!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yad ünsürlərin təsiri altına düşən gənclərimiz…” – Toğrul Allahverdili

!Reklam – Yazi

togrulHər bir ölkənin gələcəyi onun yetişməkdə olan sağlam, vətənpərvər gənclərindən asılıdır. Sevindirici haldır ki, Azərbaycanda da milli ruhda böyüyən, vətənpərvər ruhda tərbiyə edilən gənclər yetişməkdədir. İstər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan və təhsil alan gənclərimiz Vətənin müdafiəsinə hər an hazır olduqlarını öz əməlləri, fəaliyyətləri ilə sübut edirlər. Elə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü Toğrul Allahverdili də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Toğrul Allahverdili gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində görülməsi vacib olan işlərdən də danışıb.

-Toğrul bəy, Azərbaycan gənci bu gün nə dərəcədə vətənpərvərdir?

-Tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan gənci kifayətqədər vətənpərvərdir. Çünki həyata keçirilən dövlət gənclər siyasəti həm də buna hesablanıb. Ümumiyyətlə, gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər bir dövrdə dövlətin əsas priortetlərindən olub. Düzdür, etiraf etmək lazımdır ki, bu məsələyə müəyyən zaman kəsiyində az və ya çox diqqət yetirilib. Azərbaycan tarixində ikinci dəfə, 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra demək olar ki, bütün sahələrdə bir boşluq, problemlər vardı. Bura gənclərlə iş sahəsini də aid etmək olar. Azərbaycan gənci bu illərdə sanki başsız qalmış, hara getdiyini, hədəfi, məqsədi nə olduğunu bilmirdi. O zamanki hakimiyyətlərin gənclərin potensialından yetərincə istifadə edə bilməməsi, yaxud gənclərin irəli çəkilməsi üçün yetərli şəraitin yaradılmaması onların yad, xarici təsirlərə düşməsinə gətirib çıxarırdı. Xarici təsirlərə düşən gənclərdə isə Vətənə, millətə qarşı bir biganəlik hissi yaranırdı. Hətta o illərdə hərbi xidmət yaşı çatmış gənclər torpaqlarımızın müdafiəsinə qalxmaq, ərazi bütövlüyümüzü qorumaq əvəzinə fərarilik edir, hərbi xidmətdən yayınırdı.

-Bəs bu istiqamətdə müsbət dönüş nə vaxt başladı?

-1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də müsbətə doğru dəyişiklik baş verdi. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu nəzərə alan ümummilli lider qısa zaman ərzində bu sahədə ciddi islahatlar həyata keçirdi, lazımı qərarlar qəbul etdi. Beləliklə, 1994-cü ilin iyul ayında ümummilli liderin müvafiq fərmanı ilə gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gənclərin I Forumunun keçirilməsi haqqında Sərəncam imzalaması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox mühüm bir addım oldu. Həmin forumda 2000-dək nümayəndə iştirak etmiş və problemlərin həlli istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Forum zamanı Heydər Əliyev öz çıxışında gənclər qarşısında duran əsas məqsədləri də göstərmişdi. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin Azərbaycan gəncliyinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu qeyd etmişdi. “Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir” sözləri artıq hər bir gəncin yaddaşına həkk edilmişdi. Ümummilli lider gənclərin qarşısında duran əsas vəzifələri onlara çatdırırdı: “Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir, Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Ümummilli liderin vəfatından sonra onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev də öz növbəsində gənclərlə iş sahəsinə ciddi diqqət yetirdi, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirdi. Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı onlarla fərman və sərəncam imzalandı, gənclər strategiyası qəbul edildi. Cənab prezidentin müntəzəm olaraq gənclərlə görüşməsi, onların təkliflərini dinləməsi dövlətin, dövlət başçısının gənclərə olan diqqət və qayğısının göstəricisi idi. Bu gün də cənab prezident gənclərə vətənpərvər ruhda böyüməyi, Vətəni sevməyi tövsiyyə edir.  Həmçinin dövlət başçısı yaşlı nəsil qarşısında da bu missiyanı qoyur: “Yaşlı nəslin borcudur ki, gəncləri milli ruhda böyütsünlər. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər.  Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur”.

-Bu gün qeyri-hökumət və gənclər təşkilatlarının bu istiqamətdəki fəaliyyəti qaneedici sayıla bilərmi?

-Əlbəttə ki, bu gün ölkədə fəaliyyət göstərən əksər qeyri-hökumət və gənclər təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məqsədyönlü tədbirlər keçirir, layihələr reallaşdırırlar. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istərsə də Gənclər Fondunun ayırdığı maliyyə vəsaiti hesabına QHT-lər və gənclər təşkilatlarının böyük əksəriyyətinin həyata keçirdiyi layihələr sırf gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir ki, bunu da yüksək qiymətləndirmək lazımdır. Ancaq bütün bunlarla yanaşı hələ görüləsi çox işlər var. Bu gün tam əminliklə, qətiyyətlə deyə bilmərik ki, gənclərin hamısı sırf vətənpərvərdir. Etiraf etmək lazımdır ki, xarici, yad ünsürlərin təsiri altına düşən gənclərimiz də var və onlarla daha çox iş aparmaq lazımdır ki, həmin gəncləri yad təsirlərdən uzaqlaşdıra bilək.

-Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, əsgər və zabitlərlə görüşməsi gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına necə təsir göstərir?

-Birmənalı şəkildə deyə bilərik ki, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi, hərbi qulluqçuları mütəmadi olaraq təltif etməsi gənclərimiz arasında vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərir. Eyni zamanda Ali Baş Komandanın bu addımı Azərbaycan Silahlı Qüvvələrində də bir ruh yüksəkliyi yaradır, onların döyüş əzmini artırır. Bu gün Azərbaycan Silahlı Qüvvələri ona göstərilən böyük diqqət və qayğının sayəsində işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad rtməyə tam hazırdır. İnanırıq ki, o gün uzaqda deyil. Biz də xaricdə yaşayan bir gənc olaraq Ali Baş Komandan müharibə əmri verəcəyi təqdirdə Vətənə gələrək Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində savaşa atılmağa hazırıq.

-Xaricdən söz düşmüşkən Rusiyada yaşayan və təhsil alan gənclərimizin vətənpərvərlik hisslərinin artırılması məqsədilə bu ölkədə hansı işlər görülür gənclərimizə diqqət ayrılırmı?

-Əlbəttə ki, hər bir gənc kimi biz Rusiyada yaşayan, təhsil alan gənclər də hər addımda dövlətin, onun müvafiq qurumlarının diqqət və qayğısını hiss edirik.  Xüsusilə mən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu istiqamətindəki fəaliyyətini ayrıca vurğulamaq istərdim. Məhz Leyla xanım Əliyevanın dəstəyi, yaxından diqqət və qayğısı nəticəsində Rusiyadakı gənclərimiz özünü bu ölkədə Vətəndəki kimi hiss edirlər. Onlara hər cür dəstək göstərilir, müvafiq şərait yaradılır. Eyni zamanda Azərbaycanın Rusiyadakı səfirinin birinci müavini Qudsi Osmanovun da bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir. O, mütəmadi olaraq Rusiyadakı fəal azərbaycanlı gənclərlə görüşür, onların üzləşdikləri problemlər, təhsil və yaşayış səviyyəsi ilə maraqlanır. Eyni zamanda gənclərə öz tövsiyyələrini verir. Bir sözlə Rusiyadakı azərbaycanlı gənclər dövlətin gənclərə olan diqqət və qayğısını həm Leyla xanım Əliyeva, həm də Qüdsi Osmanovun timsalında yaxından hiss edirlər. Bütün bunlar da bu ölkədəki azərbaycanlı gəncləri daha vətənpərvər olmağa sövq edir.

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv