!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdə təhsil alan tələbələrimiz: “Potensial agent”, yoxsa ölkənin gələcəyi?

!Reklam – Yazi

Təhsilini xaricdə davam etdirən tələbələrin konkret ölkənin xüsusi xidmət orqanlarının maraq dairəsinə düşmələri Azərbaycanın bu tendensiyaya qarşı müqavimət imkanlarını dəyərləndirmək zərurəti doğurub.

Yenicag.az xəbər verir ki, ABŞ-də səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkədə fəaliyyət göstərən TÜRKEN Vəqfinin təşkil etdiyi ziyafətdəki çıxışında təhsil almaq üçün xaricə göndərilən bir çox tələbənin getdikləri dövlətlərin “könüllü agentləri”nə çevrilməsi problemindən danışıb.

Türkiyə prezidenti bu fikirlərinin təsdiqi kimi, Osmanlı İmperiyasının son dönəmlərində yaşanmış acı təcrübəni xüsusi qeyd edib:

“Bir ölkə olaraq, təqribən iki əsrdir ki, xaricdə oxumağa tələbələr göndəririk.

Osmanlının son dönəmlərində dövlətin zəifləməsinin qarşısının alınması üçün Qərbə tələbə göndərmək o dövrün rəhbərliyi tərəfindən çıxış yolu kimi görülüb.

Məqsəd Qərb təhsili görmüş insan resursları ilə dövləti süqutdan xilas etmək olub. Səmimi bir niyyətdir.
Ancaq qarşıya qoyulan məqsədə nail olunmayıb. Təhsil almaq üçün Qərbə göndərilənlər əksər hallarda yalnız Qərb mədəniyyətini mənimsəyərək, öz kimliklərini də itirərək, geri qayıdıblar.

Təəssüf ki, onlar öz dövlətləri üçün xilas resepti hazırlamalı olduqları halda, Qərbin könüllü agentlərinə, həvarilərinə çevriliblər.

Öz millətinə yuxarıdan aşağı baxan, öz dəyərlərindən diksinən o dırnaqarası ziyalıların bizə vurduqları ziyanı düşmən belə etməyib”.

Ərdoğanın dilə gətirdiyi bu fikirlər həqiqətən, bu gün də öz aktuallığını saxlamaqdadır.

Qərbdəki dairələrin Türkiyəni parçalamaq, çökdürmək planlarının icrasına cəlb olunanlar arasında xaricdə təhsil almış vətəndaşların üstünlük təşkil etməsi prezidentin bu problemi qabartmasının səbəbsiz olmadığını göstərir.

Hər halda, qardaş ölkədə son illərdə yaşanan məlum “Erməni açılımı” qalmaqalı, “Gəzi aksiyası” və FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin əsas iştirakçılarının bioqrafiyalarındakı Qərblə bağlı məqamlar onların haradan yönləndirildikləri barədə aydın təsəvvür yaradır.

Ancaq Ərdoğanın Türkiyənin timsalında ümumiləşdirdiyi bu problem digər ölkələr, xüsusilə, Azərbaycan üçün də son dərəcədə əhəmiyyətli məsələdir.

Azərbaycanın müstəqilliyinin bərpasından ötən 26 ildə minlərlə tələbə xarici ölkələrdə təhsil alıb. Onlardan bir qismi təhsilini başa vuraraq, geri dönsə də, bəziləri öz karyeralarını getdikləri ölkədə davam etdirməyə qərar veriblər.
Eyni zamanda, xaricdə universitet bitirib, Azərbaycana qayıdan məzunların müəyyən hissəsi müxtəlif səbəblərdən burada özlərinə yer tuta bilmədiklərindən, yenidən təhsil aldıqları ölkələrə qayıdıblar.

Təsəvvür edin, əsrlərlə tarixi olan Türkiyə kimi dövlətin vətəndaşlarını Qərbdə asanlıqla “verbovka” edə bilirlərsə, qısa müstəqillik tarixinə malik Azərbaycan vətəndaşlarını xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etmək çətinlik törətməməlidir.

Çox təəssüf ki, bu fikirlərin (xaricdə təhsil alan Azərbaycanlı tələbələrin terror şəbəkələrinə və xarici kəşfiyyat orqanlarına qoşulmaları ) əsassız olmadığını göstərən konkret faktlar da var.

Məsələn, 2015-ci il avqustun son günlərində Türkiyə universitetlərində oxuyan bir neçə azərbaycanlı tələbənin terrorçu PKK-ya qoşulduğunu əks etdirən xəbərlər yayıldı.

O zaman bir sıra dövlət rəsmiləri bu kimi halların qarşısını almaq üçün təsirli tədbirlər görüləcəyini vəd etdilər. Lakin hadisələrin davamında Təhsil Nazirliyi, yaxud da hansısa başqa qurumun bununla bağlı ortaya konkret sənəd-layihə qoymasının şahidi olmadıq.

Göstərdiyimiz bu nümunə azərbaycanlı tələbələrin Türkiyədə adıçəkilən terror təşkilatına qoşulmalarına aid olsa da, ölkənin ictimai-siyasi həyatı üçün “desant” hazırlığı əsasən, Qərb ölkələrində aparılır.

Bu çərçivədə ən bariz nümunə isə 2001-2002-ci illərdə Almaniyanın Saarbrüken Hüquq Məktəbində magistr təhsili və dərəcəsi alan Emin Millidir.

2012-ci ildə ölkəni tərk edərək, birdəfəlik Almaniyaya köçən Emin Milli cəmi 1 il sonra həmin ölkədə yaratdığı “Meydan TV”-nin informasiya siyasəti ilə ipinin hansı çevrələrə bağlı olduğunu göstərdi.

“Meydan TV”nin “erməni soyqırımını dırnaqda işlədən Azərbaycan siyasətçisi demokrat sayıla bilməz” və davamlı anti-Azərbaycan təbliğatında əl atdığı tezislərin mənbəyini də təxmin etmək çətin deyil. Bu bağlılığın isə məhz Emin Millinin Almaniyada təhsil aldığı dövrdə yarandığı aksiomadır.

Emin Millinin şəxsində Almaniya kəşfiyyatının fəaliyyətini vurğulamaqla yanaşı, ABŞ, Britaniya, Fransa, Rusiya xüsusi xidmət orqanlarının, o cümlədən Türkiyə və digər müsəlman ölkələrindəki mövcud pozucu dini şəbəkələrin də azərbaycanlı tələbələri daim diqqət mərkəzində saxladıqları, onların bəzilərini əməkdaşlığa cəlb etdikləri məlumdur.

Əlbəttə, xaricdə təhsil alan tələbələrimizin hamısının oxuduqları ölkələrin xüsusi xidmət orqanlarının maraq dairəsində olduğunu iddia etmək fikrindən uzağıq.

Bununla belə, müxtəlif ölkələrdə 3 minə yaxın tələbəmizin təhsil aldığını qeyd etsək, onların arasında “potensial agent”lərin ola biləcəyi və ya olması heç də istisna deyil.

O baxımdan, dövlətin xaricdə oxuyan tələbələrimizi xarici kəşfiyyatlardan qorumaq imkanları və bu istiqamətdə ata biləcəyi addımlar maraq doğurur.

Mövzu ilə bağlı Yenicag.az-a danışan keçmiş təhlükəsizlik zabiti İlham İsmayılın fikrincə, Azərbaycan dövlətinin mövcud imkanları xaricdə təhsil alan tələbələr üzərində total nəzarəti həyata keçirtməyə imkan vermir:

“Xaricdə təhsil alan tələbələrin hamısının olmasa da, müəyyən hissəsinin bu və ya digər ölkənin xüsusi xidmət orqanının maraq dairəsinə düşməsi mümkündür. Ancaq bu məsələnin miqyasının geniş olduğunu demək çətindir.

Çünki tələbə hansısa ölkəyə təhsil almağa gedir, orada elə ciddi fəaliyyətlə məşğul olmur ki, kəşfiyyatın diqqətini cəlb eləsin… Lakin müəyyən hallar təbii ki istisna deyil.

Konkret ölkənin xüsusi xidmət orqanının xaricdəki tələbələrimizi əməkdaşlığa cəlb etməsi üçün səbəb olmalıdır. Yəni hansısa tələbənin əməkdaşlığa cəlb edilməsi, onun təhsilini başa vurub, ölkəsinə qayıtması və orada hansısa mühüm vəzifə tutaraq, vacib fiqura çevrilmək ehtimalı kəşfiyyat üçün cəlbedici deyil. Ondansa, Azərbaycanın özündə bir informator şəbəkəsi formalaşdırmaq daha rahatdır, nəinki tələbələlərlə işləmək…

Digər tərəfdən, xaricdəki tələbələrimizi kənar xüsusi xidmət orqanlarından qorumaq üçün onların üzərində total nəzarətin təşkil edilməsi tələb olunur. Hazırda isə Azərbaycan kəşfiyyatının və əks-kəşfiyyatının belə bir imkanı hələ ki yoxdur.

Bir daha deyirəm, xaricdəki tələbələrimiz arasında oxuduğu ölkədə Saakaşvili kimi xüsusi fəallıq göstərən gənclərimizin olduğunu da söyləmək imkan xaricindədir”.

A.Zeynalov

www.yenicag.az

1948
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv