www.sinerjipro.net

SinerjiProWide
Reklam

Muğənni kimi özünü sınayıb, amma daha çox bəstələdiyi musiqiləri ilə məşhurdur. Türkiyədə onun musiqilərini çox sevirlər. İbrahim Tatlısəsın oxuduğu “Səndən insaf dilər yarım” adlı mahnısı qardaş ölkədə çox populyardır.

Tanınmış bəstəkar-müğənni Tunar Rəhmanoğlu ilə film təqdimatlarının birində rastlaşdıq. Xanımını mediadan uzaq tutan Tunarın bir xahişi də oldu: “Onun şəklini çəkməyin”.

Müsahibələrdən həmişə qaçan sənətçi Yeniçağ.az-ın suallarını cavablandırmaqdan imtina etmədi. Amma sözü ondan sanki “kəlbətinlə çəkib çıxartdıq”.

– Bilirik ki, Türkiyədə sənin mahnıların bir çox məşhurlar tərəfindən oxunur. Yəqin ki, qonorarın da yüksək olar…

– Təbii ki, türklərin öz bəstəkarlarına verdiyi qonorar bizə verdiklərindən fərqlidir. Bizə də pis məbləğ vermirlər.

– Orada musiqilərimizə maraq necədir bəs?

– Bir çox tanınmış müğənnilər mahnılarımı ifa edir; musiqilərimi sevirlər .

– Mahnılarınızı satarkən, müğənnilər qarşısında şərtlərin olur?

– Oranjimanla bağlı şərtim olur. Bir də müğənni mütləq yanımda ifa etməlidir. Çünki mahnının təqdimatı mənim üçün önəmlidir.

– Ən bahalı mahnınızı neçəyə satmısız?

– 5 min dollara. Hələ ki, ondan yuxarı çıxmamışıq.

– Mahnılarınızı hədiyyə etmisiz?

– Əlbəttə, çoxunu.

– Ürəklə edirsiniz?

– Ürəksiz də olur.

– Mahnınızı ən çox hansı məşhur türk müğənnisinin ifasında eşidəndə ürəyinizdən tikan çıxıb?

– İbrahim Tatlısəsin ifasında “Səndən insaf dilər yarım” mahnısı mənə ləzzət edir.

– Deyəsən, İmperator o mahnını təsadüfən dinləyib bəyənmişdi?

– Hə, Günellə İbrahim bəyin ziyarətinə getmişdik. Mən “Səndən insaf dilər yarım” mahnısını onun üçün oxudum. İbrahim bəy dedi ki, niyə indiyə qədər bunu mənə göstərməmisən. Çox xoşuna gəldi və oxudu.

– İboyla yenidən əməkdaşlıq barədə planınız var?

– Yenidən oxuya bilərsə, hə.

– Başqa hansı məşhurla işləməyi planlaşdırırsınız?

– İstəyənlər çoxdur, bu günlərdə Türkiyəyə getməliyəm. Orda dəqiqləşdirəcəm.

– Niyə mətbuatdan həmişə qaçırsız?

– Neyniyim, mənim də xasiyyətim belədir. Üzdə olmağı qətiyyən xoşlamıram.

– Haqqınızda yayılan şayiələrə münasibətiniz necə olur?

– Düzgün xəbərə münasibətim normaldır, hətta insana xoş təsir bağışlayır. Amma yanlış məlumatlardan əsəbiləşirəm. Çünki belə xəbərlərlə insanın həyatı ilə oynayırlar.

– İndiyə qədər hansı şayiə sizi özünüzdən çıxarıb?

– Konkret deməyim, amma arada olur.

– Bacınız Günellə bağlı şayiələr də az olmur, bəs onda necə davranırsız? 

– Günellə bağlı xoşagəlməz söz-söhbətlər olur, əlbəttə belə şeylər lazım deyil. Günel də bu millətin bir parçasıdır. Onunla fəxr etməliyik.

– Türkiyədə lüks həyat yaşadığınız deyilir, doğrudur?

– Yox, lüks həyat insanı çaşdırır. Ona görə də belə həyatdan qaçıram.

– Avtomobilinizin markası nədir?

– “BMV”, qiyməti də təqribən 15-20 min dollardır.

– Heç sizə bahalı hədiyyələr verən olur?

– Hələ ki elə bir jest olmayıb.

– Niyə xanımınızı mediadan gizlədirsiz?

– Çəkilməsə yaxşıdır. Belə şeyləri xoşlamıram.

– Ən sərt xüsusiyyətiniz nədir?

– Olur da, insanıq. Ani məqamda nələrsə ola bilər.

– Yəni qolunun gücünü göstərə bilərsən?

– Hə, vuraram. Əslində, səbrli insanam, amma səhvi görəndə başım xarab olur. Kiməsə bir dəfə deyirsən “özünü yığışdır”, iki dəfə deyirsən… Artıq üçüncüdə dözə bilmirsən. Daha doğrusu üçüncüdə artıq heç nə demirəm.

– Yumruqlar işə düşür, eləmi?

– Daha neynim.

– Azərbaycanda dostluq etdiyiniz insanlar çoxdur?

– Sənətçilər də var, başqa sahənin adamları da. Salam olsun hamısına.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.