yenicag.az
yenicag.az

Xəbər gündəmini zəbt edən “çete” – Müşfiq Ələsgərli yazdı

Xəbər gündəmini zəbt edən “çete” – Müşfiq Ələsgərli yazdı

Müəllif: Redaktor

Editor

qezet_00452011-ci ildə Tiflisdə keçiriləcək konfransa gedərkən yolda aldığımız xəbər hər birimizi şok etdi.

Yazıçı-publisist Rafiq Tağı qətlə yetirilmişdi. Baş verən hadisə insanlıq faciəsi olmaqla yanaşı, söz, fikir adamına qarşı törədildiyi üçün əlavə diqqət çəkirdi. Bizim üçün bunun üçüncü, əlahiddə bir anlamı da vardı: ATƏT-in media komissarlığı Tiflisdə təşkil etdiyi ənənəvi Media azadlığı konfransında ümumilkdə Cənubi Qafqazdakı durumu müzakirə edirdi. Paralel olaraq jurnalistikada “Cəzasızlığa Qarşı Gün” kampaniyasına hazırlıq görülürdü. Söz azadlığının inkişafı yönündə saysız proqramlar gerçəkləşdirən Azərbaycan, indi bu qətl hadisəsinə görə neqativ yöndə diqqət mərkəzinə gələcək, söz azadlığının basqıda olduğu ölkə kimi müzakirəyə çıxarılacaqdı. Konfransa qatılmış Azərbaycan media təmsilçiləri həm faciənin ağırlığını etiraf etməli, həm də bir milli təəssübkeş olaraq həqiqətin ortaya çıxmasına çalışmaq, törədilmiş faciənin Azərbaycanda söz azadlığına göstərilən münasibətə, ölkədə media azadlığına yönəlik siyasətə adekvat olmadığını isbatlamaq zorundaydılar. Belə çıxırdı ki, biz Azərbaycanın media sahəsində nəinki Cənubi Qafqaz ölkələrinə, bütövlükdə postsovet məkanına nümunə olacaq uğurlarını, yaratdığı inkişaf modelini yox, yaranmış ekstremal durumu müzakirə etməliydik.

Altı ay sonra, 2012-ci ilin aprel ayında, Avroviziya müsabiqəsinə sayılı günlər qalmış jurnalistlərlə bağlı daha bir insident yaşandı. Bakıda jurnalistə ağır xəsarət yetirildi: İdrak Abbasov ölümcül halda döyüldü. Mahnı müsabiqəsi ilə yanaşı, müsabiqəni izləmək üçün Bakıya toplaşan dünyanın aparıcı media kompaniyalarının təmsilçiləri “Qanı tökülən jurnalistdən” yazdılar.

Misalları “n” sayda artırmaq olar. Amma mühüm olan faktların çoxluğu yox, onların doğurduğu nüansdır: bu qədər təsadüfmü olar? Nə üçün bu faktlar həmişə Azərbaycan üçün həssas məqamlarda, keçid anlarında baş verir? Məsələn, ölkə Avropa Şurasına üzv olanda, BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik kimi möhtəşəm tarixi anlar yaşayanda, beynəlxalq müsabiqələr keçirəndə, dünya miqyaslı uğurlara imza atıb populyarlaşanda, seçki illərində… Kiminsə oturub həssas durumların vaxtını dəqiq hesabladığına, məqam yetişən kimi kombinasiyalar qurub Azərbaycan əleyhinə kampaniya aparılmasını stimullaşdırdığına inanmaya bilmirsən. Bu “kimsə”nin təxribat mexanizmləri hazırlamaq, xəbər gündəmini zəbt edəcək mövzular vermək, onu reallaşdırmağı bacarmaq kimi imkanları var əlində. Bu, hansısa məmuru, iş adamını, şou-biznes əhlini şantaj edib pul alan “reket jurnalist” mövzusu da deyil, daha qlobal düşünməyi, mütəşəkkil hərəkət etməyi bacaran bir “çete”dir… Enerji daşıyıcı marşrutların istiqaməti müəyyənləşəndə, ölkə strateji seçim edəndə, Qarabağ probleminin çözümünə yaxınlaşanda, Azərbaycanın regionda lider dövlət olduğunu isbatlayan amillər ortaya çıxanda, bütün bunları arzulamayan qərəzli güc mərkəzlərinin marağını tutmağı, “pas verməyi” bacaran biridir bu “çete”. Təkcə Azərbaycan mediasının deyil, dünyanın transmilli media korporosiyalarının diqqətini cəlb edəcək hadisə yarada bilir. O, media azadlığı və təhlükəsizliyinin dünyada həssas bir mövzu, qiymətləndirmə meyarı olduğunu bilir, zərbəni həmişə buradan vurur. Mediadan xəbərlərini yayan platforma yox, həm də qurduqları maxinasiyanın bir vintciyi kimi istifadə edirlər. Döyülən, tutulan, xəsarət alan da “jurnalistdir”, bu barədə məlumatı yayan da. Lazım olanda başını dəyənək qabağına verən, döyülməkdən, vurulmaqdan başqa yol qoymayan geniş “jurnalist dəstəsi” var əllərində. Mediaya aidiyyatları olmasa da, Azərbaycan KİV-in bir parçası kimi görünməyi bacarırlar. Səthi yanaşanda, yayılan təxribatçı informasiyaların müəllifi qismində də jurnalistlər görünürlər. Bu da əsl müəllifi gizlətmək üçün əlverişlidir.

90-cı illərin sonunda məşhur metod vardı. Etiraz aksiyalarının iştirakçısı olan, qaydaları pozub polisə daş atanlar saxlanılanda, ciblərindən “jurnalist vəsiqəsi” çıxırdı. Dəxli yoxdur bu vəsiqəni kim, necə verib onlara, nüfuzlu, yoxsa heç bir auditoriyası olmayan KİV-in təmsilçisidir. Əsas budur ki, cibində “jurnalist vəsiqəsi” var. Hər aksiyadan sonra beynəlxalq təşkilatlar “yüzlərlə jurnalistin saxlanılması” barədə hesabat yayır, Azərbaycanı söz azadlığının boğulduğu ölkə kimi təqdim edirdilər. Mətbuat Şurası prosesin qarşısını nisbətən aldı, vahid formalı jurnalist vəsiqəsi, aksiyalarda geyinmək üçün uniforma təsis edildi. Qondarma, özfəaliyyətlə yaradılmış vəsiqələr statusunu itirdi. Dünyada qəbul edilmiş standartdır: jurnalistin jurnalist olduğunu təsdiqləyən faktlardan biri də onun ölkədəki nüfuzlu jurnalist təşkilatlarından birinin vahid formalı vəsiqəsini daşımasıdır. İndi bu standart da itir, “vətəndaş jurnalistlərin”, “yeni media təmsilçilərinin” nə vəsiqə daşıması, nə də uniforma geyinməsi tələbi var. Nə Ədliyyə Nazirliyində qeydə düşmək, nə də KİV haqqında qanuna əməl etmək tələbi var qarşılarında. Amma əməlləri qarşılığında məsuliyyətə cəlb edilsələr, təqdimatları jurnalistdir. Beynəlxalq təşkilatlar da 2012-ci ildən etibarən, hazırladıqları hesabatlarda əlavə qrafa tətbiq edirlər. Bu, “vətəndaş jurnalistikası” təmsilçilərinə qarşı törədilmiş təzyiqləri əks etdirir. Yaranmış durum “çetenin” işinə yarayıb. Keçmiş reket, yolkəsən, cibsoyan, təxribat törədən, hər kəs buradadır-onlayn media müstəvisində. Kimdir fərqinə varan, jurnalistdir, yoxsa “vətəndaş jurnalist”, yaxud “onlayn media təmsilçisi”, adını jurnalist qoyublar, iş bitib. Bu təbəqə nəinki reketlik edir, qanunsuz yolla pul qazanır, hətta yeri gələndə hansısa siyasi qüvvənin maraqları naminə ölkəni, dövləti, vətəndaşı təhdid edir, vətəndaş etimadsızlığı yaradılmasına cəhd göstərir. Elə bir məmur, elə bir idarə yoxdur ki, hədəfə alınmasın, şantaj edilməsin, vətəndaşın gözündən salınmasın. Əlbəttə, heç də bütün rəsmi idarələrdə hər şeyin qanuni müstəvidə qurulduğunu iddia etmirik. Xəbər almağın, dəqiqləşdirməyin daşa dirəndiyi vaxtlar da olur. Peşəkar medianın permanent problemləri var Azərbaycanda. Amma “çetenin” hədəfi medianın problemləri, qanunun aliliyinin təmin edilməsi deyil ki. Həm də bunların hədəfi təkcə dövlət qurumları, idarələri də deyil.

Bir həftədir ki, medianın tənzimləyici qurumu olan Mətbuat Şurası da hədəfə götürülüb. Sosial şəbəkələr, “onlayn media” səhifələri Şura və onun üzvləri haqqında hədyanlarla doludur. Səbəb bəllidir, Mətbuat Şurası onlayn media məkanının tənzimlənməsi üçün təkliflər paketi hazırlayıb, bu sahənin nizama salınmasına, hərc-mərcliyin aradan qaldırılmasına, Azərbaycan üçün faydalı platformaya çevrilməsinə çalışır. Şura özündən model kəşf etməyib, mövcud olan beynəlxalq praktikanın Azərbaycanda tətbiqini istəyir. Təkliflər kimsənin xoşuna gəlməyə bilər, əks arqumentlərin səsləndirilməsi normaldır. Amma bunun yolu var: əks arqument əsaslandırılmalıdır, nəzəri müddəalara söykənməlidir. Bunlar əks arqument gətirmirlər, şantaja əl atırlar. Bəlli “çete” iş başındadır.

Media, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti