nəticəsində bir neçə yaradıcı insanın həyatına son qoyulmuşdu. Siz çəkildiyiniz filmlərdə belə bədbəxt hadisələr baş verirdi?

– Mən özüm dəfələrlə həyati təhlükə ilə üz-üzə qalmışam. Saniyə söhbəti vardı, “Arxadan vurulan zərbə” filmində mənə atılan bıçaq həyatıma son qoyacaqdı. Həmin adam sirkdən dəvət olunmuşdu, bıçağı sərrast atırdı. Sınaq üçün ağaca bıçaqlar atırdı, hamısı da başımın üstündən vıyıldayıb keçirdi. “Qurd Cəbrayıl” arxadan mənə bıçaq atanda rejissor komanda verdi, bıçaq atıldı, həmin an elə bil başımın tükünə nəsə toxundu və bıçaq ağaca sancıldı. Həmin an rejissor Arif Babayev olmaqla yaradıcı heyət dəhşət içərisində mənə tərəf qaçdılar. Tez başımı yoxladılar, elə bildilər bıçaq başımı yaralayıb. Sən demə, rejissor mənə “əyil” komandasını bir an gec veribmiş. Allah istədi, yoxsa Yusif Vəliyev, yəni Qurd Cəbrayıl məni bıçaqla vurub öldürəcəkdi.

– Yeri gəlmişkən, bilmirəm bu, nə dərəcədə şayiədir, ya həqiqət, eşitdiyimə görə “Böyük dayaq” filmində Ələsgər Ələkbərovun başına qəsdən ağacla möhkəm vurublarmış. Sadəcə, bəxti onda gətirib ki, onu suya atıblar, su aktyoru özünə gətirib. Hətta onun həmin filmdən az sonra dünyasını dəyişdiyi deyilir… Bəlkə elə sizə də “əyil” komandası qəsdən gec verilibmiş?

– Yox, ola bilməz. Həsən Məmmədov o film barəsində bütün gizlinləri mənə danışmışdı. Belə bir hadisə olsaydı, mənə deyərdi. Amma demişdi ki, Ələsgər Ələkbərov məşq prosesində ona yumsaq sillə çəkməsinə baxmayaraq, çəkiliş zamanı sillə möhkəm olub. Həsən təəccüblənib və çox pis olub. Amma Ələsgər Ələkbərov rejissorun istəyi ilə belə edibmiş, sonra da peşman olub, hətta ağlayaraq, Həsənə üzrxahlıq edib.

– Çəkiliş zamanı daha hansı hadisələrlə üzləşmisiniz?

– “Yeddi oğul istərəm” filmində atdan yıxılmışam, qolum-qıçım əzilib. Çəkiliş hələ başlamamışdı, biz fasilədə idik. Hərəmizin də öz atımız vardı. Cəlalın ağ atı vardı, ağaca bağlamışdı, xoşuma gəlirdi, dedim, Ənvər olar sənin atını sürüm? Ənvər də etiraz eləmədi, mindim, başladım çapmağa. Qayıdanbaş sən demə, qarşıda bir xəndək varmış. At o xəndəyə yaxınlaşanda ayağı büdrədi, yıxıldım və düşdüm xəndəyin içinə. Məni birtəhər çıxarıb, qolumu-qıçımı sarıdılar. Həmin gün kinostudiyanın direktoru Ədil İsgəndərov da çəkilişə nəzarət üçün ora gəlmişdi. Mən qayıdanda onu gördüm. Başladım qorxudan tir-tir əsməyə ki, məni indi danlayacaq. Dedi, qadam, o at sənindir, dedim ki, yox Ənvərin. Dedi, bəs sən bilmirsən ki, özgə atına minən tez düşər? Ardınca da qayıtdı ki, qada, birdən ölərdin, filmimiz yarımçıq qalardı.

– Ədil müəllim hər dəfə film çəkilişlərində iştirak edirdi?

– Gəlib nəzarət edirdi. Ümumiyyətlə, Ədil müəllim çox sərt və tələbkar adam idi. “Ömrün ilk saatı” filminə çəkilirdim. Elə oldu ki, bir qrup məşhur aktyor və aktrisalarla məni Macarıstana dəvət etdilər. Həmin günlərdə də mən çəkilişdə olmalıydım. Bunun üçün pavilyon hazırlamışdılar, böyük su çənlərini doldurmuşdular. O su çənləri aşmalıydı, guya dalğalar məni vurub aparmalıydı. Ədil müəllim eşidəndə ki, mən Macarıstana getməyə bilet almışam, qəzəbləndi. Məni kinostudiyaya çağırıb, dedi ki, sən özbaşınasan bəyəm, filmi qoyub, gəzməyə gedirsən? Getmədim. Nəsibə Zeynalova mənə qayıtdı ki, demişdim axı o səni getməyə qoymayacaq.

– Rafiq müəllim, oğlunuz da kiçik yaşlarından filmə çəkilib, bəs nə əcəb sonradan aktyor olmadı, bəlkə siz ona mane oldunuz?

– Eldar kiçik yaşlarından mənimlə birgə çəkiliş meydançalarında olub. “Qızıl qaz” filmində biz bərabər oynamışıq. Sonradan o özü də bu sənəti seçmədi. Nə gizlədim mən də istəmədim. Bu peşənin əziyyətləri çoxdur.

– Elə deyəsən artist olduğunuza görə, sevdiyiniz qızı da o vaxt sizə vermək istəmirmişlər.

– Mən III kursda oxuyanda o qıza könül bağlamışdım. Təhsil aldığım İncəsənət İnstitutunda mədəni-maarif fakültəsində oxuyurdu. Amma valideynlərim təbii ki, məni tanıyıb bildikləri qızla evləndirmək istəyirdilər. Mən isə ürəyimin səsinə qulaq asdım. Sevdiyim qız əsilli-nəsilli ailənin qızıdır, artist olduğuma görə onu da mənə vermək istəmirdilər. Biz gizlincə görüşürdük, onu tamaşalara aparırdım. Məhəbbət qələbə çaldı, ailə qurduq. Bu illər ərzində bir-birimizi çox gözəl anlamışıq. O, həmişə sənətdə mənə dəstək olub.

Cəvahir Səlimqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."