www.sinerjipro.net

SinerjiProWide
Reklam

3598225_iToğrul Allahverdili: “Rusiya öz ərazisində hər hansı təxribatın qarşısını almaq üçün bu addımları atmalıdır”

Rusiya hərbçiləri Suriyada hava hücumlarına başlayandan sonra qisas alınacağına dair xəbərlər yayılmışdı. Son günlər Moskva kimi iri şəhərlərdə aparılan həbslər də sadə ruslarda belə bir fikir yaradıb ki, dövlət nədənsə xəbərdardır. Yəni Kremlin Suriyaya yağdırdığı mərmilərin kimliyi bəlli olmayan qisasçılar tərəfindən gətirilib, Moskvada partladılması mümkündür. Maraqlıdr ki, artıq cəmiyyətin ictimai təsir qüvvəsinə malik üzvləri də bunu deyir.

Məsələn, tanınmış jurnalist Coanna Paraszçuk “Azadlıq” radiosunda bildirir ki, ötən həftə ölkə boyunca keçirilən kütləvi həbslər məhz İŞİD təhlükəsi ilə əlaqədardır. Paraszçuk deyir ki, Rusiya sentyabrın 30-da Suriyada başladığı hava kampaniyasına mümkün zorakı cavabların önlənməsi məqsədilə çox sayda müsəlmanı həbs edib. Bu ayın əvəllərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti Suriyada keçirilən hava reydlərinə cavab olaraq törədilməsi planlaşdırılan terror aktlarının qarşısını aldığını boynuna almışdı. 12 şübhəlinin həbs edildiyi və onlardan üçü barədə dekabradək həbs-qətimkan tədbirinin seçildiyi də xəbər verilmişdi.

Lakin Coanna bildirir ki, ötən həftəki kütləvi həbslər İŞİD-ə bağlı qruplaşmaların zərərsizləşdirilməsinə yönəldilsə də, Moskva islamçı “Hizbut-Təhrir” hərəkatı da daxil başqa qruplaşmaları hədəfə alıb.
Məsələn, “Kommersant” qəzetinin yazdığına görə, oktyabrın 20-də Moskvada həbs olunanların arasında Tacikistandan gəlmiş 10 nəfər də var. Onlar ekstremist islamçı qruplaşmalarla əlaqədə şübhəli bilinirlər. “Kommersant” yazır ki, həbslər “profilaktika” məqsədilə həyata keçirilib. Həbs edilənlər “şübhəli” adlandırılır, lakin onların konkret əməlləri barədə müfəssəl məlumat verilmir.

Təhlükəsizlik xidmətlərinə yaxınlığı ilə tanınan “LifeNews” xəbər portalı yazır ki, həbs edilənlərin arasında İraq və Suriyadakı İŞİD qruplaşmalarına bağlı 20 nəfər var. Lakin saytın verdiyi məlumatda həbs edilənlər barədə ittihamlar yayğındır. Xəbər verilir ki, həbs edilənlərdən 14-ü islamçı “Hizbut-Təhrir” hərəkatının üzvləridir. Yeri gəlmişkən, “Hizbut-Təhrir” Moskvanın ittihamları ilə razılaşmır. Təşkilatdan bildiriblər ki, hərəkat İŞİD-ə qarşı mövqe sərgiləyir. Bu səbəbdən də İŞİD-çilər Suriyada təşkilatın üzvlərinə divan tuturlar.

Bu yerdə yada salaq ki, “Kommersant” qəzeti hələ ötən həftələrdə də yazırdı ki, Ural Müsəlmanları İdarəsi İŞİD-ə qarşı mənəvi cəbhə açdığını elan edib. Amma bu da həqiqətdir ki, FTX-nin məlumatlarına rəğmən Ural kimi yerlərdə İŞİD-in fəal olduğuna dair mülahizələr yayğındır və kifayət qədər əsaslandırılmır. Məsələn, Sverdlovsk vilayətinin müftisi Abdul-Kuddus Aşarin İŞİD üzvlərinin yerli müsəlmanları radikallaşdırdıqlarını desə də, konkret nümunələr göstərməyib.

Bütün bunları nəzərə alan Paraszçuk qeyd edir ki, “Hizbut-Təhrir” kimi qruplaşmaları İŞİD-lə eyniləşdirən Rusiya eynən Suriyada müxalif qüvvələrə qarşı yürütdüyü taktikanı təkrarlayır. Bu taktika isə Rusiya ərazisində “Hizbut-Təhrir” və başqa islamçı qrupları Suriyadakı İŞİD-ə bağlamaq imkanı verir. Xanım Parazsçuk onu da bildirir ki, belə taktika ilə həmçinin Rusiya təhlükəsizlik qüvvələrinin “İŞİD təhlükəsinə” qarşı ciddi mübarizə apardığı, “potensial terror aktlarının” qarşısının alındığı barədə təsəvvür yaradılır.

Bütün hallarda sadə ruslar indi fikirləşir ki, əslində Rusiya qırıcıları Suriyada birmənalı şəkildə İŞİD-i vurmur, ona görə də islamçıların qisas almaq istədiyini demək doğru deyil. Sadəcə, Kreml xalqdan dəstək almaq məqsədilə belə şeylər uydurur.

Azərbaycan-Slaviyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili qəzetimizə açıqlamasında bildirdi ki, İŞİD-ə qarşı sərt mövqe tutan ölkələr arasında ən önəmli yerlərdən birini məhz Rusiya tutur: “Rusiyada İŞİD-ə bağlı qüvvələrin həbsi həm ruslar, həm də çoxmillətli rusiyalılar tərəfindən dəstəklənir. Bildiyimiz kimi, Rusiya terrordan ən çox əziyyət çəkən dövlətdir. Çeçenistan – Rusiya savaşı zamanı baş verən terror hadisələrini nəzərə alsaq görərik ki, Rusiya illər öncə radikal islamçılara qarşı mübarizə aparıb. İndiki əməliyyatlar da sübut edir ki, həm ruslar, həm də Rusiyanın müsəlman icması bu əməliyyatları dəstəkləyir”.

T.Allahverdili dedi ki, prezident Vladimir Putinin İŞİD-ə qarşı sərt mövqeyi Rusiya vətəndaşları və bu ölkədə yaşayan bütün diaspor nümayəndələri tərəfindən dəstəklənir. Çünki hər kəs başa düşür ki, region üçün ən böyük təhlükə İŞİD-dir.

Maraqlıdır ki, bəzi ekspertlər Putinin xalqdan dəstək almaq üçün belə həbslər keçirdiyini fikirləşir. Assosiasiya sədrinin qənaətincə isə Rusiya dövlətinin hakimiyyəti heç vaxt düşünmədən addım atmır: “Bir daha qeyd edim ki, Rusiya dövlət başçısı heç vaxt tələsik qərar qəbul etmir. Xalqın Putini dəstəkləməsinə gəlincə, əminliklə deyə bilərəm ki, Rusiya əhalisinin əksəriyyəti indiki prezidentlərinin siyasətini və qəbul etdiyi qərarları dəstəkləyir. Təkrar demək istəyirəm ki, Rusiyanın daxildə radikal islamçılara qarşı apardığı əməliyyatları gözlənilən idi. Rusiya İŞİD-in Suriyadakı bazalarını məhv edir. Qarşı tərəf də cavab vermək üçün hər hansı addımlar atmaq istəyə bilər. Burada miqrant olaraq yaşayan taciklərdən və özbəklərdən istifadə olunması istisna deyil . Rusiya öz ərazisində hər hansı təxribatın, terror hərəkətinin qarşısını almaq üçün bu addımları atmalıdır. Kreml ölkə daxilində apardığı əməliyyatlarla həm də özünü sığortalayır. Ciddi dövlətlərin ciddi addımları da belə olmalıdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."