“Yalnız Qəhrəmanın və şuşalı Nazimin meyitlərini çıxara bildik” - Daşaltı əməliyyatının təfərrüatları – Reportaj + FOTOLAR

“Yalnız Qəhrəmanın və şuşalı Nazimin meyitlərini çıxara bildik” – Daşaltı əməliyyatının təfərrüatları – Reportaj

Müəllif: Redaktor

Editor

Azərbaycanın müasir hərb tarixində “Daşaltı əməliyyatı” adı ilə yadda qalan hadisədən 25 il keçir.
Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında bitib. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü şəxsən rəhbərlik edirdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 96 nəfər itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Ermənilər bu əməliyyatda bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

25 il əvvəl Daşaltı əməliyyatında iştirak edən döyüşçülər də bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşkilatçılığı ilə baş tutan anım mərasimində müharibə veteranları, əlillər və Daşaltı əməliyyatında şəhid olan döyüşçülərin yaxınları iştirak edib. Əvvəlcə “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulub. Daha sonra Daşaltı əməliyyatı iştirakçlarının xatirəsinə qoyulan simvolik məzar ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Daşaltı əməliyyatının iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev həmin hadisələrlə bağlı Yeniçağ.az-a müsahibəsində bu əməliyyatda şəhid olanların xatirəsinin hər zaman hörmət və ehtiramla anıldığını deyib.

– Şəhidlər o zaman unudulur ki, onlar yad edilmir. Azərbaycan xalqı olaraq, şəhidləri unutmağa haqqımız yoxdur. 1990-cı il hadisələrinin şahidləri bilir ki, o zaman ab-hava başqa cür idi. O zaman bütövlükdə Azərbaycanın məhvi planı var idi. Çünki o dövr üçün Rusiya, İran, Ermənistan və eləcə də Gürcüstanın Azərbaycana qarşı siyasi iddialarının şahidi ola bilərdik.

Azərbaycanda meydan hərəkatının getdiyi dövrdə biz məsələ qaldırdıq ki, ordu yaradılmalıdır. Həmin vaxt “Şıxov briqadası” yaradıldı və bu hərbi birləşmə könüllülərdən ibarət idi. Ümumilikdə onu deyə bilərəm ki, o dövrdə olan hakimiyyət Azərbaycanda ordunun yaranmasını istəmirdi. Çünki silah-sursat yox dərəcəsində idi. Ancaq insanlarda böyük döyüş ruhu vardı.

Daşaltı əməliyyatında iştirak etmək məqsədilə bizim briqada Şuşaya yollandı. Biz ora çatanda gördük ki, toplar düzülüb. Döyüşçülərə “Zastava” deyilən ərazidə silahlar paylandı. Bakıdan ora əliyalın getmişdik. Əməliyyat zamanı silahların çoxu yararsız çıxdı. Taqımlar, bölüklər arasında heç bir rabitə yox idi. Düzdür, bir sıra insanlar bələdçilərin xəyanət etdiyini deyir. Amma mən bu fikirlə razı deyiləm. Çünki Şuşadan olan bələdçilərdən biri gözümüzün qarşısında şəhid oldu, digəri isə yaralandı.

Əməliyyat zamanı itki versək də, biz kəndə girdik. Döyüş zamanı erməniləri məhv elədik, evlər yandı. Ermənilərə köməyə gələn “kamaz” dolu hərbçiləri topla vururaq, darmadağın etdik. Şəhidlərimiz olsa da, biz döyüş əzmini itirmədik. Düzdür, Daşaltında briqadamız bütövlükdə məhv ola bilərdi, lakin tale elə gətirdi ki, sağ qaldıq. Təsəvvür edin ki, əməliyyat zamanı bizi Cıdır düzündən, Zastavadan, Şuşakənd və eləcə də Daşaltı kəndindən atəşə tutmuşdular. Lakin buna baxmayaraq, əsgərlərdən Qəhrəmanın və şuşalı Nazimin meyitlərini çıxara bildik.
Bu döyüşdə iştirak edənlər ilk könüllülər idi. Onlar şərəflə döyüşdülər və şəhid olan qardaşlarımızı unutmaq kişilikdən olmaz.

– O dönəmdə bir sıra əməliyyatların uğursuz olduğunu iddia edənlər, sonradan bunun “məğlubiyyət sindromu” yaratdığını qeyd edirlər. Bu, həqiqətənmi belə idi?

– Bilirsiniz ki, ermənilər bu işlərə illər uzunu hazırlaşıblar və onların məkrli planları hər zaman olub. Gorbagor Şaumyan deyirmiş ki, “türklərdə kortəbii vətənpərvərlikdir, amma ermənilər ssenari ilə hərəkət edir”. Yəni ermənilər illərlə təbliğat aparıblar, hətta soyadlarını dəyişib içimizə girməyi bacarıblar. Sualınıza qayıdaraq, onu deyim ki, əslində heç də biz “məğlubiyyət sindromu” yaşamadıq. Çünki bu əməliyyatdan sonra qalibiyyətli döyüşlərimiz oldu. Kərkicahan kəndi tərəfdən Xankəndindəki tikiş fabrikinə hücum etdik və ordan əsgərlər üçün xeyli sayda alt paltarlarını Şuşaya gətirdik. Sonrakı dövrdə Hadrutda bir neçə kənd azad edildi. Ağdərənin böyük bir ərazisi bizim nəzarətimizə keçdi. Xankəndinə demək olar ki, çatmışdıq. Belə uğurlu döyüşlərimiz oldu, sadəcə, bir sistemsizlik vardı, hakimiyyət ordunun yaradılmasını istəmirdi. Eyni zamanda kimlərsə də çalışırdı ki, hakimiyyətə gəlsin. Rəhim Qazıyev nazir olmaq istəyirdi. Tacəddin Mehdiyev qələbə çalıb, adını tarixə yazdırmaq istəyirdi ki, o da baş vermədi. Bax, belə bir qarışıq dövr idi. Lakin bütün hadisələr bizim döyüş ruhumuzu azaltmadı. Son aprel döyüşləri də bunu bir daha sübut etdi. Biz özümüz birbaşa döyüşlərdə iştirak etməsək də, sonradan işğaldan azad edilən yerlərə getdik. Lələtəpədən Şuşaya baxıb, köks ötürdük. İnanırsınız, bu gün də biz veteranlar döyüşə hazırıq. Gənclərin bu döyüşlərdə iştirakının tərəfdarı deyiləm.

– Müdafiə naziri Tacəddin Mehdiyevin şəxsən özünün rəhbərlik etdiyi əməliyyatın uğursuz alınmasının səbəbi nə idi?

– Birincisi, Daşaltı əməliyyatı eyni ssenari ilə 3-cü dəfə idi ki, keçirilirdi. Digər bir tərəfdən, həmin vaxt çox pis hava var idi və biz helikopterlə deyil, avtobuslarla gedəsi olduq. Onu da deyim ki, briqadanın şəxsi heyətinin bir hissəsi əvvəlcədən Şuşaya getmişdi. Bir zabit olaraq, əməliyyatın hazırlanmasında şəxsən iştirak etməmişəm. Lakin biz Şuşaya çatan kimi heç bir təlimat-filan olmadan döyüşə getdik. Şəxsən o zaman mənə dedilər ki, Daşaltı kəndi azad edilib və gedirik yaralılara kömək etməyə. Biz kəndə gedəndə evləri partlatmaq üçün “butulka”da yandırıcı maddə vermişdilər. Lakin sonra dedilər ki, evləri yandırmayın, ora Ermənistandan gələn qaçqınları yerləşdirəcəyik. Buna baxmayaraq, oradakı evlərə “butulka” atsaq da, heç onların çoxusu partlamadı. Elə Qəhrəman Qəhrəmanov da ona görə şəhid oldu. Çünki əməliyyatın məxfiliyi əvvəlcədən pozulmuşdu.
Bir məqamı da qeyd edim ki, bizim briqadanın tarixi müstəqilliyimizin tarixindən iki həftə böyükdür. Yəni, “Şıxov briqadası” yaradılanda müstəqillik aktı qəbul edilməmişdi. Daşaltı əməliyyatından əvvəl biz briqadada olanda xəbər gəldi ki, milislər Bakıda mitinqi dağıdırlar. Şəxsi heyətin yarısı maşınlarla “meydana” gəldi. Məhz bu fakta görə, o dövrün yuxarı dairələrində bizim briqada ilə bağlı mənfi fikir formalaşmışdı, deyərdim ki, bizim “fatihəmiz” artıq verilmişdi. İndiyədək neçə dəfə istintaq getsə də, bu fakt araşdırılmayıb. O vaxt hakimiyyətdə olan vəzifəli şəxslərdən heç kim dindirilməyib.

Daşaltı əməliyyatında şəhid olanların adları əbədiləşdirilməlidir. Onların ailərinə təsəlli üçün orden və medallar təqdim edilməlidir. Bu 25 il ərzində Daşaltında şəhid olanların xatirəsi üçün balaca bir daş qoyulub. Hər il deyirlər ki, bu abidə böyüdüləcək, amma heç bir nəticəsi yoxdur. O daşı da biz keçmiş döyüşçülərin hesabına qoymuşuq. İnanırsız, Bakı Şəhər İcra Hakimiyyəti o daşı ora yerləşdirməyə icazə vermirdi, heç kimin xəbəri olmadan gecə ikən özümüz aparıb qoyduq.

– Daşaltı əməliyyatında şəhid olanların abidəsinin elə Şəhidlər Xiyabanında qoyulması üçün müraciət etmisinizmi?

– Xeyr. Bəlkə də cavabı əvvəlcədən bildiyimiz üçün müraciət etmədik. İnşallah, yaxşı olar. Amma onu deyim ki, Azərbaycanda Şəhidlər Xiyabanı yeganə yerdir ki, bura utana-utana gəlirəm. Çünki bura alnıaçıq gəlmək lazımdır. Nə qədər biz hansısa rayonumuzun işğal günlərini qeyd edəcəyik? Olmazmı, qələbə günlərini qeyd edək? İnanın ki, qısa zamanda işğalda olan torpaqları azad etmək mümkündür. Şuşa heç zaman erməni torpağı olmayıb. Ermənilər çox gözəl bilir ki, biz o torpaqlara qayıdacağıq.

 

BƏXTİYAR
Yeniçağ.az

Foto Qalereya:

Xəbərlər, Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti