!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalının QIRMIZI QARI - Bir gecədə 5 şəhid verən ana: “Dedilər, uşağı boğ, yoxsa ermənilər yerimizi biləcək”

!Reklam – Yazi

Biri vardı, biri yoxdu, Xocalı adlı möhtəşəm bir şəhər vardı. Şəhər o qədər gözəl idi ki, yemə-içmə, tamaşasına dur. Bu şəhərin oğul-uşağını, nəvələrini başına yığıb, şad-xürrəm ömür sürən Həsrət ana adlı bir sakini də vardı. Elə bil qəfildən çərxi-fələyin dövranı tərsinə döndü, xoşbəxt ömür sürdükləri yerdə ermənilər onların torpağına göz dikdilər və Xocalıya basqın edib, onu hər tərəfdən mühasirəyə aldılar. Məqsədləri camaatı qırmaq, Xocalını yerlə-yeksan etmək idi. O ərəfədə ağır hərbi texnikanın yerləşdirildiyi Xocalıda hər kəs səksəkə içində yaşayırdı. Amma bununla belə torpağı qoyub qaçmırdılar. Soyuq bir qış günündə, fevralın 25-dən 26-a keçən gecə qara yellər əsdi, o erməni soylu yağılar və “366-cı” rus alayının qaniçən əsgərləri şəhərə hücum çəkib, onun külünü göyə sovurdular. Artıq “bıçaq sümüyə dayanmışdı”, camaat şəhəri tərk etməliydi, yoxsa dinc əhali qanlarına qəltan ediləcəkdi. Onsuz da edildilər də.

Gecə saat 11 olar- olmaz, bayırda vay-şivən qopdu, mal-qaranın səsi itlərin hürüşməsinə qarışdı, hamı ayaqyalın- başaçıq evdən bayıra qaçdı. Həsrət ananın gəlini Zərifə 23 günlük körpəsini əmizdirirdi, qıymadı balasına, elə döşü uşağın ağzındaca evdən çölə qaçdılar. Hamı kimi ana, əri Qaçay, gəlini Zərifə, oğlu Tahir, nəvələri 6 yaşlı Həmayil, 4 yaşlı Lalə də ayaqyalın camaata qarışdılar; başına döyüb, üzünü cıran, saçını yolan kim, qorxudan özündən gedən kim. Amma dayanmaq vaxtı deyildi. İnsanlar Qarqar çayını keçib, meşəliyə girdilər. Həsrət ana da ailəsi ilə birgə çayı keçdi və geri dönüb baxanda gördülər ki, Xocalı yanır, alovları ərşə dirənib. Qaçay kişi gördüyü mənzərəyə dözməyib, yerə çökdü və başına-başına döyüb, üzünü torpağa sürtdü. Başını itirən camaat elə o alovun işığıyla da ağzıyuxarı qaçmağa başladı. Amma onları qarşıda məşəqqətli saatlar gözləyirdi. Azğın erməni pusquda dayanmışdı, meşəboyu qarşısına çıxan hər kəsi qanına qəltan edirdilər; nə qocaya rəhm edirdilər, nə südəmər uşağa, nə də qız-gəlinə. Həsrət ana 4 yaşlı Laləni kürəyinə sarımışdı, gəlini isə 23 günlük südəmər körpə ilə qaçırdı. Amma qorxu və soyuqdan Zərifədə taqət qalmamışdı. Yolda dedi, ana, daha gücüm yoxdur, gəl körpəni sarıyım belinə, bir az da sən apar, mən də Lalənin əlindən tutum. Hələ o vaxta qədər bir nəfər kişinin qabağında yaşmaqsız dayanmayan Həsrət ana həyatında ilk dəfə yaşmağını açdı və başının şalı ilə nəvəsini belinə sarıdı. Dik yeriyirdi, erməninin gülləsi də leysan kimi başının üstündən yağırdı, amma nə sirdisə, güllənin biri də ona dəymirdi. Elə bil Allahın o, 23 günlük körpəyə yazığı gəlmişdi. Birdən meşəyə atılan mərmilərdən ara qarışdı, ailə pərən-pərən düşdü, 12 qız-gəlin, bir də körpəylə qalan Həsrət ana bir də gördülər ki, mühasirədədirlər. Tez yerə yatıb, sürünə-sürünə özlərini yaxınlıqdakı kolluğun içinə yıxdılar. Baxdılar ki, ermənilər ortalığa vedrə qoyub kolluqda, meşəlikdə gizlənən xocalıları çağırırlar ki, gəlin, nəyiniz varsa, tökün bu vedrənin içinə, sizi öldürməyək. Amma yalan danışırdılar, çünki vedrəni pul, qır-qızılla dolduran kimi həmin adamların düz başlarından “atırdılar”. Gözlərinin qabağında ermənilər meyitlərin əyin-başını çıxarır, ciblərini boşaldırdılar. Bir şey də tapmayanda gülləni meyidin qarnına doldururdular. Bununla da ürəkləri soyumayıb, “axmaq türklər, sizi belə gəbərdəcəyik”, – deyib binəva cəsədləri təpikləyirdilər.

Bunu görən Həsrət ananın yanındakı gəlinlərdən birinin ürəyi getdi. Dörd saat yerindən tərpənməyən Həsrət ana əlini körpənin ağzına dayadı ki, ağlayıb, onları ələ verməsin. Qız-gəlin ona dedi ki, uşağı boğ, yoxsa ermənilər yerimizi biləcək. Nənənin buna əli gəlmirdi; o alt köynəyini çıxarıb, uşağın bələyini dəyişən kimi körpə şirin yuxuya getdi. Körpə nənəsinin köksünə qısılıb, mışıl-mışıl yatırdı. Amma daha nənədə dözüm qalmamışdı, ermənilərin meyitlərlə faşistcəsinə davranışları onu özündən çıxarırdı. Birdən pəzəvəng bir erməni qanına qəltan olmuş gənc qadının paltarlarını əynindən çıxarıb, meyidin üzərinə uzandı… Bunu görən Həsrət ananın gücü özünə çatdı; saçını yolub, üzünü cırdı. Körpə nəvəsi olmasaydı, gördüyü mənzərədən az qala havalanan qadını saxlaya bilməyəcəkdilər. Tanrı onun tərəfində imiş, meşəlikdən atılan güllələrlə ortalığın qarışması bir oldu. Xocalının oğulları idi, ov tüfəngiylə atırdılar ki, qarışıqlıqdan istifadə edib, mühasirəyə düşən qız-gəlin irəliyə qaça bilsinlər. Elə qaçdılar da…

…Huşunu itirən Həsrət ana kürəyinə sarıdığı 23 günlük nəvəsinin çığırtısına gözünü açanda gördü ki, hər tərəf qıpqırmızı qarla örtülüb. Qar da qırmızımı olar?. Əvvəl elə bildi gördükləri yuxudur, ayağa qalxanda baxdı ki, ətraf qalaq-qalaq yığılmış meyitlərlə doludur. Gördüyü mənzərədən dəhşətə gələn ana ayağının altında qalan meyitləri tapdalaya-tapdalaya qaçdı. Onu yalnız bir şey düşündürürdü; xilas olmaq və balasının yadigarını sağ-salamat Ağdama çatdırmaq. Həsrət ana sonradan öyrənir ki, nəvəsi 4 yaşlı Lalə ölmüş anasını yatmış bilib, meyitlərin üst paltarını çıxarıb, onun üstünə töküb ki, soyuq olmasın.Yanındakılar nə illah eləyiblər, uşağı anasının yanından aralaya bilməyiblər; deyib ki, anam durub, məni özü aparacaq. Ermənilər anası kimi onu da qanına qəltan ediblər. Milli Qəhrəman Çingiz Mustafayevin başı üzərinə qaldırdığı və üzünü sinəsinə sürtüb, ağladığı ağşərfli uşaq həmin Lalə idi. O gecə Həsrət ananın həyat yoldaşını da ermənilər başından vurdular. Kənd camaatından görən olmuşdu; erməni tüfəngini onun başına dirəyib, deyirmiş, səni öldürüm, yoxsa sağ buraxım, deyib, ə, daha öldürmək necə olur, elə ölmüş kimiyəm də, heç bilmirəm, oğlum-uşağım hardadır? Ermənilər zarafatlaşa-zarafatlaşa gülləni başına çaxmışdılar. Oğlu Tahirin böyrəyini deşən güllə yarasından axan qanı 6 yaşlı qızı Həmayil paltarıyla silib. Ölümcül yaralansa da, qonum-qonşu Tahirə deyib ki, gəl səni alıb qucağımızda aparaq. O isə razı olmayıb, deyib, onsuz da mən dirilən deyiləm, elə qızımı aparın, bəsimdir. Nə illah eləyiblər, Həmayili də atasının yanından ayıra bilməyiblər. O da erməni gülləsinin qurbanı olub. Bütün bunları anaya Ağdama çathaçatda qonşusu danışıb. Bir gecədə bir ömrün acısını yaşayan, beş şəhid verən Həsrət ana 23 günlük körpəsini sağ-salamat Ağdama çatdırıb. Düz 25 ildir ki, Bakıda yaşayan dərdli ana bu illər ərzində qar üzü görməyib. Qar yağanda pəncərələrinə qalın pərdə çəkdirib, çünki Xocalıda olduğu kimi qarı qırmızı görəcəyindən qorxub. Yuxularında da qarı qırmızı görür, Həsrət ana. Bir dəfə yuxusunda şəhid Laləsinin ona atdığı qırmızı qartopunu görəndən sonra düz bir ay xəstə yatıb. Amma “yuxular tərsinə yozulur”, -deyən ana xəyalında Xocalını yenidən tikib-qurur. Deyir, indi Xocalı əvvəlkindən də yaraşıqlı, gözəl şəhər olub, ormanı-meşəsi, bulağı-şəlaləsi, dağı-yamacı Qarabağa bəzəkdir, “lap ölüb, qalmalı yerdir”. Ana xəyalında tez-tez Xocalıya gedir, qırmızı kirəmitli evlərinin açıq eyvanında qayınanasından qalma qədim mis samavara od salır, rəhmətlik oğlu Tahirsə örüşdən haylayıb gətirdiyi mal-qaranı evin arxasındakı tövləyə salır…

Elə bu xəyalla da yaşayır. Xocalıya getməkdən ötrü burnunun ucu göynəyir, ananın. Deyir, o günə lap az qalıb, bir səhər gözünü açanda fələyin çərxiylə özünü Xocalıdan keçib, Ağdamda gördüyü kimi, bir səhər də gözünü açanda özünü Xocalıda görəcək, amma o yerlərə ayrı cah-cəlalla gedəcək.

Və göydən üç alma …

Yox, yox, mənim nağılımın alması yoxdur. Ona görə ki, sizə söylədiyim var olan bir şəhərin var olan sakini, bir gecədə beş şəhid verən bir xocalılının gerçək nağılı idi. Gerçək nağılların isə alması olmur, atam balası.

 

Cəvahir Səlimqızı
Xüsusi olaraq Yeniçağ.az üçün

www.yenicag.az

1255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv