!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəritə rəzaləti”: Təhsil Nazirliyinin adını açıqlamadığı müəlliflər bunlardır

!Reklam – Yazi

Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində “Böyük Ermənistan” xəritəsinin verilməsi rüsvayçılığında yeni məqamlar ortaya çıxır.

Yenicag.az xəbər verir ki, qeyd olunan “Xəritə rəzaləti”ni etiraf edən Təhsil Nazirliyi özünü məsuliyyətdən kənar saxlamağa çalışmaqla yanaşı, bağışlanmaz səhvə görə ictimaiyyətdən üzr istəməyi də özünə yaraşdırmır.

Son günlərdə ölkə gündəminin əsas mövzularından birinə çevrilmiş “Xəritə qalmaqalı” deyəsən, Təhsil Nazirliyinin rəhbərliyindən başqa hər kəsi narahat edir.

Belə olmasaydı, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində “Böyük Ermənistan” xəritəsinin verilməsini təsdiqləyən Nazirlik buna görə məsuliyyəti üzərindən atmağa cəhd göstərməzdi.

Ancaq bununla kifayətlənməyən Mikayıl Cabbarovun nazirliyi sözügedən dərsliyin gerçək müəlliflərini “pərdə arxası”nda saxlamaqla, məsuliyyəti həmin dərsliyin həmmüəllifi olan Kamran Əsədovun çiyinlərinə yükləməyə çalışır.
Başqa sözlə desək, öz dərisini xilas etmək barədə düşünən Təhsil Nazirliyi tanınmış təhsil eksperti olan Kamran Əsədovu “qurbanlıq quzu” qismində cəmiyyətə sırımaqdan çəkinmir.

Yəni Nazirlik “Xəritə rəzaləti”ni elə təqdim etməyə və görüntü yaratmağa çalışır ki, məsuliyyət sadəcə, qalmaqallı dərsliyin həmmüəllifi olan Əsədovun üzərində qalsın. Başqa sözlə, “əsas günahkar” kimi göstərilən Əsədov cəzalandırılır, nazirlik isə “aydan arı, sudan duru” çıxır.

Lakin Yenicag.az-ın dövlət maraqları baxımından son dərəcə əhəmiyyətli olan bu məsələ ilə əlaqədar apardığı araşdırma bəzi həqiqətləri ortaya çıxartmağa imkan verib.

Əvvəla qeyd edək ki, Kamran Əsədovun rus dili bazası onun belə bir dərsliyin həmmüəllifi olmasına imkan vermir. Hər halda, rusca dərslik yazmaq o dildən məişət səviyyəsində istifadə etməkdən çox fərqlidir və xüsusi vərdiş-bacarıq tələb edir.

Ancaq Əsədovun media ilə yaxın münasibətlərini nəzərə alan Təhsil Nazirliyi onu bu qalmaqalın episentrinə gətirib. Yəqin Cabbarov belə düşünüb ki, media Əsədovun “faydalılığını” nəzərə alaraq, bu məsələnin üstündə çox dayanmaz və məsələ də tezliklə qapanar.

Bununla belə, əldə etdiyimiz məlumata görə, haqqında danışılan dərsliyin qalmaqal yaradan bölməsini yazanlar Şamil Əmrahov və Faiq Babayev adlı müəlliflərdir.

Amma Təhsil Nazirliyi nədənsə, həmin müəllifləri ciddi-cəhdlə himayə edərək, onları “gözdən uzaq” saxlamaqda israr edir.

Lakin Cabbarovun bu “gediş”i onu ölkəni ayağa qaldırmış rəzalətin məsuliyyətindən kənarda saxlaya bilməyəcək.

www.yenicag.az

3406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv