!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayeva: "Buz kimi suda saxlayır, çıxarıb zəncirlə döyür, sonra isə..."

!Reklam – Yazi

O, Xocalı dəhşətini bütün iliklərinə qədər yaşamış bir insandır. 1992-ci ildə Xocalı qətliamında – ermənilərin əsir götürdüyü yüzlərlə qız-gəlin arasında 20 yaşlı Dürdanə Ağayeva da vardı. Düz 8 gün həyatının cəhənnəmini yaşayır. Və hər an Allahdan ölüm diləyir, amma… Onun qismətində yaşamaq vardı: sağ qalıb, erməni vəhşiliyini dünyaya car çəkmək üçün…

Yeniçağ.az saytının müsahibi “Erməni zindanında 8 gün” kitabının müəllifi Dürdanə Ağayevadır.

– Dürdanə xanım, sizi tanıyanlar tanıyır, tanımayanlara özünüz barədə nə deyə bilərsiniz?

– 1972-ci ildə Xocalıda anadan olmuşam. 1989-cu ildən Xocalı Telefon Qovşağında telefonçu kimi çalışmışam. Heç yadımdan çıxmaz… Xocalı faciəsindən 10 gün qabaq telefona bir zəng gəldi. Ermənilərdən biri “qancıq, xocalıları qıracağıq”, – deyib dəstəyi asdı. Həmin zəngdən bərk qorxdum və ağladım. Anam da yanımda idi, ona dedim ki, “ermənilər bizi hədələyir”. O da dedi, “qələt edirlər”. Mən də o zəngdən sonra bizim milli qəhrəmanımız, Xocalı aeroportunun rəisi Əlif Hacıyevə zəng edib, məsələni dedim. Əlif də məni sakitləşdirmək üçün qayıtdı ki, “ölməmişik ki, biz”. Bir az keçmiş gəldi iş yerimizə və bizə dedi ki, “görün kimdən, erməni dığalarından qorxursunuz. Bir “hooo” edərəm, hamısı qorxub qaçar”. Həqiqətən də ermənilər Əlifdən çox qorxurdular. Onun bizə ürək-dirək verməsinə baxmayaraq, ermənilər dediklərini elədilər. Erməniyə də güc verən 366-cı motoatıcı rus alayı, keçmiş Sovet ordusu oldu.

– Hər il Xocalı soyqırımının ildönümü ərəfəsində hansı hissləri yaşayırsınız?

– Hər il fevralın 25-indən 26-na keçən gecə demək olar ki, havalanıram. Həmin tarixi gözümün önündə canlandırıram. İnanın ki, 1992-ci illərdə nələri yaşamışıqsa hər dəfə eyni hissləri keçirirəm. Çox dəhşətli duyğudur (kövrəlir).

– Başınıza gələn faciəni niyə məhz 22 ildən sonra danışmağa qərar verdiniz? Yəni niyə bu qədər gözlədiniz?

– Susmağımın səbəbi mənim gəncliyim idi. 20 yaşında gənc bir qız əsir düşsün və sonra da azad olunsun. Gələndən sonra nə danışmalı idim?! Əsirlikdə olduğum həmin səkkiz günü hər an Allaha ölməyim üçün dua etmişəm. Allahdan özümə ölüm istəmişəm. Ordan xilas olub gələndən sonra da üç dəfə özümə qəsd etmək istəmişəm. Bircə anama görə dayanmışam. Çünki anam yazıq biz əsirlikdə olanda çox zülmlər çəkib. Gəlib-gedəndən övlad soraqlayıb, bala dərdi çəkib. Deyir, “elnən gələn dərdi toy-bayram kimi qəbul etməliyik”. Mən də elnən gələn dərdi, qəbul edib susdum. Özümə qapandım, hisslərimi, o dərdi-qəmi ürəyimdə boğdum. Düzdür, illər sonra danışdım, amma deyə bilmədiklərim daha çoxdur. Elə yaşananlar var ki, insan onu dilə gətirə, unuda bilmir. Ancaq artıq 45 yaşım var, bu gündən sonra susmaqla nə olacaq ki? Həmişə düşünürəm ki, əgər insan başına gələn faciəni danışmırsa, özünə yox, millətinə xəyanət edir və yaxud erməniləri bağışlayan kimi olur. Baş verənləri danışmağa məcbur edən yeganə səbəb də budur. Mən də erməni dığalarının iyrəncliyini gizlədə bilmərəm. Gördüklərimi və yaşadıqlarımı bütün dünyaya yayıb, onların əslində kim olduğunu tanıtmaq borcumdur.

– Amma ürək də süfrə deyil axı…

– Doğrudur. Mənim ürəyimdə balaca bir mücrüm var, onu bağlayıb atmışam dərinliklərə. Ordakı sirləri həmişə həyat yoldaşımla bölüşmüşəm. Elə sözlər var ki, ona demişəm, eləsi də var deməmişəm (kövrəlir). Bilməzdim ki, o da məni tez tərk edəcək, belə tez öləcəyini bilsəydim ona hər şeyi danışardım. Bundan sonra da inanmıram o mücrü açılsın, çətin… Bəlkə Ləmanım (qızı red.) ailə qurandan sonra ona başıma gələn müsibətləri danışdım. (ağlayır).

– Başınıza gələnləri həyat yoldaşınıza danışanda reaksiyası necə oldu?

– Mən heç vaxt ailə qurmaq fikrində deyildim ta ki, İlhamla əl-ələ tutub, qərar verməyənə qədər. Həmişə fikirləşirdim ki, hansısa oğlanla ailə quraram, sözümüz-söhbətimiz düşər. Və o bircə kəlmə mənə desə ki, “sən əsirlikdən çıxmısan”, mənim həmin dəqiqə ürəyim partlayar. Allahın böyüklüyünə qurban olum, məndən gəncliyimi, toy-büsatımı, sağlamlığımı aldı. Ancaq İlham kimi bir insanı mənə hədiyyə etdi. İlham məni dərd-qəmdən, o auradan çəkib çıxartdı. Çox gözəl insan idi rəhmətlik. Məni dinlədikcə gözü yaşarırdı və axırda dedi ki, “sən kefindən ermənilərə təslim olmamısan ki… Sən Azərbaycanımızın fəxrisən”. O, mənə “qəhrəman qadınım” deyirdi. Allahımdan nə qədər razıyamsa, İlhamdan da o qədər razıyam. O, mənim ikinci Allahım olub (ağlayır).

– Qızınız başınıza gələnləri hələ də bilmir?

– Yox. Dəfələrlə yazdığım kitabı oxumaq istəyib, amma qoymamışam. O, hələ onları dərk edəcək yaşda deyil. Ancaq bir dəfə gördüm ki, kitabın internet versiyasını açıb. Qadağan elədim ona oxumağı… Bəzən elə suallar verir ki, özüm də şoka düşürəm.

– Elə isə bu gün o sirləri danışmaq məqamıdır…

– Mən bu gün sizə İlhamdan başqa heç bir kəsə danışmadığım, hətta kitabımda belə yazmadığım bəzi məqamları açacam. Bilirsən qızım, əsirlikdə biz ölümün pəncəsində idik. Orda insanları alçaldır, təhqir edir, öldürür, yandırır, güllələyir, incidir, işgəncə verirdilər. Mən başıma gələnləri kitabımda da yazmışam. Hələ elə şeylər var ki, abrıma qısılıb qələmə almamışam.

– Olar əvvəldən danışasınız?

– Xocalıya hücum olunan gün biz meşəyə üz tutduq. Buz kimi havada qarı yara-yara Ağdam istiqamətinə qaçırdıq. Qara Qayanın üstündə əsir düşdük. Erməni dığaları birdən qarşımızı kəsib, bizi atəşə tutdular. Xocalıların yükü balaları idi. Elə bir ana yox idi ki, onun bağrında övladı olmasın. Uzun sözün qısası, mən ayağımdan güllə yarası aldım. Anamı və qardaşlarımı itirdim. Sürünə-sürünə gəlib çıxdım xəndək kimi bir yerə. Uzandım ora, yanımda hamilə gəlin vardı əri ilə… 19 yaşı olardı, yazığı başından vurub öldürdülər. Təsəvvür edin, biz sürünə-sürünə gedirdik, ermənilər qarşımızı kəsib dedilər ki, “qalxın ayağa, sizi öldürməyəcəyik”. Onlar Azərbaycan dilində təmiz danışırdılar. Mən də qardaşım Elşaddan tutub gedirdim, yanımızda Valeh, bir də Qanboy adlı bir oğlan və onun 5 yaşlı uşağı idi. Bizi 3 km. piyada apardılar. Palçığa bata-bata, yıxıla-yıxıla gəlib çatdıq Əskəran rayonuna. Hamımızı üzüqoylu asfaltın üstünə uzatdılar. Özü də bizi elə yerə apardılar ki, bütün “nayomniklərin”, hərbçilərin, döyüşçülərin, yığışdığı yer idi. Əvvəl elə bildim ki, qadınlardan təkcə mənəm əsirlikdə. Düşüb orda nə qədər qız- gəlinlərimizi gördümsə, dəhşətə gəldim.

– Təxminən neçə nəfər idiniz əsirlikdə?

– 50 nəfər uşaq-qadın, bir 70 nəfər də qoca-cavan vardı. Hamını bir otağa yığmışdılar. Bu hələ təkcə Əsgəran polisinin zirzəmisində idi. Hələ kəndləri demirəm. Xocalıda mindən çox adam əsir düşmüşdü.

– Əsirlikdə gördüyünüz ermənilərdən kimləri xatırlayırsınız?

– Monte Melkonyan var idi. O, ABŞ-dan gələn şərəfsiz idi. Onun da ABŞ-dan gəldiyini bir dəfə soyqırımla bağlı müstəntiqə izahat verəndə, şəklini göstərdilər. Onda dedim ki, mən bunu görmüşəm. Melkonyan da erməni şərəfsizlərin qəhrəmanıdır. Hətta o öləndə ermənilər İrəvanda 3 gün ona matəm elan etmişdilər. O şərəfsiz xocalılara çox zülm edirdi. O, ASALA terror təşkilatının rəhbərlərindən biri idi və xaricdən gələn muzdlu döyüşçülərə başçılıq edirdi. Hətta biz İbad Hüseynovla bir dəfə tədbirdə görüşəndə o dedi ki, “Monte Melkonyanın başını mən kəsmişəm”. Mən inanıram, ürəkli oğlandı, kəsər də, hələ o yana da keçər. Hələ deyirdi ki, “qanını da içmişəm”. Ancaq mən İbada dedim ki, “gərək, onun qanını içməzdin, onların qanı murdardır, haramdır”. Mən torpağı qazıb, erməninin qanını ora dolduraram, amma içməyə itə də vermərəm. Səkkiz gün əsirlikdə qaldığım müddətdə bir Melkonyan idi, bir də Əskəran Yanğınsöndürmə İdarəsinin rəisi Karo bizə qan uddururdular. Xocalılar fədakardır, dözümlüdür, igiddir. Təsəvvür edin ki, mən Ağdam tərəfə gələndə bir dənə qadın görmədim. Hamısı Xocalı faciəsindən sonra qorxub qaçmışdılar. Ancaq Xocalının qadınları elə deyildi, kişilərini qoyub qaçmadılar. Mən də o qadınların biriyəm, qardaşımı tək qoyub çıxmadım.

– Qardaşınız sizin işgəncələrə necə dözürdü?

– Biz əsir götürüləndə qadınları kişilərdən ayırdılar. Həmin gün mən əlimi Elşaddan üzdüm. Səkkiz gün əsirlikdə qaldım. Elşadla ancaq buraxılan gün gördüm. Orda Vitaliy Balasanyan var idi. O, Allahverdi Bağırovla əsirlərin dəyişdirilməsində əlaqə yaratmışdı və rəhbərlik edirdi. Deməli, getməmişdən bir gün qabaq Vitaliy məni yanına çağırıb, məktub yazdırdı, dedi ki, “buraxacam səni”. Mən də dedim ki, “qardaşım Elşadı da buraxın, çünki ondan başqa heç kimim qalmayıb, bütün ailəm qırılıb. Heç olmasa mənə Elşadımı verin”. O da qayıtdı ki, “əgər öldürməyiblərsə baxaram”. Nəsə, Vitaliy Elşadı gətirdi. Mən demişdim axı “Elşadsız getməyəcəm. Məni öldürün, ancaq onu buraxın”. Elşad məndən bir yaş kiçikdir, onu özümdən də çox istəyirəm. Elşadı gətirəndə üzü-gözü yaman gündə idi. Onu görən kimi diz üstə çökdüm; yaqlarından öpdüm. Ermənilərdən biri böyrümdən təpik vurub məni yıxdı yerə və söyməyə başladı. Ona şükür edirəm ki, Elşadın gözü önündə məni alçaltmadılar. Bu günün özündə də o günləri xatırlayanda ona sevinirəm.

– Sizi Elşadın gözü önündə alçaltmasalar da, səkkiz gün ərzində çox işgəncələr verdilər…

– Bəli… Yeddi gün idi döyülürdüm, əlimi başıma vura bilmirdim.Bax, bu sümük hələ də şiş qalıb (alnındakı çapığı göstərir). Amma bir biclikləri vardı, üzümə vurmurdular. Hələ bunu da deyim ki, o şərəfsiz Melkonyan həmişə içkili olurdu, it iyi verirdi. Gəlib mənə deyirdi ki, “böyrəyini çıxaracam, səni şikəst edəcəm”. Sonradan öyrəndim ki, hətta narkotik də çəkirmiş. Cavan qız idim, başıma min oyun açdılar, danışılası deyil.

Bizim elə ürəkli oğlanlarımız var idi ki… Karo adlı erməni vardı, Faiq Əliməmmədov adlı igidimizə dedi ki, “de ki, Qarabağ Ermənistanındır”. Faiq də erməninin üzünə tüpürüb “Qarabağ bizimdir” dedi. Karo onu yerindəcə güllələdi.
Bir dəfə məni böyük bir otağa aparıb oturtdular, bir erməni də başımın üstündə dayandı. Qapı açıldı, içəri 5-6 nəfər bizimkilərdən saldılar . Təsəvvür edin, onları mənim gözümün qabağında necə döydülərsə… Əlimi üzümə tutub ağlayıram, əlimə dubinka ilə vururlar ki, bax. Gözümü yumuram, başıma vurur ki, aç gözlərini… Mənə verdikləri işgəncələri onlara, onlarınkını isə mənə göstərirdilər. Dəhşətli anlar idi.

– Elşadla əsirlikdən çıxanda sizi kimlər qarşıladı?

– Bütün qız-gəlinlər dəyişdirilmişdi, bir mən qalmışdım şərəfsizlərin əlində. Bizi Ağdamın Qarağacı qəbiristanlığında iki kiçik qardaşlarım Elman və Eldəniz, bir də atamın qohumları qarşıladı. Birinci anamı soruşdum, çünki əsirlikdə onun ölüm xəbərini almışdım. Gəldim nənəmdən soruşdum, dedi “yox, ölməyib, anan yaralanıb, hospitaldadır”. Ona da inanmadım. Gecəni birtəhər yola verdim. O qədər həyəcanlı idim ki, quş kimi çırpınırdım. Səhər elə bilirdim ki, bizi aldadırlar, qəbiristanlığa aparacaqlar. Ancaq anamı görəndə sakitləşdim. O, bizi görəndə tanımadı. Çünki vəziyyəti çox ağır idi.

– Müsahibədən öncə söhbət edəndə dediniz ki, ətrafda hamı sizi görəndə barmağını uzadıb deyirmiş ki, “əsirlikdən çıxan qız”…

– Bax, o, mənə yaman pis təsir edirdi (kövrəlir). Gənc qız idim, çıxırdım eyvana məni görən deyirdi ki, “bax, əsirlikdən gələn qız odur”. Elə o binada adım “əsirlikdən gələn qız” qalmışdı. Hamı mənə təəccüblə baxırdı. Onlara maraqlı gəlirdi ki, “görəsən, ona nə ediblər? Ordan necə sağ çıxa bilib?”. Yəni pis münasibət də var idi, yaxşı da.

– Sağ qalmağınız həqiqətən də möcüzə olub.

– Allah bizi anamın kimsəsizliyinə bağışladı. Fikirləş ki, 20 yaşlı arıq, gənc qızın bütün paltarlarını əynindən çıxarıb, lüt bədənini təpikləyirlər. Məni 3-4 erməni o qədər döymüşdü ki, elə bilmişdilər ölmüşəm, götürüb atmışdılar qarın üstünə. Çöldə don vurmuşdu məni, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü neçə saatdan sonra açmışam, onu təkcə göydəki Allah bilir. Ancaq gecə qaranlıqda gözümü açanda, məni saçımdan tutub sürüyən erməni dedi ki, “sən hələ ölməmisən?”. Hissiyyatım tamamilə yox idi, əlimi əlimə vururdum, heç nə hiss etmirdim. Bircə dilim tərpənirdi. Onu da deyim ki, mən girov düşəndə əynimdə qırmızı paltar, ağ gödəkcə vardı. Onu istəyirəm ki, bir film çəkilsin, Dürdanə obrazını oynayan qıza mən o qırmızı paltarı özüm geyindirim, saçını öz saçım kimi edib, onu özümə oxşadım. Elə istəyirəm ki, kitabım əsasında bir film çəkilsin. Yazdığım o kitabda da hər cümləmin arxasında bir sirr var (doluxsunur).

– Təsadüfən kiminsə əynində eynən həminki gün geyindiyiniz qırmızı paltar ağ gödəkcə görəndə hansı hissləri keçirdirsiniz?

– Pis oluram (kövrəlir). Bir də bilirsiniz nə görəndə pis oluram? Televizora baxanda qara maska taxan adam görəndə çox qorxuram. İndinin özündə adicə birinin əlində bıçaq görəndə qorxuram. Çünki əsirlikdə olanda o bıçağı dəfələrlə mənim boğazıma söykəyirdilər. Bıçaqla üstümə gələndə elə qorxurdum ki… həm qorxurdum, həm deyirdim ki, “kaş öldürəydilər məni”. Təsəvvür edin ki, erməni dığasının biri gənc qızın boğazına ip keçirib, aparıb unitaza bağlaya və yaxud da buz kimi su doldurulmuş vannanın içində lüt vəziyyətdə 2-3 saat saxlaya, sonra da onu nazik zəncirlə döyə… Mənə ən çox ağır və ən çox təsir edən bilirsiniz nə idi?

– Nə?

– O ki, məni Xankəndindən Əskərana aparanda soruşdular ki “eviniz hardadır?”. Xocalı da Əskəranla Xocavəndin ortasında idi. Nəsə… evimiz yol qırağında idi deyə göstərdim. Aparıb, öz həyətimizdə döydülər. İnan ki, Karo adlı erməni məni döydükcə, o şərəfsizin ayağının altında ilan kimi qıvrılırdım. Bütün ermənilər də bizi dairəyə almışdı. Bax, heç vaxt onu unutmaram.

– İlhamla evlənəndə ağ gəlinlik geyindiniz?

– Yox, geyinmədim. Nə ağ gəlinlik, nə toy, nə də xına gördüm. Heç nə görmədim (ağlayır). Heç özüm də istəməzdim geyinim. Gəlin köçən qız üzü duvaqlı köçür. O duvaq gəlinin ismətidir. Mən onu erməni əsirliyində itirdim.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

13519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv