!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-ın 2018-ci il namizədi bəlli oldu - Cavab

!Reklam – Yazi

Hakim partiyanın təmsilçisi gələn il keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin yenidən irəli sürüləcəyini deyib.

Yenicag.Az xəbər verir ki, ölkə müxalifətinin nümayəndələri hakimiyyətin növbəti prezident seçkilərinə yeni namizədlə gedəcəyinə dair fikirlərini daha əminliklə bəyan etməyə başlayıblar.

Bu barədə Yenicag.Az-a açıqlama verən Müsavat başqanı Arif Hacılı hakimiyyətin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə başqa namizədlə gedəcəyini söyləyib:

“Görünür, hakimiyyət birinci şəxsin dəyişikliyinə hazırlaşır. Vitse-prezident institutunun yaradılması, prezident seçkilərinin müddətinin yeddi ilə qədər uzadılması, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması və ali icra hakimiyyəti strukturlarının ona tabe etdirilməsi prosesi göstərir ki, hakimiyyət 2018-ci il prezident seçkilərinə başqa bir namizədlə qatılmaq niyyətindədir. Ona görə də bu seçkilərə ciddi hazırlaşır və eyni zamanda, seçkilərlə bağlı narahatdır. Siyasi partiyalara, ictimai təşkilatlara və mediaya qarşı basqılar da təsdiqləyir ki, hakimiyyət 2018-ci il seçki prosesinin onun üçün heç də asan olmayacağının fərqindədir”.

Bu fikrə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Yenicag.Az-a açıqlamasında hakim partiyanın 2018-ci il prezident seçkiəlrində də İlham Əliyevin namizədliyini irəli sürəcəyini bildirib:

“Müxalifətin bununla bağlı iddialarında əsas məqam budur ki, gələn il də hakim partiya yenidən qələbə çalacaq. Yəni müxalifət bu gün özünün yox, hakim partiyanın nümayəndəsini qalib gələcəyini etiraf edir. Bunun özü artıq müəyyən bir nəticədir və onu göstərir ki, müxalifət cəmiyyətin əsas hissəsinin indiki hakimiyyətin fəaliyyətindən razı olması faktı ilə razılaşır. O ki qaldı namizədlə bağlı məsələyə, YAP-ın gələn il keçiriləcək qurultayında prezidentliyə namizədi irəli sürüləcək və yenidən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi gedəcək. İndiki prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən təqdir olunur, onun siyasi kursu Azərbaycanın uğurlarının motivini təşkil edir. Ona görə də gələn il indiki prezidentimizin namizədliyi yenidən irəli sürüləcək”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv