www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyədə aprelin 16-da keçirilmiş Konstitusiya referendumunun nəticələri qardaş ölkədə və xaricdə geniş müzakirə mövzusudur.

Yeniçağ.Az xəbər verir ki, bütün dünyanın diqqətlə gözlədiyi Türkiyədəki Konstitusiya referendumu artıq tarixə çevrilib. Olduqca gərgin və dramatik siyasi mübarizə şəraitində keçən referendumda hakim AKP-nin Konstitusiya islahatı təşəbbüsü xalqın dəstəyini qazanıb. Səsvermənin nəticələrinə əsasən, “Əvət” lehinə 51,4 faiz səs verilib və bu göstərici ölkədə Prezident üsul-idarəsinin tətbiqi üçün yetərlidir. Bununla belə, AKP təmsilçilərinin, o cümlədən, referendum prosesində hakim partiyanın əsas müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyası (MHP) nümayəndələrinin 55-60 faiz “Əvət” çıxacağına dair proqnozları doğrulmayıb.

Türkiyədə ötən gün keçirilən Konstitusiya referendumunun nəticələrini Yeniçağ.Az-a şərh edən Milli Məclisin sabiq deputatı, professor Şahlar Əsgərov “Əvət” və “Xeyr” səsləri arasında nisbət fərqinin gözlənilməz olmadığını deyib:

“Türkiyədə baş tutan referendum prosesini əvvəldən diqqətlə izlədiyimdən, əminliklə deyə bilərəm ki, xalqın Konstitusiya islahatına səs verməsi, bu təşəbbüsü dəstəkləməsi gözlənilməz deyildi. Hər halda, mütləq qeyd olunmalıdır ki, Türkiyə cəmiyyəti kifayət qədər intellektualdır və yaxşını pisdən, ağı qaradan seçməyi bacarır. O baxımdan, Türkiyə cəmiyyətinin doğru seçim etdiyini düşünürəm. İnanıram ki, bu referendumun nəticəsi Türkiyə dövləti və xalqını xeyli rahatladacaq. Yəni cəmiyyətdə bir rahatlıq bərqərar olacaq, dövlət qüdrətlənəcək.

Nəticələr arasında fərq nisbətinin cüzi olmasının bir sıra səbəbləri var. Bu səbəblərdən bəlkə də ən əsası, Türkiyə cəmiyyətinin müəyyən kəsiminin etimad etdiyi informasiya mənbəyi Qərb kanallarıdır. Bildiyiniz kimi, Qərb ölkələrinin mediası son aylarda Türkiyə iqtidarının, özəlliklə də Prezident Ərdoğanın əleyhinə kampaniya aparırdılar və bu təbliğat müharibəsi indi də davam edir. O baxımdan, “Xeyr” səslərinin bu qədər çıxmasında Qərbin təbliğat vasitələrinin fəaliyyəti mütləq qeyd olunmalıdır.

Dediyim kimi, referendum prosesini yaxından izləyirdim və hörmətli Ərdoğanın Ərzurumdakı çıxışı zamanı söylədiyi bir lətifə mənə həqiqətən, ləzzət elədi. Deməli, Dadaşdan “oğlanların Kamal və Kamildən hansını çox istəyirsən?”, deyə soruşurlar. Dadaş da cavab verir ki, Kamili. Soruşurlar, niyə Kamili? Qayıdır ki, Kamalın iki sözündən biri, Kamilin isə bütün dedikləri yalandır. Kamili ona görə çox istəyirəm ki, məni heç yanıltmır. Bu, əlbəttə ki, siyasi lətifə idi və hörmətli Cuümhurbaşqanı CHP lideri Kamal Kılıçdaroğlunu nəzərdə tuturdu ki, doğru danışmır”.

Əsgərovun fikrincə, referendumda “Əvət” və “Xeyr” səsləri arasında fərqin minimum olması Türkiyədə sabitlik üçün təhdid yaratmır:

“Hesab edirəm ki, səslər arasında fərqin cüzi olmasına rəğmən, əldə olunan nəticə Türkiyə cəmiyyətini xeyli sabitləşdirəcək. Yəni Konstitusiyaya edilən dəyişiklərin praktikada tətbiq edilməsi vəziyyəti normal axarına salacaq. Doğrudur, bu məsələ həm də atılacaq addımlardan çox asılıdır. Lakin şəxsi fikrim bundan ibarətdir ki, referendumun nəticəsi Türkiyədə sabitliyə səbəb olacaq”.

Professor Konstitusiya referendumunda AKP-nin müttəfiqi qismində çıxış edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) elektoratının böyük hissəsinin “Xeyr” mövqeyini dəstəkləməsi haqqında fikirlərlə bağlı bunu deyib:

“Açığı, belə bir hal olubsa, o zaman MHP-də ciddi yenilənmələrin olması zəruridir. Yəni partiyanın rəsmi mövqeyi, addımı tərəfdarlarının dəstəyini qazanmırsa, bundan nəticə çıxarılmalıdır.

Bu barədə danışdıq, bir məqama da toxunum. XXI əsrdə yaşayırıq və etiraf edək ki, çoxlarının şüurunda demokratiya sözü, anlamı özünə möhkəm yer edib. Bu referendumun demokratiyaya zərbə vuracağına dair iddialar onların da şüuruna təsir göstərir. Onları başa düşürəm. Lakin həmin insanlardan soruşsaq ki, qardaş, sənə nə lazımdır, qüdrətli, yoxsa demokratik Türkiyə? O şəxs ki demokratik, ancaq zəif Türkiyə arzulayır, o, ölkəsini sevən adam deyil. Əslində, qüdrətli Türkiyəni istəmək lazımdır. Çünki demokratiya qüdrət olan yerdə var. Zəif ölkələrin demokratiyası hər zaman xaricdən idarə olunur”.

Əsgərov hesab edir ki, paytaxt Ankara və İstanbulda “Xeyr” tərəfdarlarının üstün gəlməsi AKP daxilində müəyyən “təmizləməyə” səbəb ola bilər:

“Bəli, bu istiqamətdə addımların atılması istisna deyil. Ancaq yenə o fikrimə qayıdıram ki, Türkiyənin iri şəhərlərinin əhalisi sözün həqiqi mənasında Qərb dövlətlərinin təsiri altındadır. Onlar Amerikanın, Almaniyanın, İngiltərənin səsini daha asan eşidirlər, nəinki Türkiyənin öz səsini. Baxın, Azərbaycan siyasətindəki təcrübəmdən çıxış edib, bir məsələni bildirirəm. Azərbaycanı sevən kimsə bura gələndə, “Sizə güclü, qüdrətli dövlət lazımdır”, – deyirdi. Azərbaycanı sevməyənlər isə deyirdilər ki, “Sizə demokratiya lazımdır”. Hamı bilsin ki, dövlət qüdrətli olmasa, orada demokratiya da tərsinə işləyir”.

A.Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."