!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərin hüququ statusu Astana görüşündə həllini tapacaqmı? - Şərh

!Reklam – Yazi

Rusiya xarici işlər nazirinin müavini, dövlət katibi Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının yaxın vaxtlarda Qazaxıstanda keçiriləcək görüşündə imzalana bilər. Onun dediyinə görə, konvensiyasının müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb. Bu sənəddə bütün Xəzəryanı ölkələrin tələbləri ahəngdar şəkildə tarazlaşdırılıb, onlardan heç birinin milli maraqlarına toxunulmur. Bu açıqlama fonunda gözləmək olarmı ki, Xəzərin hüquqi statusu ilə bağlı çoxdan həllini gözləyən problem nəhayət çözülsün?

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev OilGas.az-a açıqlamasında bildirib ki, Astana görüşündə İranla Türkmənistan əvvəlki dövrlərə nisbətən bir qədər pozitiv mövqe sərgiləyəcəklər. Amma ekspertə görə, bu, həmin görüşdə Xəzərin hüquqi statusuna dair problemin öz həllini tapacağı anlamına gəlməməlidir:

“Bundan öncəki Həştərxan görüşündə də Xəzərin hüquqi statusunun müəyyən olunmasında ciddi problemlərin olduğu üzə çıxmışdı. Bu məsələdə əsas fikir ayrılığı Azərbaycanla Türkmənistan və İran arasındadır. Düzdür, 2016-cı ildən sonra Tehranın mövqeyində bir qədər yumşalma hiss olunur. Yəni İrana tətbiq olunan sanksiyaların ləğvindən sonra Tehran Xəzərin hüquqi statusu məsələsində müəyyən yumşaldıcı mövqeyə meyllənib. Lakin bununla belə fakt faktlığında qalır ki, sözügedən məsələnin çözülməsinə hazırda iki dövlət, İran və Türkmənistan maneələr törətməkdə davam edir. Hər iki dövlətin də mövqeyi heç bir hüquqi prosedurla bir araya sığmır. Xəzərin hüquqi statusu məsələsinə keçən əsrin 90-cı illərin əvvəllərindən qabaqkı dövrlərdə də baxılıb. Dənizin statusu ilə bağlı ilk məqam sovetlər ölkəsilə İran arasında bağlanan müqavilələrdə öz əksini tapıb. Həmin müqaviləyə görə də status məsələsi bu iki dövlət arasında müəyyən olunub”.

Ekspert qeyd edib ki, Sovetlərin dağılması ilə isə Xəzərin hüquqi statusu məsələsi yenidən gündəmə gəlib və onu da bir neçə mərhələyə bölmək olar:

“1991-1994-cü illərdə dənizin statusu ilə bağlı xaotik, pərakəndə, kortəbii diskusiyalar aparıldı. 1995-1998-ci illərdə isə artıq Xəzəryanı 5 dövlətin hər biri dənizin statusu ilə bağlı özünün prinsipial mövqelərini ortaya qoydular. Bu mərhələdə həmçinin intensiv şəkildə iki və çoxtərəfli danışıqlara start verildi. 1998-ci ildən sonra da statusun müəyyən edilməsi, dənizin dibi və səthinin bölünməsilə bağlı Rusiya-Azərbaycan və Rusiya-Qazaxıstan arasında ciddi addımlar atıldı. Türkmənistan hüquqi status məsələsində aqressiv, heç bir hüquqi prosedura sığmayan mövqe sərgiləyir. İran isə Xəzərin 5 dövlət arasında bərabər sektorlara bölünməsini istəyir. 1970-ci ildə SSRİ Neft Sənaye Nazirliyi hökumətə Xəzərin Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında sektorlara bölünməsilə bağlı məktubla müraciət edir. Belədə xüsusi komissiya Xəzəri orta xətt prinsipilə müttəfiq respublikalar arasında sektorlara böldü. Nəticədə Qazaxıstana 105 min kv.km, Azərbaycana 70 min, Türkmənistana 80 min, Rusiyaya isə 60 min kv.km düşüb. Həmin topoqrafiq xəritə İrana göndərilsə də, Tehran bu məsələdə ümumiyyətlə səsini çıxartmadı. İranla SSRİ arasında Xəzərlə bağlı 1921 və 1940-cı illər müqaviləsi də var. O müqavilədə də su sərhədi dəqiq müəyyən olunub, Astara-Həsənqulu xətti üzrə. Yalnız SSRİ dağılandan sonra İran bu istiqamətdə hay-küy qoparmağa başladı”.

Z.Vəliyevin sözlərinə görə, İranla Rusiya Xəzərin hüquqi statusunun müəyyən olunmasını ona görə ləngidir ki, prosesdə öz maraqları var:

“Onlar 5 ölkə arasında son konvensiya layihəsinin imzalanmasını ona görə istəmirlər ki, Mərkəzi Asiyanın kapbohidrogen ehtiyatları böyük həcmdə Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasın. Bakı ilə Moskva arasında Xəzərin sektorlara bölünməsinə dair bəlli sazişin mövcud olmasına baxmayaraq, bu məsələnin arxasında ancaq enerji marağı durur. Hazırda İranın 150 milyard dollardan çox böyük həmcdə xarici investisiyalara ehtiyacı var. Ona görə düşünürəm ki, Astana görüşündə İran kəskin aqresiv mövqe sərgiləməyəcək. Ola bilər Aşqabad da pozitiv addımlar atsın. Çünki artıq Türkmənistan da kifayət qədər problemlə üz-üzədir. Türkmənistan bir neçə il öncəyə kimi hasil etdiyi qazı sərbəst şəkildə İran, Rusiya və Çinə satırdı. İndi isə Türkmənistanın müştəri bazarı daralıb. İranla qaz alqı-satqısı məsələsində ciddi ixtilafları var. Rusiya ilə Türkmənistan arasında qaz satışı istiqamətində olan uzunmüddətli müqavilələri də qüvvədən düşüb. Aşqabad yalnız Çinə qaz ixrac edir. Bu əsasda hesab edirəm ki, Xəzərin hüquqi statusunun tezliklə müəyyən olunmasında ilk maraqlı dövlət elə Türkmənistan olmalıdır. Çünki bu ölkənin qaz ehtiyatlarının başlıca müştərisi Avropadadır. Bu səbəbdən Aşqabad Xəzərin statusu məsələsində ortaya siyasi iradə qoymalıdır. İran da həmçinin. Tehran “Cənub Qaz Dəhlizi”nin əleyhinə gedə bilməz. Çünki özü də qazı məhz Türkiyə üzərindən Avropaya çıxarmaqda maraqlıdır. Bu zaman da “Cənub Qaz Dəhlizi”nin infrastrukturundan istifadə etməli olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Astana görüşündə Tehranla Aşqabad pozitiv mövqe ortaya qoymalıdırlar”.

Yeniçağ.az

www.yenicag.az

1120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv