‘‘Xoşuna gəlmədi ki, niyə ona “Şöhrət ordeni” vermisən?’’ – Fikrət Qoca son arzusunu açıqladı – Müsahibə

‘‘Xoşuna gəlmədi ki, niyə ona “Şöhrət ordeni” vermisən?’’ – Fikrət Qoca son arzusunu açıqladı – Müsahibə

Müəllif: Redaktor

Baş Redaktor

“Sevgi gözəl bəladı,
Bəlası mənə gəlsin.
Onsuz həyat zülmətdi,
Zülmətli günə gəlsin.
Yazığı gəlsin mənə,
Dolansın, yenə gəlsin.
Ən qədim dindi sevgi,
Bu dünya dinə gəlsin.
İnsandan bu dərd qalır,
Ömür gəldi-gedərdi…
Yarəb, heç vaxt nadana
Qıyma bu gözəl dərdi”…

Xalq şairi Fikrət Qoca incə ruhlu, düşüncəli, əqidəli şairdir. Onun bənzərsiz və zəngin yaradıcılığı poetik duyğuların poeziyasıdır.

İllərlə gözəl misraları muncuq kimi ard-arda düzən Fikrət Qoca ilə Azərbaycan Yazıçılar Birliyindəki kabinetində görüşdük. Əslində, şairlə bayramdan öncə görüşməliydik. Sadəcə, onun səhhətində problemlər yarandığı üçün görüşümüz bir az yubandı. Həftənin ilk günü onunla zəngləşdik və bizi AYB-yə dəvət etdi. Və biz görüşdük…

Fikrət Qocanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik:

– Fikrət bəy, xoş gördük sizi…

– Xoş gününüz olsun. Gec də olsa Yeni ilinizi təbrik edirəm.

– Görüşümüz səhhətinizlə bağlı yubandı. Səhhətiniz indi necədir?

– Hə, onda səhhətim yanımda deyildi (gülür).

– Haralarda idi?

– Səfərdə …

– Qayıda bildi, yoxsa hələ də səfərdədi?

– Hə, qayıtdı… (gülür)

– Özünüz necə, bu yaxınlarda xarici səfərə getmək fikrində deyilsiz ki?

– Ay qızım, mənim bir xarici səfərim qalıb, o da o biri dünya (kövrəlir). Arada o “səfərə” gedib-qayıdıram. Əslində, “xarici səfər”siz mümkün deyil. Çünki nə qədər köhnə yuxu kimi hər səhər açıb qapını eyni şeyi görəsən, eyni həyatı yaşayasan.

– Nə yaman tələsirsiniz?

– 82 yaşındayam. Adam utanır axı… cavanlar gedir dünyadan. Yaşamağın da ləzzətini görəsən gərək.

– “82 yaşındayam”, dediniz. Bu yaşa qədər yazıb -yaratmadığınız nələrsə qalıb və ya yaradıcılığınızdan tam razısınız?

– Vallah, razı olsaydım daha niyə yaşayırdım ki? Razı olmamışam indiyə kimi. Bu gün də razı deyiləm, amma bacardığım budur. Nə bacarmışamsa, onu da etmişəm. Bundan artıq da adam öz başından yuxarı atıla bilməz. Mən bacardığımı etdim. Ancaq görmədiyim çox iş qalıb.

– Məsələn nə iş?

– O qədər xatirələr, şeir mövzuları, yazmadığım yarımçıq poemalar, yazılar var ki… Nəsr əsərlərim qalıb. Çox şey görmüşəm, dünyanın 6 qitəsindən 4-nü gəzmişəm. Bir Antraktidada olmamışam, bir də Avstraliyada.

– Yazmadığınız hansı xatirələr qalıb?

– Gördüyüm hər şey xatirədir. Hətta bir yarpağın rəngi də xatirədir. Hər kəs öz gözü ilə görür dünyanı. Amma mənim gördüyüm kimi heç kəs bu dünyanı bir daha görməyəcək. Sizin barmağınızın izi təkrarolunmaz olduğu kimi, gördüyünüzün də təkrarı yoxdur. Mənim də elə… Biz ikimiz oturub söhbət edirik, elə bilirik ki, hər şeyi eyni cür görürük. Eyni cür baxırıq, amma başqa-başqa yerlərdə və başqa rəngdə görürük.

– Yaman xatirələrdən danışırsınız. Bəs yazdığınız şeirlər sizə kimi xatırladır?

– Gördüyüm insanları, hər şeyi… Şeir rəngdir, özü də bir rəng deyil. Göyqurşağı kimidir. Təbiətin, qadının, kişinin, hətta hər kəsin dayandığı yerin, onun fonunun… bunların hamısının əhəmiyyəti var.

– Söhbət əsnasında nəsrdən bəhs etdiniz. Bizim ədəbiyyatda nəzm öndədir, ya nəsr?

– Hər ikisi gedir. Onların önünü kim müəyyən edə bilər ki? Heç kəs. Çünki ədəbiyyat məkanı metrlə, santimetrlə, kilometrlə ölçülmür. Bunun başqa məkanı var, başqa da səviyyəsi var. Çernişevskinin bir sözü var: “Ədəbiyyat həyatın təkrarı deyil”. Amma ədəbiyyat eyni zamanda həyatdan o qədər uzaq deyil ki, onu təkrar etməsin. Ədəbiyyat həyatla istedadın arasındakı məsafədir. Ədəbiyyat odur. Yoxsa sən təbiəti təkrar etmək istəsən çox aciz görünərsən. Təbiətin rəngi çoxdur, onun rəssamı Allahdır. Ən böyük rəssamdır (şəhadət barmağı ilə yuxarıya işarə verir). Sənsə öz gördüyünü, öz hiss etdiyini deməlisən.

– Qorki adına Ədəbiyyat İnstitutunda oxumusunuz. O mühitlə, bu mühitin fərqi nədədir?

– Fərqi insanlarında. Yəni mən orda da həmin Fikrət idim, burda da həmin Fikrətəm. Orada altaylı şair dostum oxuyurdu Boris Lesanov, Voloqdan Vasiliy Belov, əvvəl şair idi, sonra nasir oldu. Yəni hərə öz ağlı, öz düşüncəsi ilə gəlmişdi. Orada qırx nəfər tələbə idik. Hərəsi başqa-başqa respublikalardan idi. Qamadan, Yəməndən, bir çox ölkələrdən tələbələr vardı. Fərq onda idi ki, biz siyasət keçmirdik. Ədəbiyyatdan və dünya ədəbiyyatından söhbət açırdıq. Biz bir az yuxarıdan baxırdıq. Burda olanda bir az yuxarı qalxıb Azərbaycanı, bir qat yuxarı qalxanda keçmiş SSR-ni, ondan yuxarı qalxanda dünyanı və onun gözəlliyini, bütövlüyünü, lap yuxarı qalxsaq Yer kürəsinin fırlandığını görürük.

– Oxuduğunuz institutda azərbaycanlı şairlərdən kimlər təhsil alıb?

– Səyavuş Məmmədzadə tələbə yoldaşım idi, İlyas tərcüməçi-şair. Çox adamlar var idi. O institutu əksəriyyəti keçib. Bizdən əvvəl Əli Kərim, Cabir Novruz oxumuşdu.

– 1967-ci ildə bir poema yazmışdınız. “Azərbaycan” jurnalına da vermişdiniz. Onu çap etdirə bildinizmi?

– Bəli, keçən il etdirdim.

– Fikrət bəy, illərdir yazıb-yaradırsınız. Hansı şeiri şah əsəriniz hesab edirsiniz?

– Ay qızım, sənin çoxlu balaların olacaq. Onları fərqləndirəcəksən ki, bu, “şah əsəri”dir, bu birisi yox? (gülür). Heç vaxt fərq ola bilməz. Övlad övladdır da. Bəzən şikəstini daha çox istəyirsən. Çünki o hərəkət edə bilmir. Çox çətindir (fikrə gedir). Əslində, fərq bilirəm. Mənim kimi şeirimin, ədəbiyyatda olan yazılarımın nöqsanını görən heç kim yoxdur. Şairdən yaxşı öz nöqsanını görən çox nadir adam olar. Çünki mən bunu yazmışam. Mən bilirəm ki, nəyə layiqdir, nədir. Amma olduğumdan artıq özümü göstərmək istəmərəm.

– Şeirlərinizdən söz düşmüşkən, cavanlıqda yazdığınız bir şeir diqqətimi çəkdi:

“Bahar gəlir,

Yarpaqlar dolmalıq olur,

Qızlar yeməli.

Evdə nə oturmusan, ay dəli!”

– Elə indi də o sözü deyirəm (gülür). Evdə niyə oturmalısan, a bala? Bu ömürdür… gedir. Bəlkə sənin taleyin küçədən, yanından keçir. Evdə oturmaq ağılsızlıq əlamətidir. İnsan hərəkətdə olmalıdır. Su dayananda nə olur? Bulanır, lillənir, çirk bağlayır. İnsan gərək su kimi yaşasın: saf və təmiz. Allah qızlarımızı da, oğlanlarımızı da həmişə şirin eləsin. Bir-birinə xoş və saf münasibətdə olsunlar. Çünki mənim yüz şeirimdən bir övlad yaxşıdır. İnsandan müqəddəs şey yoxdur. İnsanın cavanı lap gözəldir. Ona görə də qədrinizi bilin, siz çox qiymətlisiniz. Heç kəs heç kəsin gələcəyini bilmir. Onun üçün də özünüzə hörmət edin. Heç kəsi qısqanmayın və fikirləşməyin ki, kimsə sizdən artıqdır.

– Deyirsiniz ki, “bəlkə sənin taleyin küçədən, yanından keçib gedir”. Siz, xanımınızla necə tanış olmusunuz?

– Biz meşədə görüşmüşük. Əvvəllər bizim yaşımızda may günləri qeyd olunardı. Camaat “mayovka” deyirdi. Həmin günlərdə təbiət qoynuna gəzintiyə çıxardılar. Mən də Bakıda işləyirdim, amma atam, anam rayonda olduğu üçün tez-tez evimizə gedirdim. Orda da gəzməyə Kürün qırağından başqa yaxşı yer yox idi. Getdik Kür meşələrinə gəzməyə… Bir qohum vardı, o dedi ki, tüfəngi də götür. Arada quş ovlayırdım. Günorta vaxtı idi, o saatlarda da quş ovlamazlar. Tüfəng də belədir ki, yapışırsan ondan və məcbur olursan gəzməyə. Nəsə gəzəndə gördük ki, hamı öz ailəsi ilə dincəlir. Və bir tanış ailə rast gəldi bizə. Bunlar da tonqal qalamışdılar, kabab bişirməyə hazırlaşırdılar. Bizə yaxınlaşdılar ki, hamımız bir yerdə oturmalıyıq. Biz də oturduq. Həmin ailənin qızı da (həyat yoldaşını nəzərdə tutur– red) Bakıda oxuyurmuş. Elə oldu ki, evdəkilərlə görüşüb səhəri Bakıya qayıdanda qızın atası dedi ki, “Bakıya gedirsənsə, maşında boş yer varsa bizim qızı da götür”. O gələn, o gəzməyə aparan… hələ də gəzirik (gülür).

– Qayıdaq yenə xatirələrə… Elə bir xatirəniz varmı ki, onu xatırlayanda kövrəlir və yenidən yaşamaq istəyirsiniz?

– Yenidən yaşamaq mümkün deyil, o hissləri qaytarmaq çətindir. Xatirələrim çoxdur, yadıma düşəndə hamısı pərən-pərən düşüb qaçır. Yeni poema yazmışam “Dağınıq duyğular”. Zaman, dövr haqqındadır. “Azərbaycan” jurnalının yəqin ki, 2-ci nömrəsində çap olunacaq. Orada öz duyğularım, həyatım, bütün dünyadakı hadisələrdən yazmışam.

– Deyəsən, duyğularınız çox dağınıqdır?

– Hə, elədir…

– Fikrət bəy, bu qədər şeirlər arasında xanımınıza neçə şeir həsr etmisiniz?

– Çox… O, elə bilir ki, bütün məhəbbət şeirlərim ona yazılıb.

– Ondan başqasına da yazmısınız?

– Vallah gözəlliyin hamısı təqdirəlayiqdir. Elə paxıllıq olar axı, ancaq arvadını təriflə… otur. O da səni tərifləsin. Bütün gözəlliklər müqəddəsdir. Ərəblərin bir sözü var: “Gözələ baxmaq savabdır”. Düz də deyirlər. Çünki bu təbiət sizdən keçib gedəcək. Onu görmək lazımdır ki, yadda qalsın. Mənim məhəbbət şeirlərimin əksəriyyəti gözəlliklərə yazılıb. Birinin gözəlliyinə, birinin xasiyyətinə, birinin insaniyyətinə… Bunlar hamısı şeir mövzusudur. Bunları yazmasaydım, elə arvadıma, qızıma, oğluma şeir yazıb, oturardım evdə də. Kitabım da olardı cib dəftəri.

– Fikrət Qoca da hər gözələ baxdıqca şeir yazmaqla savab qazanıb…

– Hə, gizlətmirəm. Orda çoxdu şeirlər. Mənim oncildlik kitabım keçən il Dövlət mükafatı aldı. Hələ bir neçə cilddə çap olunacaq. Bir arvadı ancaq oncilddə tərifləyib qurtarmaq olar da.

– Müsahibələrinizin birində demişdiniz ki, bir də cavanlığıma geri qayıtmaq istəmirəm. Niyə?

– Yaşanmışları bir də yaşamaq istəmirəm. Çox yaxşı hadisələrlə yanaşı, çox pis hadisələr də yaşamışam həyatda. Çətin dövrü görmüşəm. Dövr çox amansız idi. Uşaqlığım II Dünya müharibəsində keçib. Bunu heç bir uşağa arzulamaram.

– Bəs Azərbaycanda bu gün qələmin hörməti nə qədərdir?

– Qananlar üçün çox böyükdür. Və bu gün şükür etməliyik. Bizə elə gəlir ki, qiymət vermirlər, ya da başa düşmürlər. Cəmi 100 il keçib, keçən əsrin 17-ci ilində bu qədər bizim ziyalımız, yazanımız, oxuyanımız vardı? Yox. XX əsrin əvvəlində, yəni 1917-ci ildə hələ məktub yazdırmaq üçün mirzələr vardı. Gedib məktub yazdırırdılar. O məktubu alan adam da mirzə yanına gedirdi ki, onu oxutdursun. İndi maşallah hamınız, gül-çiçək kimi balalarsınız, yazırsınız, oxuyursunuz. Məndən “intervyu” götürürsən, oturmusan 82 yaşlı kişini tutmusan sorğu-suala, topa-tüfəngə. Hələ arabir suallarınla sataşırsan da (gülür). Amma onu da deyim ki, bu, bizim son səviyyəmiz deyil. Bununçün müstəqillik lazım idi. Biz də bu müstəqilliyi az istifadə etmişik. 70 ili Rusiyanın qoltuğunda keçib. İndi 25 ilə yaxındır müstəqilik. Onu da boş xəzinəyə gəlmişik. Heç nəsiz, dağılmış bir ölkədən ölkə düzəltdilər. Allah rəhmət eləsin, Heydər Əliyevə. O düzəltdi, oğlu da indi səliqəyə salır, yoluna qoyur. Biz bu dövrdə, bu azadlıqda yaşayırıq, hələ özümüzü Amerika ilə müqayisə də etmək istəyirik. Axı onlar 200 ildir ki, bir Konstitusiya yazıb, bir hərfini dəyişməyiblər. Dünyanın 75 % qızılı Amerikadadır. Biz o qədər də deyilik. Gərək, pilləkən-pilləkən qalxaq da. Bir-birimizlə çalışıb, dil tapıb elə yaşamalıyıq ki, bizi çaşdırmasınlar. Türkiyə boyda imperiyanı bir dəfə dağıdıblar. İndi dişlərində şirə qalıb. Elə bilirlər ki, yenə dağıtmaq olar. Bunların başı işləmir, imperiya dağılmaz. Atalar yaxşı deyib: “Qatıq tökülər yeri qalar. Ayran tökülər nəyi qalar?”. O min illərin imperiyası olub, dünyanı idarə edib. Bunun ən çirkab vaxtı keçən əsrin əvvəlləri idi; onda da Mustafa Kamal çıxdı və arxasınca apardı camaatı. Üç böyük ölkəyə qarşı silahsız vuruşdu. İngiltərəni, Fransanı, Almaniyanı qovdular və Respublika yaratdılar. İndi də başqa bir əsrə keçən dövrdür, çalxaladırlar ki, Türkiyəni dağıtsınlar. Amma Türkiyə heç vaxt dağılmayacaq. İnanıram ki, türk dövlətlərinə gediş-gəliş yaxşı olacaq. Mən 90-cı illərə kimi dünyanın 4 qitəsini gəzmişdim, amma burdan-bura Türkiyəyə buraxmırdılar. İrana da gedə bilməmişdim. İkinci dəfə Kubada olanda məndən soruşmuşdular ki, “Türkiyədə olmusan?”. Dedim, “yox, heç olmamışam”. Dedilər, “ Kubada iki dəfə olmusan, ordan-ora Türkiyəyə getməmisən?”. Mən bəhanə tapa bilmədim deməyə. Deyə bilmədim ki, Rusiya bağlayıb yolları, buraxmırlar bizi. Dinimiz bir, dilimiz bir, qardaş xalqıq. Onlara dedim ki, çox yaxındı Türkiyə bizə, qocalanda gedəcəm. Elə də oldu. Dəfələrlə Türkiyəyə də, İrana da getdim.

– Dörd qitənin hansı daha çox yaddaqalan olub?

– Hər birinin öz gözəlliyi var. Mən hər dəfə ora “Azadlıq qəhrəmanları” ilə görüşməyə, onların xatirələrini yığmağa getmişəm. Mənim dünyanın “Azadlıq qəhrəmanları” haqqında poemalarım var. Onları yaza-yaza bizimkilərin də yadına düşüb ki, azadlıq uğrunda mübarizə aparmaq olar. Amma hər dəfə gedəndə, Kubaya Çe Gevara , Filippinə Xose Risal, Afrikaya Amilkar Kabral , Vyetnama Li Vin Tom üçün getmişdim. Bu insanlar inqilabçı olublar. Bunları yaza-yaza, hər dəfə gedəndə görürdüm ki, hər kəsin azadlığı başqadır. Hər kəsə öz azadlığı lazımdır, hər ölkənin öz adı. Dünyada bizim xalqımız üçün ən qiymətli şey azadlıqdır. Bunu qoruyub, saxlamalıyıq. Mənim iki misram var:

Bir yanda azadlıq, bir yanda yağ-əppək,
Bax, bu yerdə seçilər insanla köpək.

– Müsahibələrinizin birində Əkrəm Əylislinin “Daş yuxuları” adlı poemasını tənqid etmisiniz. Sizcə, onun bu romanı yazmaqda əsas məqsədi nə olub?

– O, bədii əsər də deyil. O əslində, bir adamın söyüşüdür, cığallığıdır. O yazıdan sizə bir misal gətirim, bir yerdə deyir ki, “Kulis kəndi 5 km. eni, 6 km uzunu, belə bir yer idi”. Bir az keçir yazıçının yadınnan çıxır yazır ki, “Əylis kəndində 12 kilsə var idi. Hər kilsənin öz bağçası…”. Bu 5-6 km. yerə 12 kilsə necə yerləşib? Üstəlik, hərəsinin də öz ərazisi.. Bura kimlər, hansı şəhərin əhalisi gəlib-gedib? Görürsən, elementar şeydir, ölç-biç. Ədəbiyyat elə-belə hoqqabazlıq deyil ki. Əkrəmin yaxşı hekayələri vardı. Çox gözəl, təbii, səmimi yazıçı idi. O, əsər yazanda yazıçı idi. Əkrəm bizimlə oxuyub. Mən onu çox yaxşı tanıyıram. İstedadlı adamdır. Bu isə təhqirdir. Adam gərək, çörəyi tapdalamaya, yediyi qaba tüpürməyə. Heydər Əliyev ona çox böyük hörmətlər eləmişdi. Ev də vermişdi, şərait də yaratmışdı. Mənə də “Şöhrət ordeni” vermişdi, ona da. Bunun xoşuna gəlmədi ki, niyə “Şöhrət ordeni” vermisən. Götürüb məktub yazdı Heydər Əliyevə. Rəhmətlik kişi də ona 65 yaşında “İstiqlal ordeni” verdi. Heç kimə 65 yaşında bunu etmirlər. Kişi dərya kimi, dəniz kimi geniş adam idi. Verdi ki, “sakit ol bala”. Dənizə hərə əlinə gələni atır. Elə bilirlər ki, çirklənəcək, xeyr, dəniz özünü təmizləyir. Bu, kişi çirk götürmürdü. İndi bu da oturub ağzına gələni yazır. Bu artıq kişi sifəti deyil. Sən, bu yazını Heydər Əliyev rəhmətə gedəndən sonra yazdın. Mən Əkrəmə hər şeyi keçərdim, amma bunu heç vaxt keçmərəm. Namərdliyin ən böyük forması budur.

– Heydər Əliyevdən söhbət açdınız. Eşitdiyimizə görə o dahi insan sizə də çox yaxşılıqlar edib…

– Heydər Əliyev hamıya atalıq edirdi. Məni ölümdən qaytarıb, o dünyadan alıb. Hamı əlini üzmüşdü. Əkrəmə də çox qayğı göstərib. Lap heç nə eləməsin, elə bil ki, o, sənin babandı, atandı, əmindi. Hörmət etməli idin, xüsusilə də o sənə naxçıvanlı kimi hörmət edirdi. Sən niyə etmirsən? O da naxçıvanlıdır da. Özü də sənin atandan, babandan, nəslindən də adlı-sanlı kişidir. Heydər Əliyev Naxçıvanın, Azərbaycanın, hətta SSRİ-nin də adını qaldırdı. Sən əksinə sevinməlisən ki, belə bir insan var. Mən özüm də onun haqqında çox yazmışam. Xatirələrim də çoxdur. İndi istəyirəm onların hamısını yığıb, kitab kimi çap etdirim.

– Son olaraq, nəsə yaddan çıxan varsa deyin…

– Demək istəyirəm ki, xoşbəxt olun, hər şey ürəyinizcə olsun. Məni də xodlayıb çıxartdınız da özümdən, daha nə yaddan çıxacaq ki…(gülür). Allah nə qədər deyəcək, o qədər də yaşayacam. Vəssalam… Ancaq bircə arzum var ki, dünyadan abırlı gedim (kövrəlir). Allah indiyədək zərrə-zərrə yığdığım ağlımı başımdan almasın.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Xəbərlər, Manşet, Müsahibə, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti