Xoşqədəmin verilişinin qəfil bağlanmasının sirri

Xoşqədəmin verilişinin qəfil bağlanmasının sirri

Müəllif: Redaktor

Baş Redaktor

236066Azərbaycan xalqı Xoşqədəmi “Səni axtarıram” verilişinin gözlənilmədən bağlanmasının şokunu yaşayır. Yolda-izdə, çayxanada, marşrut avtobuslarında, sosial şəbəkələrdə, bir sözlə, orta statistik azərbaycanlının bulunduğu hər ortamda müzakirə mövzusu indi MTRŞ-in məlum qərarıdır.

Hətta manatın devalvasiyası belə, bu qədər əks-sədaya, rezonansa səbəb olmamışdı. Heç nefin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanı sosial-iqtisadi baxımdan gözləyən təhlükələr belə, cəmiyyətdə belə müzakirə, həyəcan, təəssüf, əndişə yaratmayıb. Zənn edərsən ki, “Səni axtarıram” öz siyasi, ictimai, sosial və mədəni funksionalllığından məhrum olmuş, daha doğrusu, məhrum edilmiş Azərbaycan toplumunun “oksigen balonu”dur, indi onun “partlaması” xalqımızı havasızlıq təhlükəsi ilə üz-üzə qoyub.

Bir çoxları elə danışır, sanki bu verilişin bağlanması ilə yaşamaq üçün heç bir səbəbləri qalmayıb. Bəli, bu faciəvi situasiyadır, amma nə etməli – həm də reallıqdır. Acı, üzücü, kədərli reallıq.

Amma indi biz daha çox Xoşqədəmin məlum və məşhur verilişinin niyə (həm də gözlənilmədən, qəfil!) bağlanmasının səbəbini axtarmağa çalışacağıq.

MTRŞ öz qərarını belə izah edir: “…sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq…”

“Səni axtarıram”la bərabər, bağlanan digər veriliş “Sən tək deyilsən” əslində hər nə qədər peşəkarlıq kiriteriyaları ilə ziddiyyət təşkil etsə belə, bunu onların bağlanması üçün əsas saymaq olmaz, elə MTRŞ-in səbəb olaraq digər nüansları da! Çünki həmin nüanslardan çıxış etsək, gərək Azərbaycan telekanallarında bir dənə də veriliş qalmasın, hamısı bağlansın.

Fikrimizcə, MTRŞ-in məlum qərarının sirri əslində adıçəkilən proqramların gecə-gündüz mədh olunan, haqqında bəlağətlə danışılan “analoqsuz iqtisadi inkişaf”la “ayaq uydurmamasıdır”. Bu verilişlərdə bəzən bayağılıq və şitlik həddinə çatsa da, əslində Azərbaycanın sosial-iqtisadi durumunun nə qədər acınacaqlı olduğu aydın görünürdü. Onlar minlərlə azərbaycanlının – “neft və milyonlar səltənəti” vətəndaşlarının çörək dalınca yad ellərə üz tutmaq məcburiyyətində qalmasından sağlamlıq problemlərini həll edəcək səviyyədə belə maddi imkanları olmamasınadək, çoxsaylı real problemlərin varlığını çılpaqlığı ilə ortaya qoyur, beləcə, dolayı da olsa “analoqsuz iqtisadi inkişaf” haqqında deyilənlərin nağılçılıqdan başqa bir şey olmadığını aydın şəkildə gözlər önünə sərirdi.

Bu verilişlər hakimiyyətin “çiçəklənən Azərbaycan” təbliğatını şüuraltında da olsa darmadağın edir, ölkə insanlarının irili-xırdalı nə qədər problemin altında əzildiyini göstərirdi. Onların iştirakçılarının danışdıqları ilə rəsmilərin dedikləri 180 dərəcə bir-birinə ziddiyyət təşkil edir, bununla da rəsmi təbliğatla reallıq arasında nə qədər dərin uçurum olduğuna şübhə qalmırdı.

Qısası, MTRŞ səbəb olaraq nəyi göstərir göstərsin, əminik ki, adıçəkilən verilişlərin bağlanmasının gerçək sirrini məhz bunda axtarmaq lazımdır(qaynar.info).

Media, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti